olkepress.com
olkepress.com

İbrahim Sel: Milyonlar töksələr də liberalizmi və faşizmi Azərbaycan cəmiyyətinə otuzdura bilməyiblər

20-11-2022, 13:48

İbrahim Sel: Milyonlar töksələr də liberalizmi və faşizmi Azərbaycan cəmiyyətinə otuzdura bilməyiblər
İbrahim Sel: Milyonlar töksələr də liberalizmi və faşizmi Azərbaycan cəmiyyətinə otuzdura bilməyiblər


İbrahim Sel: Moskvanın nəzarəti olmasa qlobal yırtıcılar qanımızı içəcəklər

Avrasiya Hərəkatı Azərbaycan təşkilatının rəhbəri, yazıçı-jurnalist İbrahim Sel ilə müsahibə

— Niyə fikirləriniz bir çoxları tərəfindən etirazla qarşılanır?
— İctimai fəal Zöhrə Abdullayevanın dediyi kimi, sosial şəbəkələrdə gündəlik analitiklərimizin, qlobal fikir yürüdən politoloqlarımızın, hərşeyşünas ekspertlərimizin və dejurnı filosoflarımızın sayı yağışdan sonra göbələk kimi artıb. Amma hansına baxırsan, hadisələrə ABŞ səfirliyinin mətbəxindən gələn hazır trafaretlər əsasında şərh verirlər. Məhz belələrinin sayəsində insanlarımız yaşadıqları dünyanın həqiqətlərinin yalnız cüzi hissəsini dərk edə bilirlər, yəni kobud desək, dünyanı köndələn başa düşürlər. Odur ki arada məsələlərə öz rakursumuzdan yanaşmalar açıqlamaq lazım gəlir. Onda da ortalığa vay düşür. Elə ki sosial şəbəkədə alternativ fikir söylənilir, həmin fikrin müəllifi haqda dərhal araşdırma başlayır. İlk olaraq onun qanını yoxlayıb aydınlaşdırırlar ki, pəəəh, bunun qanında erməni qanı varmış! Bioqrafiyasını araşdırıb görürlər ki, əvvəllər rus kəşfiyyatında işləyib, ehtiyata buraxılıb. Liberal camiə başlayır onun şəcərəsini artilleriya atəşinə tutmağa. Əsas məqsəd alternativ fikirli insanları ruhdan salıb sıradan çıxarmaqdır. Ay məlunlar, bəs siz necə demokratik cəmiyyət qurmaq fikrindəsiz ki, alternativ fikrə qətiyyən yer vermirsiz, fərqli düşünən adam sizdə avtomatik qıcıq və nifrət yaradır? O dediyiniz demokratik, azad cəmiyyəti beləmi quracaqsız? Bunlardı demokrat? Necə demokratdılar ki, qarşı tərəfin fikrini qəbul etmirlər? Bax mən diktatura fanatıyam, mənə olar, mənim qarşı tərəfin fikrini qəbul etməməyim başadüşüləndir. Axı siz özünüzə demokrat adı qoymusuz, hər addımda demokratik cəmiyyət quracağınızı bildirirsiz, plüralizmi, fikir azadlığını əldə bayraq etmisiz. Nə yeyirsiz, nə çəkirsiz ki, azca kənar fikir, fərqli versiya eşidən kimi proqramınız pozulur, o saat həmin kommenti silib, adamı da bloka atırsız ki, bizdə bu fikrə yer yoxdu, plakatda təkcə mənim yazım olmalıdı! Niyə belədi? Çünki bunların heç əsl demokratiyadan xəbərləri də yoxdu. Özlərinin 90-cı illər konyukturalarına öyrəşiblər. Elçibəyin başına yığışmış xuntaçılar daim özlərindən savadlı, dünyagörüşlü, bacarıqlı insanları günahlandırıb, tənqid edib, ələ salıb bundan həzz alıblar, Elçibəyin indiki davamçıları da bu yolla gedir. Hərəsinin 10-20 saxta profili var. Bəzən özləri söhbət açıb, özləri cavab verib, öz aralarında diskussiya qurub, düt-deyincə fikirlərini təsdiqləyib, axırda da fısdan düşüb, gərnəşərək yatmağa gedirlər. Bütün bu proses də xalqa kütləvi fikir kimi sırınır. Sosial şəbəkələrdə haqlı fikirlərin, doğru ideyaların aradan çıxarılması, boğulması üçün böyük iş qurulub. 30 il ərzində NATO kəşfiyyatının qulbeçələri ictimai fikri yönəltməyə çalışıb, yaratdığı kontingenti öz istiqamətində aparıb, yalan informasiyalardan dələduzluq və təbliğat məqsədilə istifadə ediblər. Ölkəmizdə onların təsirinə düşən bir xeyli insan var. Dünyanın nə qədər mürəkkəb olması onlarçün maraqlı deyil, əsas odur ki, özlərinə kompakt olan baxış bucağı formalaşdırıblar və ordan dünyanı müşahidə edirlər. Bunların qıjı konsepsiyasına daxil olmayan ideyalar isə əhəmiyyətli sayılmır.

