Qida rasionumuzdan əskik etmədiyimiz ən vazkeçilməz qidalardandır pendir.Ölkəpress.com APA TV-yə istinadən xəbər verir ki, amma bir çox şeylərin saxtası olduğu kimi artıq pendirin də saxtasını düzəldib satışa buraxırlar. İstər marketlərdə bəzəkli qablaşdırması olan, istərsə də bazarlardakı piştaxtalarda səliqə ilə düzülən pendirlərin genetikasını dəyişməklə bizim də sağlamlığımızla oynayırlar.
Heyvan mənşəli məhsulların yüksək risk qrupuna aid olduğunu bilirik. Bəs bu məhsulların saxtalarından necə sığortalana bilərik? Mövzu ilə bağlı danışan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri (AQTA) Əkbər Əliyev istehlakçıların da üzərinə məsuliyyət düşdüyünü deyir: “Aparılan monitorinq zamanı, bazarlarda, yol kənarlarında piştaxtalarda bu cür məhsulların satışına cəhdlərlə rastlaşırıq. İstehlakçılar bu cür məhsulların satışından uzaq durmalı, bir ictimai qınaq formalaşdırmalıdırlar. AQTA tərəfindən aparılan monitorinqlər zamanı məhsulların saxtalaşdırılması faktlarına da rast gəlinir. Belə ki, həmin məhsullar hazırlanarkən təbii süd yağı yerinə digər süd yağı əvəzedicilərin bitki yağlarından istifadə etmə faktları da tərəfimizdən aparılan monitorinqlər zamanı aşkarlanıb. Bundan da bağlı qanunvericiliyə uyğun olaraq müvafiq inzibati tədbirlər görülür”.
Pendir keyfiyyətini görüntüsündən, qoxusundan və ya dadaraq anlamaq mümkün deyil. Bəzən pendirlərdə süd yerinə süd tozu, marqarin və nişasta qatılır, hətta ağardıcı da qoyula bilir. Bəs saxta pendiri necə tanıya bilərik?
Pendirlərin yağlılığını artırmaq üçün bəzən ona arzuolunmaz yağlar, bitki yağları qatılır. Belə pendirlər dadı ilə insanların xoşuna gəlsə də, lakin onları saxta pendir adlandırmaq olar. İstehlakçıların belə pendiri ayırması asan deyil, lakin istehlakçılar malın etiketinə, onun üzərində hansı standartın olmasına baxmalıdırlar. Yaxud da texniki şərtin mövcudluğuna baxmalıdırlar. Və şübhələri olarsa 1003 qaynar xətti ilə AQTA-ya məlumat verməklərini tövsiyə edirəm.
Bizim hazırladığımız süjetlə saxta pendir məhsullarının hazırlanmasını və ya satışını dayandırmaq mümkün deyil, amma daha diqqətli olsaq, sağlamlığımızı təhdid edən bu məhsulların evimizə ayaq açmasının qarşısını ala bilərik.