Şəmkir rayonunun kəndlərinin birində yerləşən orta məktəbdə 10 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etmiş şəxs həbs edilib.
Məktəbə usta kimi dəvət edilmiş və bu zaman orada şagirdlərdən birinə qarşı əxlaqsız hərəkətlər etmiş 1964-cü il təvəllüdlü Məmməd Məmmədov (şərti ad-soyadlı) Cinayət Məcəlləsinin 153.2-ci (Əxlaqsız hərəkətlər) maddəsi ilə məsuliyyətə cəlb edilib.
Bildirilib ki, M.Məmmədov məktəbin müəllimlərindən biri tərəfindən sinif otağının pəncərəsi sındığı üçün məktəbə dəvət edilib. Orada olarkən 64 yaşlı kişi 4-cü sinif şagirdi olan Kərimənin (şərti adlı) tək olduğunu görərək ona yaxınlaşıb və xoşagəlməz hərəkətlər edib. Məmməddən qurtulmağı bacaran şagird məktəbin arxa tərəfinə qaçıb.
Azyaşlı qız daha sonra evə getdikdə ağlayaraq hadisə barədə anası və dayısı arvadına danışıb.
Hadisə barədə hüquq-mühafizə orqanlarına müraciət edildikdən sonra M.Məmmədov bu ilin 7 yanvar tarixində həbs edilib. Mayın 7-də isə Şəmkir Rayon Məhkəməsi ona hökm oxuyub. Təqsirləndirilən şəxs məhkəmədə törətdiyi əməli etiraf edib. O, azyaşlını öz nəvəsi kimi doğmalıq hissi ilə öpdüyünü deyib.
Məhkəmə M.Məmmədova 2 il 3 ay həbs cəzası verib.