Bakı metropolitenində “İlin maşinisti” müsabiqəsinin növbəti qalibi məlum olub.
“Bakı Metropoliteni” QSC-də hər il metropolitençilərin peşə bayramı ərəfəsində keçirilən seçimdə bu dəfə fərqlənən əməkdaş hərəkət qatarlarının istismarı üzrə iş departamentinin 3-cü dərəcəli qatar sürücüsü Anar Həsənovdur.
23 ildir metropolitendə çalışan A.Həsənov 2007-ci ildən elektrik qatarlarının maşinisti vəzifəsini icra edir. 5 uşaq atası olan maşinist peşəsinin çətin, məsuliyyətli və şərəfli olduğunu bildirib:
“Bu sənət çətin olmaqla yanaşı, çox maraqlı və şərəfli peşədir. Dəmir yollarda dəmir intizam prinsipini rəhbər tutaraq işimi sevə-sevə və məsuliyyətlə davam etdirməyi həmişə üstün bilmişəm. Biz maşinistlər sərnişindaşımanın nə qədər məsuliyyətli olduğunu dərk edirik. İnsan həyatı, təhlükəsizlik hər şeydən önəmlidir. Qatarı idarə edərkən bütün sərnişinlərin fikirlərinin və davranış qaydalarının eyni olmadığını nəzərə alsaq, işin nə qədər ağır olduğunu təxmin etmək çətin deyil”.