— Bəs siz özünüz əks fikirləri niyə qəbul etmirsiz?
— Azərbaycandakı 80 faiz jurnalist və politoloqun düşüncələrindəki assosiasiyalarla mənim rakursum arasında diametral fərq var. Ən azından biz bəlalarımızın mənbəsini fərqli görürük. Açığı deyim ki, mən onlara kolxoznik, çoban kimi baxıram və çərənləmələrindən ürəyim bulanır. Bunlar mənim plintusumdan da aşağı adamlardı. Getsinlər taylarını tapsınlar. Bizim öz dəyərli kontengentimiz var ki, sədaqət, bağlılıq, tərəfdarlıq təsiri ilə birbaşa bizimlədirlər. Bəs edir. Opponentlərimiz olan politolq və jurnalistlər öz sərsəm liberal mülahizələrini öz çoban həmfikirlərinə yeridə bilərlər, bizim ayıq kontingentə yox. Qısası getsinlər kənarda otlasınlar. Onlar özlərinin liberal dünya modelinə möhkəm sarılıblar, bu mövzuda bir çox cəfəng mülahizələr irəli sürürlər, mən isə nəinki belələrindən iyrənirəm, belələrinin ağlına da şübhə ilə yanaşıram. Bunlar həmin politoloqlardır ki, o vaxt deyirdilər çinliləri küçədə rast gələndə çırpaq, çünki orda uyğurlarımızı incidirlər, çoxu da onlara ləbbeyk deyirdi. Deməyim odu ki, çoxluğun dediyi həmişə həqiqət olmur. Ümumiyyətlə mən ola bilsin bu məsələlərdə geridə qalmış adamam, amma demokratik fikri heç qəbul etmirəm. Xəstəxanaya baş həkimi xəstəxananın personalı istəsə də seçə bilməz, çünki harda demaqoq var əlinə paya alıb öz adamlarını seçdirəcəklər ki, ordan sənəd keçirsinlər. Kənddə bələdiyyəni də camaat özü seçə bilməz, hansı tayfa qoluzorludur, sırtıqdır, bespredeldir - o özünkünü seçdirəcək. Xalqın seçiminə qalsa dünya çoxdan məhv olar, necə ki məhv də olur. Demokratiya - bəşəriyyəti məhvə sürükləmək üçün ortaya atılmışdır. Odur ki biz öz fəaliyyətimizdə despotik yanaşmalara üstünlük verəcəyik. Elə məhz bunun sayəsindədir ki, sıralarımıza hər gün yeni-yeni mətin insanlar qoşulmaqdadır.

