Azərbaycanın Qarabağ İqtisadi rayonu ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekofəallar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan haqlı etiraz aksiyası 137 gündür davam edir.
Bizimyol.info xəbər verir ki, ekofəallar hər zaman olduğu kimi, səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər.
Ekoaksiya iştirakçılarının tələbi dəyişməz qalır. Onlar Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı şüarlar səsləndirirlər.
Ekoaksiyanın keçirildiyi ərazi humanitar məqsədlərlə istifadə olunan avtomobillərin keçidi üçün tam açıqdır.
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq bölgədə ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.