Ermənistanın ekoterroruna son qoyulsun! - Beynəlxalq təşkilatlara müraciət
Qəmzə Yusubova: “Ermənistan bütün beynəlxalq konvensiyaları kobudluqla pozur”
Azərbaycan Respublikasında fəaliyyət göstərən daha 29 vətəndaş cəmiyyəti təşkilatı Birləşmiş Millətlər Təşkilatına (BMT) və beynəlxalq ictimaiyyətə müraciət edib.
Müraciətdə Ermənistan Respublikasının dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində yaranan, Yer kürəsinin ekosisteminə regional və qlobal təsir göstərən ekoloji fəlakətə təcili diqqət yetirilməsi tələb olunur.
Müraciəti imzalayan QHT sədrlərindən biri, Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri Qəmzə Yusubova "Xalq Cəbhəsi"nə deyib ki, Ermənistan tərəfindən hava və suyun çirkləndirilməsi nəticəsində insanların sağlamlığı və ətraf mühitlə bağlı çox ciddi narahatlıq var və bu bizi çox düşündürür. Ermənistanın dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində nəinki Azərbaycan, Ermənistan, bütünlüklə region çox ciddi ekoloji təhdid altındadır: "Biz düşünürük ki, BMT və digər beynəlxalq təşkilatlar səsimizə səs verəcək və Ermənistanın heç bir beynəlxalq norma və standartlara, şəffaflıq təmin edilmədən göstərdiyi fəaliyyətə biganə qalmayacaqlar. Çünki, Ermənistanın bu kimi çirkin fəaliyyəti nəticəsində su hövzələrimiz və ətraf mühitə çox ciddi problemlər yaranır. Bütün bunlar insan sağlamlığına ciddi təsir göstərməklə yanaşı sağalmaz xəstəliklərin yaranmasına səbəb olur. Azərbaycanda fəaliyyət göstərən bir çox QHT Arazdəyəndə iri metallurgiya zavodunun tikintisinin başlanmasına etiraz bəyanatı imzaladı. Onun ardınca dağ-mədən sənayesində yaranan problemlərlə bağlı Paşinyana açıq məktubla müraciət etdik. Bu dəfə beynəlxalq təşkilatlara müraciət etdik ki, Ermənistanın ekoterrorunun qarşısını almaqda səsimizə səs versinlər. Ermənistanın dağ-mədən sənayesinin inkişafı nəticəsində hava, su, insan sağlamlığı təhlükə ilə üzləşir. Bu təkcə region yox, bütün bəşəriyyəti üçün təhlükə deməkdir. Ekoloji problem sərhəd tanımır, hər hansı bir ölkənin ekoloji problemi onun sərhəddində qurtarmır, hava, su hövzələri vasitəsilə qonşu ölkələrə keçir, yayılır və bəşəriyyət üçün ciddi təhlükəyə çevrilir".
QHT sədri onu da qeyd edib ki, sənaye müəssisələrinin plansız, nəzarətsiz, heç bir şəffaflıq qorunmadan fəaliyyəti nəticəsində insan sağlamlığına, ekosistemə ciddi təsiri var. Bu tullantılar Ermənistandan Həkəri, Oxçuçayı vasitəsilə Araza axıdılır ki, bu çaydan da suvarma sahəsində istifadə olunur. İçməli su təchizatlarlna dəyən ziyan isə birbaşa insan sağlamlığına ciddi təsir göstərir. Bütün bunlar regionda ciddi fəsadların yaranmasına yol aça bilər: "Hazırda Ermənistan Avropa İttifaqının Şərq tərəfdaşlığı ölkələrində yaşıl sənayenin inkişafı üçün böyük qrantlar alır. Biz həmin təşkilata müraciət edirik ki, həmin vəsait ekoloji tarazlığın pozulmasına, regionu təhlükə ilə üz-üzə qoyulmasına yox, təyinatı üzrə xərclənməsinə nəzarət etsin".