— Son zamanlar avrasiyaçılığa marağın artmasının və dediyiniz kimi sıralarınızın get-gedə genişlənməsinin səbəbi sizcə nədir?
— Biz təfəkkürlü insanları sıralarımıza dəvət edirik. Çoxlu insanlarla, xüsusən də sosial şəbəkələrdə ünsiyyətdə oluruq və münasib bildiklərimizi təşkilatımıza qoşulmağa çağırırıq. Hərdən kütləvi şəkildə müraciətlər də edirik. Dəvət – Allahın adıdır və mən şəxsən bunda heç bir pis cəhət görmürəm. Necə deyərlər, bizim işimiz seçim vermək, sizin də işiniz bəyənib, ya bəyənməməkdir. Biz insanları dəvət edərkən avrasiyaçılığın metafizikasından gələn ənənələrə bağlılığı, dinə hörməti, Qərbə nifrəti ortalığa qoyuruq, bu insanların xoşuna gəlir. Axı cəmiyyətimizin çox hissəsini məhz ABŞ-a, Qərbə nifrət birləşdirir. Bu xalqa milyonlar töksələr də nə amerikanizmi, nə də sionizmi sevdirə bilməyiblər, bu da böyük rol oynayır. İnsanlar görürlər ki, liberalizmə, amerikançılığa bizim sıralarımızda yer yoxdur. İnsanlar görürlər ki, bu saxta dünyada elə ən düzgün və real mövqe avrasiyaçılıqdı. Buna görə də məmnuniyyətlə bizim sıralarımıza qoşulurlar.

— Deyirsiz ki, liberalizm, Qərb dəyərləri bizim cəmiyyətə oturuşmadı. Sizcə niyə belə oldu?
— Bu cür vəziyyətlər türk və şiə cəmiyyətlərinin hamısına xasdır. Liberalizm, faşizm və Qərbin gətirdiyi digər yabanı istiqamətlər tarixən roma-yunan sivilizasiyasına bağlı olan avropoid xalqlar tərəfindən daha tez mənimsənilir, onlara daha çox siyarət edir. Biz isə tarixən Qərblə müharibə və mübarizə vəziyyətində olmuşuq. Rusiya kimi bizə də bütün təhlükələr daim Qərb tərəfdən gəlib. Aleksandr Duqinin xarakteristikası ilə desək, Azərbaycan kimi türklərin və şiələrin çoxluq təşkil etdiyi cəmiyyətlərdə Qərbin məhsulu olan modern paradiqması hətta hökumət məmurlarında, varlılarda, mədəniyyət və incəsənət adamlarında belə ikrah yaradır, əks-reaksiya verir, belə ki bizim türk-şiə cəmiyyəti tarixən arxaik premodern paradiqmasına köklənib. Belə situasiyanı Duqin arxeomodern adlandırır. Bizi Rusiya cəmiyyəti ilə məhz bu yaxınlaşdırır. Erməni və gürcü cəmiyyətləri ilə müqayisədə Azərbaycan cəmiyyətinin üstünlüyü də məhz bundadır.

