Gənclər Fondu gənclər arasında turizm sahibkarlığına dəstək verir
Gənclər Fondunun maliyyə yardımı ilə "Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən sentyabrın 1-dən icrasına başlanmış “Turizm sahibkarlığının inkişafı istiqamətində gənclərin peşəkarlıq səviyyəsinin artırılması” layihəsi çərçivəsində Lənkəran şəhərində ölkə gənclərini əhatə edən üçgünlük təlim və təcrübə proqramı həyata keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən "Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Mehman Əliyev Azərbaycan Gənclər Fondunun və rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, layihənin məqsədləri barədə iştirakçıları məlumatlandırıb, onların üzərinə düşən vəzifə və öhdəlikləri diqqətə çatdırıb.
M.Əliyev, həmçinin ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən danışıb. O, gənclərin bütün sahələrdə, o cümlədən sahibkarlıq sahəsində fəal iştirakını qeyd edərək, turizm istiqamətində fəaliyyətin önəmini vurğulayıb.
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları layihənin gənclər üçün faydasını yüksək dəyərləndiriblər.
Təlimdə biznes və karyera planlaşdırılması üzrə beynəlxalq təlimçi Rafət Şirəliyev sahibkarlıq fəaliyyəti, ideyanın müəyyən edilməsi, biznes plan və strukturu, marketinq planı, rəqiblərin təhlili, reklam üsulları, ölkəmizdə turizm sahəsində qəbul edilən son sərəncamlar və qanunlar, turizm sahəsində fəaliyyət göstərən qurumlar, turizm sahibkarlığının növləri, turların təşkili, bələdçilik fəaliyyəti, ölkəmizdə turizmin inkişafı üçün təkliflər və sair mövzularda çıxış edib.
Tədbirin üçüncü günü isə tədbir iştirakçıları üçün Xanbulan gölünə və Hirkan Milli Parkının ərazisindəki dəmirağac meşəliyinə, Astara rayonundakı “Ləm” yay evinə, “Yanar bulağ”a, Ərçivan kəndindəki XIX əsrə aid hamama və Astara şəhərində yerləşən yeni salınmış Park-Bulvar ərazisinə, Lənkəran şəhərindəki Xan evinə və Dairəvi qalaya turlar təşkil olunub.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd turizm sahibkarlığının inkişafı istiqamətində gənclərin peşəkarlıq səviyyəsini artırmaqla bu istiqamətdə xidmət keyfiyyətinin yüksəldilməsinə nail olmaq, onların məşğulluğunu təmin etmək, ölkəmizin turizm potensialını layiqli şəkildə təqdim etmək, bu sahədə gənclər arasında sahibkarlığın inkişafına dəstək olmaqdır.
Ölkəpress.com