İyulun 18-də Romada Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) ilə “Enfinity Global” şirkəti arasında sövdələşmənin bağlanması mərasimi keçirilib. Tədbirdə İtaliya hökumətinin nümayəndələri, diplomatlar və media təmsilçiləri iştirak ediblər. Mərasimdə SOFAZ-ın icraçı direktoru İsrafil Məmmədov, “Enfinity Global”ın Avropa üzrə rəhbəri Xulio Furnye Fisas və İtaliyanın Sahibkarlıq və “Made in Italy” proqramı üzrə Nazirliyin Bazarların Müdafiəsi Departamentinin direktoru Amedeo Teti iştirak ediblər.
Sövdələşmə çərçivəsində SOFAZ “Enfinity Global” şirkətinə məxsus ümumi gücü 402 MVt olan günəş elektrik stansiyaları portfelinin 49 faizini əldə edib. Şirkət isə 51 faizlik nəzarət payını saxlayaraq aktivlərin uzunmüddətli idarəçiliyini davam etdirəcək.
İnvestisiya portfeli Latsio və Emilia-Romanya bölgələrində yerləşən, həm istismarda olan, həm də inşaat mərhələsində olan 14 günəş elektrik stansiyasını əhatə edir. İstehsal edilən bütün elektrik enerjisi uzunmüddətli elektrik enerjisinin alqı-satqısı müqavilələri (PPA) əsasında satılacaq ki, bu da istehlakçılar üçün tariflərin sabitliyini, investorlar üçün isə proqnozlaşdırılan pul axınlarını təmin edəcək.
İllik enerji istehsalının təxminən 685 milyon kilovatt-saat təşkil edəcəyi və bunun hər il təqribən 184 950 ton CO₂ emissiyasının qarşısını almağa, həmçinin, təqribən 250 min İtaliya ailəsini enerji ilə təmin etməyə imkan verəcəyi gözlənilir. Bu investisiya SOFAZ-ın uzunmüddətli investor kimi strateji hədəflərinə cavab verir və Avropada coğrafi şaxələndirməni təmin edir, inflyasiyaya indeksləşdirilmiş sabit gəlir mənbəyi yaradır və qlobal enerji keçidinə töhfə verir.
Karbohidrogenlərdən elektronlara doğru
Onilliklər boyunca Azərbaycan və İtaliya arasında əməkdaşlıq neft-qaz sektoru, boru kəməri infrastrukturu və enerji təhlükəsizliyi məsələləri ətrafında qurulub. SOFAZ-ın bu yeni investisiyası tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə – karbohidrogenlərdən davamlı enerjiyə, molekullardan elektronlara keçdiyini nümayiş etdirir.
Layihə İtaliyanın artan tələbatını ödəmək üçün rəqabətə davamlı və təmiz enerji ilə təmin olunmasına, yerli iqtisadi inkişafın və əhalinin enerji təhlükəsizliyinin dəstəklənməsinə, habelə İtaliyanın karbonsuzlaşdırma üzrə milli prioritetlərinə və qalıq resurslarının idxalından asılılığın azaldılması, bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsi məqsədi daşıyan ümumavropa “REPowerEU” planına uyğundur.
İtaliya SOFAZ-ın əsas investisiya bazarlarından biridir
İtaliya SOFAZ-ın portfelində ən çox investisiya qoyduğu ölkələr arasında dördüncü yerdə gəlir. Fondun bu ölkəyə yatırdığı ümumi investisiyaların həcmi 3 milyard ABŞ dollarını ötür və bu, həm ənənəvi maliyyə alətlərinə, həm də alternativ aktivlərə – infrastruktur, daşınmaz əmlak və özəl səhmlərə yönəlmiş yatırımları ehtiva edir.
Belə ki, bu ilin fevralında SOFAZ “BlackRock”a məxsus olan “Global Infrastructure Partners” (GIP) tərəfindən idarə olunan investisiya fondu vasitəsilə İtaliyanın aparıcı sürətli qatar operatoru “Italo – Nuovo Trasporto Viaggiatori S.p.A” (Italo) şirkətinə 34,5 milyon avro həcmində sərmayə yatırıb.