Biz niyə beləyik? - Amil Baycan
Əvvəllər elə düşünürdüm ki, yaxşı insan olmaq üçün yalnız və yalnız yaxşı işlər görmək lazımdır. (Heç kimin xətrinə dəymə, xeyirxah ol və insanlar üçün ən gözəlini et və.s). Bütün yaxşı işləri gördükcə sənə qiymət verəcəklər. Qiymət demişkən, indi çoxları qiyməti başqa cür başa düşür, başqa cür qiymət istəyir. Amma, əsl qiymət kiminsə öz ürəyində sənə: sağol, deməsidir. Bu günsə görünən odur ki, nə qədər yaxşı,mehriban, qayğıkeş, xeyirxah olursan ol, eyni adama min dəfə yaxşılıq et və nə vaxtsa bilməyərəkdən həmin adama qarşı bir səhv elə, olacaqsan pis adam. Universitetə imtahan verəndə dörd səf bir düzü aparır, amma bəzi insanlara bilməyərəkdən etdiyin bir səhv min düzü aparır, bütün etdiyin yaxşılıqları unudur, təkcə bilmədən etdiyin pislikdən başqa. Ümumiyyətlə, düz insanlara cəmiyyət tərəfindən fərqli baxış var. Hərdən düşünürəm ki, bəlkə, o məlum atalar sözü insanları bu cür fikirləşməyə məcbur etmişdir. Guya o vaxtı hansısa ata deyib ki, düz düzdə qalar, bunu da çoxları özünə bir şüar seçərək, bütün əyri işləri görür. Müxtəlif növ qazanclar naminə almadıqları sifətləri, oynamadığı rolları qalmır.
Kütlə insanı niyə düşünmür ki, o, bu dünyadan sadəcə keçir.Ən uzağı 100 ildən sonra bu keçdiyi körpüdən keçənlərin heç biri burada olmayacaq. 100 il sonra bu dünyanın bütün qonaqları yeni dünayda yaşayacaq və bu dünya tam yeni, fərqli adamların yaşayış yeri olacaq.İnsan düşünməlidir ki, o, bu dünyadan o biri dünyaya daxil olarkən əlində-ovcunda heçnə olmayacaq və o, yalnız və yalnız bu dünyada etdiyi bütün əməllərinə görə sorğulanacaq.