İbrahim Yusifoğlu
Vüqar Əhmədi
Ömrünü şam edib sözə, nəğməyə,
Bolluca bar verib halal zəhməti,
Qəlbinin saflığı çatır köməyə,
Hamıya sevdirib Vüqar Əhmədi.
Adı yayılıbdı türk ellərində,
Nəğməsi səslənir dost dillərində,
Şöhrəti Bakının səhər mehində,
Dünyaya yetirir Vüqar Əhmədi.
Turan şairidir, alıb çox adlar,
“Fəxri ağsaqqal” tək fəxri adı var,
Vüqarlı zirvəyə aparır yollar,
Qartallar gözləyir Vüqar Əhmədi.
Sanmayın ərköyün, ya əsəbidi,
Saflıq, təmizlikdi niyyət, səbəbi,
Hər an yerindədi ərkan-ədəbi,
Hörmətə gətirir Vüqar Əhmədi.
Ömrü şam eyləyib elmə, nəğməyə,
Hər anın sərf edib halal əməyə,
60 baharında sevinc, fərəhlə,
Təbrik eyləyirik Vüqar Əhmədi.
17.04.2023