CASCFEN daha bir yaddaqalan tədbirə imza atdı
“Müasir türk biliyinə açılan qapı -Naxçıvan Sazişi” adlı konfrans maraqlı çıxışlarla yadda qaldı
Oktyabrın 3-də Naxçıvanda “Müasir türk birliyinin kommunikasiya əsasları” layihəsi çərçivəsində “Müasir türk birliyinə açılan qapı - Naxçıvan Sazişi” adlı konfrans keçirilib.
Konfransdan öncə Türkiyədən və Bakıdan olan qonaqlar, həmçinin Naxçıvan ictimaiyyətinin nümayəndələri Ulu öndər Heydər Əliyevin abidəsi önünə çiçək qoyub, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Naxçıvandakı Heydər Əliyev Muzeyində eksponatlara baxışdan, həmçinin Naxçıvan Şəhidlər Xiyabanı və Türk Şəhidliyi ziyarətdən sonra konfrans öz işinə başlayıb.
Türkiyədən qonaqların, həmçinin Naxçıvandan rəsmi şəxslərin və Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş konsulu Asip Kaya və konsulluğun digər təmsilçilərinin iştirakı ilə keçirilən konfransı giriş sözü ilə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri, Əməkdar Jurnalist Nadir Azəri açıb.
O, qeyd edib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə kiçik qrant müsabiqəsinin qalibi olan CASCFEN “Müasir türk birliyinin kommunikasiya əsasları” adlı layihənin icrasını davam etdirir:
“Bu konfrans da məhz layihə çərçivəsində keçirilir. Düz 15 il öncə bu tarixi diyarda, Naxçıvanda imzalanan Sazişlə müasir türk birliyinin əsası qoyuldu. Sevindirici haldır ki, 15 illik yubiley həm də gözəl Naxçıvanımızın Muxtariyyatının 100 illiyinə təsadüf edir. İcazə verin bu layihəyə dəstəyə görə Azərbaycan dövlətinə, QHT-lərə Dövlət Dəstəyi Agentliyinə, o cümlədən bizə xüsisi diqqət və qayğıya görə Naxçıvan Təhsil Nazirliyinə, Gənclər Fonduna, Naxçıvan Müəlimlər İnstitutuna təşəkkür edim. Var olun. Əminəm ki, bu layihəmiz cənab Prezident İlham Əliyevin “Bizim ailəmiz türk dünyasıdır” çağırışına bir dəstək xarakteri daşıyacaq və uzun müddət yadda qalacaq”.
Sonra ulu öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, həmçinin türk dünyası şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni və Türkiyənin İstiqlal Marşı oxunub.
Daha sonra layihə üzrə ekspert, Pedaqogika üzrə fəlsəfə doktoru, Naxçıvan Müəllimlər İnstitutunun dosenti Ruhəngiz Əliyevanın moderatorluğu ilə davam edən konfransda Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Xalq Artisti Polad Bülbüloğlunun və parlamentin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədir Fazil Mustafanın konfransa ünvanladıqları təbrik məktubları oxunub.
Sonra konfrans işii çıxışlarla davam etdirib. Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, Naxçıvan Ali Məclisinin deputatı Azad Novruzov, Türkiyənin Azərbaycandakı keçmiş hərbi ataşesi Dr. Yücel Karauz çıxış edərək Naxçıvan Sazişinin əhəmiyyətindən, müasir türk birliyinin güclənməsində Azərbaycanın oynadığı roldan bəhs ediblər. Natiqlər belə bir layihənin həyata keçirilməsinin türk dünyasının gəncliyinin tariximizi daha dərindən bilməsi üçün dəstək olduğunu da qeyd ediblər.
Konfransda həmçinin Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıçın və Türkiyənin Milli Savunma Universiteti Kara Harp Okulunun dekanı Doç. Dr İbrahim Etem Atnurun videoçıxşları dinlənilib.
Sonda layihə çərçivəsində Naxçıvan məktəbliləri arasında mövzu ilə bağlı keçirilən fərdi inşa yazı müsabiqəsinin 10 finalçısı və üç qalibi mükafatlandırılıb. Həmçinin konfransa dəstək verən şəxslərə plaket və təşəkkürnamə təqdim edilib.
Sonda xatirə fotosu çəkilib.