ƏLYAZMALARIN MÜHAFİZƏSİ
YÜKSƏK SƏVİYYƏDƏ TƏŞKİL OLUNUB
1950-ci ildən müstəqil müəssisə kimi (əvvəllər Respublika Əlyazmalar Fondu) fəaliyyət göstərən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun müasir elmi-tədqiqat mərkəzi kimi təşəkkülü Ümummilli lider, Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü və iradəsi ilə bu elmi-tədqiqat müəssisəsi 1982-ci ildə Bakının İstiqlaliyyət küçəsində yerləşən, tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən Müsəlman Qızlar Məktəbi üçün inşa edilmiş binaya köçürülmüş, 1986-cı ildə müəssisə İnstitut statusu almış, 1996-cı ildə bu akademik quruma Məhəmməd Füzulinin adı verilmişdır.
Əlyazmalar İnstitutu Orta əsr elmlərinin bütün sahələrini: tibb və astronomiya, riyaziyyat və minerologiya, poetika və fəlsəfə, teologiya və huquqşünaslıq, qrammatika, tarix və coğrafiya, bədii nəsr və poeziyanı əhatə edən Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir. İndi Əlyazmalar İnstitutunda 40 mindən artıq material vardır. Bunlardan 12 minə qədəri ərəb qrafikalı əlyazmalardır ki, IX-XX əsrlərdə yazılmış və ya üzü köçürülmüşdür. Bundan başqa, insititutda XIX-XX əsrlərdə yaşamış Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərinin şəxsi arxivləri, tarixi sənədlər və fraqmentlər, əski çap kitabları, XIX əsr-XX əsrin əvvəllərinə aid mətbuat nümunələri, mikrofilm və fotosurətlər mühafizə edilməkdədir.
Əlyazmalar İnsitutunda qorunan ən qədim əlyazma IX əsrə aid edilən dəri üzərində yazılmış müqəddəs Qurani-Kərimin “Ən-Nisa” surəsinin bir neçə ayəsidir. Bu əlyazmadan başqa Əlyazmalar İnsitutunda Əbu Əli ibn Sinanın “Tibb qanunları”, Əbdül Qasım Əl-Zəhravinin “Cərrahiyyə və cərrahi alətlər haqqında” və “Otuzuncu traktat”, Rüstəm Cürcaninin “Nizamşahın azuqələri”, Şeyx Mahmud Şəbüstərinin “Gülşəni-raz”, Nəsiminin “Divan”, Sədinin “Bustan” və s. bu kimi əsərlərin XII-XV əsrlərdə köçürülmüş nüsxələri saxlanılır.
Əlyazmalar İnstitutunun saxlanclarında çox qədim və maraqlı eksponatlar, nadir əlyazmalar qorunub saxlanılır. Məsələn, dəri üzərində “Quran” surəsi, balıqqulağı üzərində “Quran” ayəsi, Xurşidbanu Natəvanın “Gül dəftəri” albomu, şairənin şəxsi qələmi və qələmdanı, XIX əsrin ortalarına aid ipək parça üzərində afişa, Əmir Teymurun dövrünə aid astronomik alət (üsturlab), perqament üzərində ornamentlər, Sultan Süleyman və Şah Abbasa aid fərmanlar, qədim möhürlər, həmçinin nəfis tərtibatlı müxtəlif “Quran” kitabları fondda mühafizə olunan ən qədim eksponatlardandır.x
Qədim sənədlər temperaturun və rütubətin dəyişməsinə son dərəcə həssasdır, birbaşa günəş işığını sevmir və müxtəlif zərərvericilərin – həşəratların və mikroorqanizmlərin təsirinə məruz qala bilir. Qədim əlyazmaların saxlanması üçün əlverişli mikroiqlim yaratmaqdan ötrü xüsusi kondisionerlər, həmçinin dezinfeksiya şkafları, əlyazmaları həşəratlardan qorumaq üçün kimyəvi maddələr, zədələnmiş kitabların bərpası üçün xüsusi materiallar və s. tətbiq olunur.
Əlyazmalar İnsitutunda qorunan yazılı abidələr kağız üzərində yazıldığı üçün bu əlyazmaların qorunub saxlanması o qədər də asan bir məsələ deyil. Çünki kağız bir müddətdən sonra köhnəlir, cırılır, orda yazılar oxunmaz hala düşür. Bu əlyazmaları qorumaq, bərpa etmək institutun fəaliyyət istiqamətlərindən biridir.tƏlyazmaların ömrünün uzadılması üçün müxtəlif kimyəvi preparatlardan və texniki üsullardan istifadə edilir. Qədim əlyazmaların gigiyenası, konservasiyası və bərpası xüsusi mikromühitə uyğunlaşdırılmış saxlanclarda və laboratoriyada həyata keçirilir. İinstitutda saxlanılan bütün əlyazma və çap materialları elmi əsaslarla təmizlənir, rejimli mühafizə-konservasiya mühitində qorunur, zədələnmiş və bərpaya ehtiyacı olan vərəqləri bərpa olunur və yenidən saxlanca qaytarılır, yeni alınan materiallar isə xüsusi karantin şəraitində saxlanıldıqdan və zərərvericilərdən təmizləndikdən sonra əlyazma fonduna daxil edilir.
İnstituta təqdim edilən əlyazmalar əvvəlcə təmizlənmə prosesindən keçir və dezinfeksiya aparatında saxlanılır. Kitabın vəziyyətindən asılı olaraq, 3-7 gün ərzində təmizlənmədə qalan vərəqlər xüsusi maye ilə yuyulur. Vərəqlərin tərkibi korlandıqda onlara sellüloz adlı maddə əlavə olunaraq bərkidilir və sonra bərpa prosesinə yönəldilir. Mütəxəssislər tərəfindən kağızın növü və üslubu təyin olunur. Bərpa prosesində əsasən keyfiyyətli yapon kağızlarından istifadə edilir. Qədim əlyazmaların, əski kitabların cildləmə prosesində isə şirazə adlanan köhnə üsuldan istifadə edilir. Əlyazma nüsxələrinin cildləri əslinə uyğun bərpa edilir. Bu zaman orta əsrlərdə istifadə edilən texnalogiyalar tətbiq edilir.
Onu da qeyd edək ki, İnstitutun fondlarındakı əlyazma abidələrinin istifadəsini asanlaşdırmaq, mühafizəsini təmin etmək, onları gələcək nəsillərə çatdırmaq məqsədilə əlyazmalar rəqəmsallaşdırılır, sistemləşdirilərək elektron kitabxanası yaradılır. Rəqəmsallaşdırılmış əlyazmalar uzun müddət saxlama və istifadə üçün multimedia disklərinə köçürülür. Əlyazmaların elektron versiyası xüsusi foto cihazlar vasitəsilə yaradılır. İnstitutda əlyazmaların elektron kataloqu və nadir, nəfis, qiymətli əlyazmaların elektron kitabxanasının yaradılması işi də müasir tələblərə uyğun həyata keçirilir.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş mühafizi,
filologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Əhmədova
.