Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Şərur rayonunun Şahtaxtı kəndində anadan olub.
O, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini, Moskvada Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursunu, daha sonra isə aspiranturanı bitirib.
Zərifə Əliyeva 1957-ci ilədək Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1960-1967-ci illərdə böyük elmi işçi olub. 1967-ci ildən isə Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışıb. 1977-ci ildə Zərifə Əliyeva tibb elmləri doktoru alimlik dərəcəsinı alıb.
Onun Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri böyükdür. Zərifə xanım 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
Elmi nailiyyətlərinə görə o, 1980-ci ildə Azərbaycan əməkdar elm xadimi fəxri adını alıb. 1981-ci ildə professor Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb. O, həmin mükafata layiq görülən ilk qadın olub.