“Konkret vəzifəli şəxslərin adları açıqlanmalıdır” - Deputat Razi Nurullayev korrupsiya ilə mübarizədən danışdı
“Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın üzvü seçilməsi münasibətilə hər bir həmkarımı təbrik edirəm və onlara bu şərəfli işdə uğurlar arzulayıram. Hesab edirəm ki, korrupsiya ilə çarpaz nəzarət mexanizmi olmadan effektiv mübarizə aparmaq mümkün deyil. Bu komissiyanın tərkibində siyasi baxımdan tam fərqli düşüncəyə, yanaşmaya və ritorikaya malik həmkarlarımı da görmək istərdim. Korrupsiya və rüşvətxorluq hələ də ciddi bəla olaraq ölkəni sarıca deyilən bir alaq otu kimi sarıyıb və cəmiyyəti boğub məhv etməkdədir. Uzun müddətli məmur özbaşınalığı və rüşvətxorluğu nəticəsində problemlər üst-üstə qalanıb və onları həll etmək üçün illər lazımdır”.
Cebhe.info xəbər verir ki, bunu deputat Razi Nurullayev deyib. R.Nurullayev bildirib ki, bu korrupsiya və rüşvətxorluq üçün kimlərsə çox ciddi məsuliyyət daşımalıdır:
“Konkret vəzifəli şəxslərin adları açıqlanmalı və onların məsuliyyət dairəsi cəmiyyətə deyilməlidir. Bu sahədə sizlərin üzərinə böyük məsuliyyət düşür. Bizim vəzifəmiz əl qaldırmaq, ancaq lehinə düyməsini basmaq deyil və göndərilən bütün layihələrə də "hə" demək deyildir. Bizim qəbul etməmək, etiraz etmək və qanunları geri qaytarmaq hüququmuz var. Vəzifəmiz dövlət, torpaq, bayraq və ordu üçün şərəflə ölməkdir. Vəzifəmiz dövlətin atributlarını qorumaqdır. Azərbaycanın prezidenti və birinci vitse-prezidenti də ölkəmizin təmsilçiləri, atributlarıdır. Vəzifəmiz həm də dövlətçilik naminə onların adlarını uca tutmaqdır. Qalanlar isə təfərrüatdır. Razılaşmamaq, etiraz etmək və inanaraq fərqli fikir söyləmək də bir dəyərdir. Siyahıda olan əziz həmkarlarıma hörmətimi izhar etməklə bərabər bu tərkibdə fərqli siyasi düşüncə təmsilçisinin olmadığını əsas tutaraq əleyhinə səs verəcəm. Qoy həmkarlarım məndən inciməsinlər. Mən sadəcə əleyhinə səs verməklə sizlər, cəmiyyət, vətəndaşlar və hörmətli media nümayəndələri üçün mövqeyimi açıqlayıram”.
Ölkəpress.com