— Azərbaycan avrasiyaçıları ilə kommunistləri arasında görüş keçirildi və aranızda Alyans yarandı. Bu alyansı Azərbaycanda müasir dövrün yeni siyasi gücü kimi qiymətləndirmək olarmı?
— Bu görüşdən köhnə kişilər, sıravi insanlar sevinsələr də, qərbçi camiə təşviş keçirdi və narahatlığını müxtəlif formalarda izhar elədi. Biz bir daha sübut etdik ki, Azərbaycanın əbədi xoşbəxtliyi Rusiya ilə bağlıdır. Axı Qərbin bizə nə xeyri oldu? Qərb ölkəmizə dürtülərək Sovetin burda yaratdığı saysız-hesabsız zavod və fabriklərimizi dağıtdı, təsərrüfatımızı kuftankuf etdi, mədəniyyətimizə və mentalitetimizə ağır zərbə vurdu. Bu gün məhz biz avrasiyaçılar və kommunistlər köhnə rus təsərrüfatçılığının bərpası, dəyərlərimizin qaytarılması, mədəniyyətimizin yüksəldilməsi ideyalarının daşıyıcılarıyıq. Biz eksklüziv azərbaycançılıq modeli təklif edirik, ona görə də bizi xoşlamırlar. Bizim hələ 20 il qabaq Azərbaycanda yetirdiyimiz siyasət indi hökumət tərəfindən həyata keçirilir. Azərbaycanın Avrasiya Birliyinə inteqrasiyası hava və su kimi vacibdir. Xalqımızın gələcək taleyi bundan asılıdır. Məhz bu rakursdan bəli, bizi yeni dövrün təşkilatı, zəmanənin hərəkatı saymaq olar. Bu gün bizə satqınlar, dövlətçiliyin düşmənləri deyənlər bizə gələcəkdə vətənpərvərlər, xalqın oğulları deyəcəklər. Zaman bütün suları duruldacaq. Yazıçı Henri Ceymsın sözləri ilə desək, çox böyük tarix lazımdır ki, bir az ədəbiyyat alınsın. Bu gün siyasi meydana girənlər Qərb trafaretləri ilə çərənçilik edənlər, naftalin iyi verənlər, 30 ildi eyni çuşka söhbətlərini tirajlayanlar yox, pozitiv ssenarilər verənlər, konkret yaradıcı inisiativlə çıxış edənlər, orientiri Rusiyaya yönələnlər olmalıdır. Hal-hazırda xalqımız çaşqın və əzgin vəziyyətdədir, ona həmrəylik və dəyanət lazımdır. Xalqımıza gələcəyə inamı yalnız Rusiya verə bilər. Rusiyadan ayrı qalsaq, kənarlaşmağa çalışsaq qlobal güclər bizi məhv edəcək. Bu dəfələrlə deyilib, sübut olunub. ABŞ və Fransa Rusiya sülhməramlılarının Qarabağdan çıxdığı günü gözləyirlər ki, yırtıcı caynaqları ilə bizi parçalasınlar. Xalqımız Qərb cəsuslarının yaydığı propaqandanın felinə uymamalı, hər şeyi dərindən götür-qoy etməlidir. Bizi güclü edən Rusiya ilə əlaqələrimizdi. Azərbaycanlıların real tarixi dövləti 300 il Rusiya dövləti olub. Azərbaycan mədəniyyəti Rusiya mədəniyyəti bazasında formalaşıb. Azərbaycan təhsili ümumiyyətlə olmayıb, bizə təhsili Rusiya verib. Bax bu gün bizi bu tarixi köklərimizdən ayırmağa çalışırlar. Azərbaycanın təbii, etibarlı və sərfəli əlaqələri Rusiya ilə əlaqələridir. Bu əlaqələri kökündən baltamağa çalışırlar. Çünki Rusiyadan qoparaq onunla düşmən münasibətə keçəndə avtomatik olaraq anqlosaksonların asan şikarına çevrilirik. Onlar neftimizi pulsuz daşıyıb aparırlar, özümüzü də qul halına salırlar. Bizi bu hala salmaq, indiki formaya gətirmək üçün böyük polittexnologiyalar həyata keçirilib. Bunu Valeri Korovin öz tədqiqatlarında geniş açıb göstərir. O bildirir ki, bizə 30 ildir ciddi-cəhdlə yeridilən qloballaşma insanı öz təbii yolundan, real köklərindən ayıraraq atomlaşdırır. İnsan əvvəlcə bir növ öz xalqından kənarlaşdırılaraq təkləşdirilir, sonra isə hamını eyni qəlibə salıb kütlələşdirmə prosesinə start verilir. Qlobal güclər səni mətin və dəyanətli xalq kimi yox, idarə olunan sürü kimi görmək istəyir. Sovet vaxtının yetkin, inamlı, deyib gülən azərbaycanlılarını qloballaşma bu yolla indi bir tikə çörəyə möhtac, problemlər içində üzən əsəbi azərbaycanlılara çevirib. Çünki dünyaya hegemonluq etmək istəyən ABŞ öz yolu üstündə düşünən və ayıq xalq yox, problemlərdən başı qaçmış individiumlardan ibarət kütlə görmək istəyir. Alen de Benua bu tip insanı “istehsal və istehlak mənbəyi” adlandırır. ABŞ yaratmaq istədiyi qlobal imperiyanı da məhz yerlərdə formalaşdırdığı bu cür boz kütlələrin hesabına yaradacaq. Ey Azərbaycan xalqı, sən nə qədər ki Rusiyanı söyəcəksən, bu yırtıcıların əlində qalacaqsan. Rusiyanın ətəyindən yapış, onda bu yırtıcıları əlindən qurtarıb rifah və əmin-amanlıq tapacaqsan. Sirr də budur. Ona görə də antirus təbliğatını get-gedə gücləndirirlər ki, Azərbaycan xalqının yaxası daim bu yırtıcıların cəngində qalsın. Həzrət Əli deyirdi ki, xalq öz düşüncə və niyyətlərinə görə cəzalandırılır. Ona görə də biz öz düşüncələrimizə yenidən baxmalı, niyyətlərimizi dəqiq müəyyənləşdirməliyik.

