Ölkənin böyük şirkəti vaxtı keçmiş sement satır - VİDEO
Son vaxtlar adı bir neçə qalmaqalda və kriminal qruplaşmalarla əlaqədə hallanan Holcim Azərbaycan ASC ilə bağlı daha bir sensasion fakt üzə çıxıb.
Axar.az-a daxil olan məlumatda bildirilir ki, sözügedən şirkət qiymətləri qaldırdıqdan sonra satışda olan məhsullarını yığışdırsa da, vaxtı keçmiş sementlərin satışını davam etdirir.
Redaksiyamıza faktlarla - görüntülü formada təqdim olunan məlumatda qeyd edilir ki, Holcim Azərbaycan ASC 2019-cu il 1 aprel tarixində istehsal edilmiş və istifadə müddəti 6 ay olan məhsulun satışını hələ də həyata keçirir. Baxmayaraq ki, artıq həmin sementlərin istifadəyə yararlılıq müddətindən təxminən 1 ay ötüb. Ekspertlər vaxtı keçmiş sementin satılmasının çox böyük təhlükə olduğunu, dəhşətli dağıntılara, bina və obyektlərin çökməsinə səbəb ola biləcəyini vurğulayırlar. Məlumata görə, vaxtı ötmüş sementin tərkibi çox ciddi şəkildə dəyişilir və yararsız hala düşür. Holcim Azərbaycan ASC rəhbərliyinin vaxtı keçmiş məhsulların tez bir zamanda satılması üçün öz işçilərinə göstəriş verdiyi bildirilib.
Qeyd edək ki, bir qədər əvvəl Holcim Azərbaycan ASC istehsal etdiyi bütün növ sement məhsullarının qiymətinin qaldırılması barədə qərar qəbul edib. Saytımıza verilən məlumatda bildirilib ki, ASC satışda olan və vaxtı keçməmiş məhsulların satışdan yığışdırılması haqda göstəriş verib.
Ekspertlər isə Holcim Azərbaycan ASC-nin qiymətləri qaldırmaq üçün heç bir iqtisadi əsasının olmadığını vurğulayıblar.
Xatırladaq ki, bu, Holcim Azərbaycan ASC ilə bağlı yaranmış ilk neqativ hal deyil. Daha əvvəl bu şirkətin distribüterlərə külli miqdarda ziyan vurması və dəymiş zərərin ödənilməməsi ilə bağlı məlumat yayılıb. Sözügedən məlumatda haqlarını istəyən distribüterlərə kriminal dəstənin üzvləri vasitəsilə təzyiq edildiyi qeyd edilib. Bundan başqa, şirkət səhmdarların dividentlərini verməkdən imtina edir və bu, böyük narazılığa səbəb olub. Hətta bir müddət əvvəl səhmdarlar aksiya da keçiriblər. Onlar bölüşdürülməmiş 94 885 000 manat dividenti tələb edirlər.
Redaksiyamıza daxil olan məlumatlarla bağlı Holcim Azərbaycan ASC-yə rəsmi sorğular göndərilsə də, aradan 15 gün keçməsinə rəğmən, heç bir cavab verilmir.
Ölkəpress.com