Xəbər verdiyimiz kimi bu gün şair, ədəbiyyatşunas, alim Vüqar Əhmədin altmış illik yubileyidir. Vüqar Əhməd Adalet.az-a açıqlamasında doğum günüylə bağlı öz xoş təəssüratlarını bölüşüb:
“Aprelin əvvəlindən indiyə kimi altmış illik yubileyimlə bağlı tədbirlər keçirilir. Bu gün ATV kanalında qonaq idim. Ağsaqqallar Şurası “Fəxri ağsaqqal”medalıyla məni təltif etdilər. May ayında da tədbirlərim olacaq. Mən də fürsətdən istifadə edib əziz dostum, qonşum, böyük ziyalı Aqil Abbası təbrik edirəm”.
V.Əhməd mədəniyyət nazirinə də öz təşəkkürünü bildirib:
“Mədəniyyət nazirimiz hörmətli Adil Kərimli haqqımda video-süjet çəkdirdi və nazirliyin saytında yerləşdirdilər. İndiyənə qədər heç bir mədəniyyət nazirindən sənət adamlarına bu cür qayğı görməmişdim. Rasim Balayev haqda da belə video-süjet çəkdilər”.
Şair daim çap olunan kitablarının tez bir zamanda satıldığını deyib:
“Qırx ildir ki, ədəbiyyatdayam, 45 kitabım çıxıb, o kitabların 25-i elmi kitablardır. Xaricdə də, Azərbaycanda da kitablarım çap olunub. Heç vaxt oxucu nigarançılığım olmayıb. Romanlarım, şeirlərim, dərsliklərim tez satılıb. Ən çox tez satılan romanım “Son nəfəsədək Azərbaycan” olub. Bu romanı Məhəmməd Əmin Rəsulzadəyə həsr etmişəm və 500 tiraj bir həftəyə satılıb. Demişəm ki, bu mənə olan məhəbbət yox, Rəsulzadəyə olan məhəbbətdir. O kitabı təkrar çap etdik. Bəzən gənc yazarlarımızdan şikayət edirlər. Mən onlardan çox razıyam, onları çox sevirəm, həmişə hörmət görürəm”.
V.Əhməd belə gündə öz arzularını da dilə gətirib:
“Allah dövlətimizi, dövlətçiliyimizi qorusun, Azərbaycanımızı inşallah vahid etsin. O gün olsun ki, Zəngəzur dəhlizimiz açılsın. “Zəngəzur” mahnısı da yazmışam və Brilliant xanım Dadaşova oxuyur. Yəni İrəvana qədər böyük Azərbacan İmperiyasının bərpa olunmağını istəyirəm, arzum budur. Ömür boyu Qarabağın azadlığını arzulayırdım. Həyatımın otuz ilini də Cənubi Azərbaycana həsr etmişəm. Allah millətimizi, bütün dünyanı qorusun. O gün olsun ki, Cənab Prezidentimiz biz alimlərin də dərəcə pullarını artırsın. Yəni biz də kitablarımızı öz hesabımıza yox, dövlət hesabına buraxdıraq. Altı yüz manat maaş alırıq”.