— Rusiya ilə eyni ittifaqa girməyimiz müstəqilliyimizin itirilməsi ilə nəticələnə bilərmi?
— Məgər biz Sovet dağılandan bəri real müstəqillik görmüşük ki? Xalqın başını qondarma informasiya sirkulyasiyası ilə qatırlar, amma real vəziyyət isə başqadır. Biz 30 il ərzində Qlobal İmperiyanın subyektlərindən biri olmuşuq. Müstəqil ölkə - müasir müstəmləkələrin adı elə belə olur. Azad bazar iqtisadiyyatı deyilən bəla Azərbaycan xalqının axırını çıxdı, yırtıcı kapitalizm onu yarımcan hala saldı. 30 il ərzində bank sələmi xalqımızın başına hansı müsibətləri gətirmədi? Nə qədər ailələr dağıldı, nə qədər insanlar özünü asdı, intihar etdi. Bizə təkcə gen-bol allı-güllü Qərb dəyərləri yedizdirirlər, yalançı vədlər verirlər, amma bir qrup öz adamlarından başqa hamı əsir-yesir hala salınıb, bir tikə çörəyini dişi-dırnağı ilə qazanır, insanlar çərləyib, ömrü-günü çürüyüb. Azərbaycan xalqı əsl müstəqilliyini Rusiyanın təhlükəsizlik çətiri altında tapacaq. Moskvanın nəzarəti olmasa bunlar bizim qanımızı içməkdə davam edəcəklər.

— İdeyalarınız qələbə çalacağına əminsinizmi?
— Biz səbrlə öz hədəfimizə doğru gedirik. Zərdüşt peyğəmbərin də fikirlərini ilk əvvəl cəmiyyət qəbul etmirdi, onu hər yerdə iqnor edərək qovurdular. İlk on il ərzində Zərdüşt təkcə bir nəfəri – öz əmisi oğlunu dininə gətirə bilmişdi. Lakin sonra Zərdüştün ideyaları Kəyani şahının xoşuna gəldi və nəticədə bütün ölkə zərdüştlüyü qəbul etdi. Bizim 600 üzvümüz, on minlərlə tərəfdarımız, bir neçə yüz min oxucumuz var. Hələ ki bu bizə kifayətdir. Düşünürəm ki, təşkilat sədri kimi xalqın adından danışmağa mənə bəs edir. Hər halda Azərbaycan masştabında tam kifayətdir. Çünki mən fikir verirəm, son 30 ildə xalqın adından danışan partiya sədrlərinin partiyalarında özlərindən başqa heç iki cüt bir tək adam da yoxdur. Amma xalqın adından gen-bol manipulyasiyalar edirlər. Hardasa 20 il qabaq biz bu işləri qaydaya salmağa başlamışıq, istiqamətlərimizi müəyyənləşdirmişik, hər şey öz axarınca gedir. Tərəfdarlarımızı da əmin etmək istəyirəm ki, qələbə bizimlədir. Vodoley erasının xüsusiyyəti belədir ki, biz hökmən qələbə çalacayıq. Çünki Vodoley erasında androkratik qəhrəmanlar daim xtonik ünsürlərə qələbə çalırlar. Bu nə bizim güclü olmağımızdan, ya da opponentlərimizin zəif olmasından asılı deyil, Vodoley erasının nişanı budur. Allah özü istəyir ki, biz qələbə çalaq. İşıq ordeninə balet edənlərə bunu demək istəyirəm. Sizi əmin edirəm. Meydan bizim olacaq. Biz qara qüvvələrin hamısını silib süpürüb atacayıq. Onların yeri tarixin zibil yeşiyi olacaq. Bir daha Rusiyaya inananları sıralarımıza dəvət edirəm.

Hazırladı: Aqil Adiloğlu "Xəbər saatı"


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi