Bakı, Abşeron və Mingəçevirdə kiberdələduzlar saxlanılıblar
Polis əməkdaşları tərəfindən kibertalama və kiberdələduzluq hallarına qarşı mübarizə tədbirləri davam etdirilir.
Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 29 noyabr tarixində xəbər verir.
Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları bank kartlarından oğurluq edən daha bir nəfəri - 50 yaşlı Rövşən Rəhimovu saxlayıblar.
Araşdırma zamanı onun bankomatların yanında dayanaraq “yardım” etmək adı ilə pul çıxaran vətəndaşlara yaxınlaşdığı, daha sonra onların kart məlumatlarını əldə etdiyi və hesabda olan vəsaitləri ələ keçirdiyi məlum olub.
Abşeron polisi isə bank kartlarından müxtəlif üsullarla oğurluqlar edən 23 yaşlı əvvəllər məhkum olunmuş Vilad Əliyevi saxlayıb. Onun ümumilikdə Abşeron rayonunun müxtəlif qəsəbələrində 5 nəfərin kart məlumatlarını ələ keçirərək pul vəsaitlərini taladığı müəyyən edilib.
Polis əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı bank kartlarından oğurluq edən Mingəçevir şəhər sakini, 27 yaşlı Ramil Salmanov da saxlanılıb. Onun ümumilikdə 5 nəfərə qarşı kiberdələduzluq əməllərinə yol verdiyi müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.