Qarabağda keçirilən antiterror əməliyyatından sonra Xankəndi şəhərindəki artıq özünü buraxdığını elan edən separatçı rejimin simvolu kimi tanınan "Biz və bizim dağlar" və ya "Nənə və baba" abidəsinin taleyi maraq doğurur.
Həmin abidənin gələcək taleyi barədə sosial şəbəkədə geniş müzakirə başlayıb. Bəziləri abidənin saxlanılması, bir qismi isə sökülməsinin tərəfdarıdır.
Xankəndidəki sözügedən abidənin önündə çəkdirdiyi foto ilə Azərbaycan bayrağı asması ilə gündəmə gələn Azərbaycan Prezidentinin Qarabağ İqtisadi Regionu üzrə Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Araz İmanovun işdən çıxarılması mövzunu yenidən aktual edib.
Onun həmin hadisəyə görə işdən çıxarılması haqqında dəqiq məlumat olmasa da, “Biz və bizim dağlar” abidəsi qarşısında foto paylaşması qınağa səbəb olmuşdu. Sonradan mediada A.İmanovun bu hərəkətinin daşıdığı vəzifəyə uyğun olmadığı barədə yazılar dərc olunmuşdu.
Bəzi depuatatlar, yazıçılar, ictimi-siyasi fiqurlar abidə barədə fərqli fikirlər səsləndiriblər.
Gənc heykəltəraş, Hərbi Qənimətlər Parkında erməni əsgərlərinin maketlərini hazırlayan Kamran Əsədov Cebhe.info-ya mövzu barədə danışarkən abidənin xüsusi ayrılmış yerdə saxlanmasının tərəfdarı olduğunu deyib:
“Həmin heykəlin simvol olaraq yox, sənət əsəri olaraq saxlanması gözəl olar. Mənim şəxsi fikrimə gəldikdə, bir rəssam kimi həmin abidəni bəyənmirəm. Sökülən heykəllər üçün bir böyük park ayrılmalıdır. Siyasi səbəblərdən anlamı qalmayan əl işləri ola bilər. Həmin səbəbdən də sökülənlər Hərbi Qənimətlər Parkı kimi yerdə saxlanıla bilər. Hər hansı ölkə olsun, ümumiyyətlə, sökülməyindənsə gözəl işdirsə sənət əsəri kimi saxlanmasının daim tərəfdarıyam.
Şəhərimizin özündə aktuallığını itirmiş bir neçə heykəllər olub və söküblər. Amma onlar bir heykəltəraşın əsəridir. Onların sökülməsi, əslində, düzgün deyil. Onu bir yerə ayırıb, sadəcə tarixi fakt olaraq qeyd etmək laızmdır. Yəni müəyyən dövrdə belə bir heykəl qoyulub. Bir sözlə, heykəlin günahı yoxdur, heykəl özü sənət əsəri olaraq qala bilər”.
O, həmin abidənin ermənlərə verilə biləcəyini də istisna etməyib:
“Xankəndidə bir neçə heykəllər var ki, həqiqətən də gözəl əsər ola bilər. Yaxud da onların özlərinə hansısa formada təhvil verilməsi daha ağlasığandır. Yəni biz sənətə hörmət edirik, gəlin, heykəlinizi götürün gedin. Bu, daha ağlabatandır. Amma yenə deyirəm, rəssam kimi o əsəri bəyənmirəm”.
Xatırladaq ki, “Biz və bizim dağlar” abidəsi Xankəndi şəhərinin şimalında 1967-ci ildə qoyulub. Heykəltəraşı Sarkis Baqdasaryan, memarı Səfi Qarayevdir.