Q.Yusubova onu da vurğulayıb ki, Ermənistan BMT-in bir sıra konvensiyalarının, o cümlədən “Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında” Konvensiyasının, “Su və sağlamlıq haqqında” protokolunun, o cümlədən, BMT-nin “Avropa İqtisadi Komissiyasının Təhlükəli tullantıların transsərhəd daşınmasına və utilizasiyasına nəzarət” haqqında Bazel Konvensiyasının, “Uzunmüddətli transsərhəd havanın çirklənməsinə dair” Konvensiyanın, “Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə Avropa İqtisadi Komissiyası” Konvensiyasının (Espoo Konvensiyasının) tələblərini, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini, Biznes və İnsan Hüquqları üzrə BMT-nin Rəhbər Prinsiplərini və s. kobud şəkildə pozur: "Bir neçə fakt gətirim. 270 milyon kvadratmetr ərazini əhatə edən və mədən tullantıları hovuzu kimi istifadə olunan Artsevanik su anbarı bütün region üçün ciddi təhlükə yaradır. Ermənistanın Qafan mədən kompleksi daxilində 4,6 milyon kvadratmetr ərazini əhatə edən Qutqum (Qeqanuş) mədən tullantıları yatağı region üçün ciddi təhlükə yaradır. Əkərək (Aqarak) Mis-Molibden kombinatının tərkibində ağır metallar olan mədən tullantıları Kərçivançay vasitəsilə Araz çayında çirklənmə problemini daha da artırır.
İldə təxminən 10.000 unsiya qızılın emal edildiyi Göyçə (Sevan) Daşdəm Qızıl Mədənində davam edən əməliyyatlar davamlı çirklənməyə səbəb olub və zəhərli çirkab suları yaxınlıqdakı çayları, o cümlədən Bərgüşad (Vorotan) çayını çirkləndirib. Bərgüşad çayı da öz növbəsində transsərhəd Araz çayına tökülür.
Ermənistanın Lori bölgəsində Axtala mədəni ildə təxminən 5 min ton mis və qurğuşun hasil edir ki, bu da yaxınlıqdakı Tona (Debed) çayının çirklənməsinə səbəb olur. Tona çayı daha sonra Kür çayına tökülür. Axtala mədəni 2017-ci ildə Ermənistanın vətəndaş cəmiyyəti, ekoloji fəallarının təzyiqlərinə nəticəsində hökumət tərəfindən ekoloji narahatlıqlara görə bağlanıb, lakin təəssüf ki, o, 2020-ci ildə istismarı bərpa edilib.
İldə təxminən 1,5 milyon ton filiz hasilatı ilə manqan filizi, manqan dioksidi və digər manqan məhsullarının istehsalına cavabdeh olan Qafan Manqan Zavodu Cənubi Qafqaz regionu üçün mühüm içməli su mənbəyi kimi istifadə olunan yaxınlıqdakı Bərgüşad çayını əhəmiyyətli dərəcədə çirkləndirir.
Mis, sink və qurğuşun istehsalı ilə məşğul olan Ellər (Qotayq) metallurgiya zavodu mühüm içməli su mənbəyi olan Arpaçayın mis, qurğuşun və kadmium kimi ağır metallarla çirkləndirilməsinə səbəb olur. Bu, ilk növbədə kükürd dioksidi, azot oksidləri və hissəciklərinin daxil olduğu havanın ciddi şəkildə çirklənməsi ilə insan sağlamlığına zərərli təsir göstərir.
İldə təqribən 100 min ton mis emal edən Göyçə (Geqarkunik) Mis Əritmə Zavodu atmosferə əhəmiyyətli miqdarda kükürd qazı və digər çirkləndiricilər buraxır. Bu, havanın çirklənməsinə və turşulu yağışların yaranmasına səbəb olur.
Azərbaycanla Ermənistanın sərhəddində - Arazdəyən (Yerasx) adlı ərazidə həyata keçirilən nəhəng metallurgiya zavodunun tikintisi dayandırılmalıdır. Bu zavodun zəhərli kimyəvi tullantılarının yerli ekosistemə potensial təsiri böyük olacaqdır. İçməli su təchizatının bu cür çirklənməsi sərhədyanı ərazilərdə yoluxucu xəstəliklərin yayılma riskini artırır, həm Azərbaycana, həm də Ermənistana təsir edən əhəmiyyətli ictimai səhiyyə böhranı yarada bilər.
