Naxçıvanda tibbi sığortadan yararlanmaq istəyənlərə müxtəlif maneələr yaradılır. Məsələn, Kəngərli Rayon Xəstəxanasında həftənin yalnız bir günü sığortadan yararlanmaq mümkündür. Həmin gün isə sığorta üçün cəmi 2 həkim xidmət göstərdiyindən, xəstəxanada uzun növbələr yaranır.Rayon sakini S. Mahmudov deyir ki, üç həftə ard-arda xəstəxanaya getsə də ona növbə çatmayıb:
"Xroniki xəstəlikdən əziyyət çəkirəm. Ayda ən az iki dəfə müayinədən keçməliyəm. Naxçıvanda xəstəxanaları pullu ediblər, həm də od bahasına. Tibbi sığortadan istifadə etməyə imkan vermirlər ki, xəstəxanalara pul ödəyək. Bizim rayonda həftənin cəmi bir günü sığorta ilə qəbul edirlər. İki həkim Şərur rayonundan gətirirlər, sığorta ilə ancaq onlar baxır. Onlar da 3-4 saat işləyib, çıxıb gedirlər. Uzun növbələr yaranır. Ağır xəstələr məcbur qalıb, ayaq üstə gözləyirlər. 3 həftədir gedirəm, növbə çatmır. Indi məcburam ki, pullu müayinə olunam. Bunun da bir dəfəsi 50-60 manata başa gəlir. 15 manat təkcə xəstəxanaya girişdir. Bir sözlə, Naxçıvanda tibbi sığortanın adı vardır, özü yox".
Culfa xəstəxanası isə, rayon qeydiyyatında olmayan xəstələrə sığortalı xidmət göstərməkdən imtina edirlər. Ordubad rayon sakini B. Abbasov deyir ki, bu yaxınlarda həyat yoldaşını təcili doğuş üçün Culfa Rayon Xəstəxanasına aparıb. Tibbi sığortalar olmasına baxmayaraq, doğuş üçün ondan 350 manat pul alıblar:
"Ordubad rayonunun Culfaya yaxın kəndlərinin birində yaşayırıq. Həyat yoldaşımın doğuş sancısı tutdu, təcili xəstəxanaya çatdırmaq lazım idi. Rayon mərkəzi bizdən çox uzaqdır. Ona görə də, bizə yaxın olan Culfa xəstəxanasına apardıq. Orada dedilər ki, Ordubadın sığortası bizdə keçmir, gərək Culfa qeydiyyatında olasız. Məcbur olub, 350 manatı verdik. Bu necə tibbi sığortadı ki, qonşu rayonda belə, onu qəbul etmirlər. Hər addımda milləti soyurlar".(Gündəlik Naxçıvan)
Ölkepress.com