Amuldağ (Amulsar) qızıl yatağında aparılan əməliyyatlar nəticəsində tərkibində ağır metallar olan mədən tullantıları Qafqaz dağlarında eroziya prosesini xeyli sürətləndirir.
Bunlar sənaye müəssisələrinin çirkab suları suda yaşayan canlılar aləminə mənfi təsir göstərir, həm ekosistem, həm də insanlar üçün ciddi təhlükə yaradır".
QHT sədri Ermənistanda dağ-mədən sənayesi ekoloji norma və standartların əksəriyyətini, habelə BMT Konvensiyalarını pozurdiğunu da deyib.
Qeyd edib ki, BMT-nin Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında Konvensiyası - 17 mart 1992-ci ildə qəbul edilmiş Helsinki Konvensiyası ümumi su obyektlərin, beynəlxalq göllərin mühafizəsi və istifadəsinə yönəlmişdir. Konvensiya qəbul edir ki, insan fəaliyyəti nəticəsində transsərhəd sularda baş verən dəyişikliklər ətraf mühitə hər hansı əhəmiyyətli mənfi təsir etdiyi zaman tərəflər danışıqlar aparmalıdır. Bununla belə, Ermənistan transsərhəd su axarlarına ekoloji ziyan vurmaqla, bu Konvensiyanın qaydalarını və prinsiplərini pozur.
Ermənistan imzaladığı BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında Konvensiyasının tərkib hissəsi olan “Su və sağlamlıq haqqında” protokolu pozur.
BMT-nin Avropa İqtisadi Komissiyası təhlükəli tullantıların transsərhəd daşınmasına və utilizasiyasına nəzarət haqqında Bazel Konvensiyasının əsas məqsədi insan sağlamlığını və ətraf mühiti təhlükəli tullantıların mənfi təsirlərindən qorumaqdır. Konvensiyaya imza atan Ermənistan yuxarıda qeyd olunan dağ-mədən sənayesinin təhlükəli tullantıları ilə ətraf mühitə zərər vuraraq konvensiyanın tələblərinə əməl etmir;
Uzunmüddətli transsərhəd havanın çirklənməsinə dair BMT Konvensiyası havanın çirklənməsi siyasətinin beynəlxalq koordinasiyasına dair çərçivə təmin edir. Konvensiyanın və onun protokollarının ratifikasiyası və həyata keçirilməsi bir çox tərəflər üçün sağlamlıq və ətraf mühitə təsirləri birtərəfli tədbirlərlə daha səmərəli şəkildə azaltmaq məqsədi daşıyır. Ermənistan indiyədək apardığı mədən sənayesi işləri ilə bağlı atmosferin uzunmüddətli çirkləndirilməsi ilə əlaqədar danışıqların aparılması üçün təşəbbüs göstərməyib. BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyası (Espo Konvensiyası) da Ermənistan tərəfindən pozulan sənədlərdən biridir.
Ermənistan bu ekoloji cinayətləri törətməklə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini, xüsusən də “Yaxşı Səhiyyə və Rifah” üzrə 3-cü, “Təmiz Su və Sanitariya” üzrə 6-cı, “Məsuliyyətli İstehsal və İstehlak” üzrə 12-ci, “İqlim dəyişikliyinin nəticələri ilə mübarizə” üzrə 13-cü və “Yer Ekosisteminin Mühafizəsi” mövzusunda 15-ci hədəflərin də əleyhinə çıxır: "Orhus Konvensiyası ətraf mühit məsələlərində informasiyaya çıxışın, ictimaiyyətin iştirakının və ədalətin təmin edilməsində mühüm rol oynayır. Bu Konvensiyanı imzalayan Ermənistan zərər çəkmiş regionun əhalisinin mədən fəaliyyəti, qərarların qəbulu proseslərində iştirakı və ətraf mühitə dəyən zərərin aradan qaldırılması yolları haqqında məlumat əldə etməsini təmin etməklə, öz öhdəliklərini yerinə yetirməlidir.
Biz beynəlxalq norma və prinsiplərin pozulmasını nəzərə alaraq, BMT və digər beynəlxalq, regional təşkilatları Ermənistanın davam edən ekoloji pozuntularına son qoymağı təmin etməyə, yuxarıda sadalanan ekoloji fəlakətlərə adekvat reaksiya verməyə çağırırıq".