“Qalatasaray” Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlunu istefaya çağırıb.
Bu barədə klub rəsmi saytı vasitəsilə açıqlama yayıb.
Açıqlamada qeyd olunub ki, buna səbəb TFF rəhbəriyinin “Qalatasaray”la bağlı canlı yayımda səsləndirdiyi fikirlərdir.
Belə ki, İbrahim Hacıosmanoğlu “TRT Spor”da qonaq olarkən “sarı qırmızılılar”ın prezidenti Dursun Özbekin “Eyüpspor”la 2:2 bitən matçdan sonra verdiyi müsahibədə səsləndirdiyi “bizə qarşı hakimlər vasitəsilə oyun oynayırlar” fikrinə cavab verib. O bildirib ki, “Qalatasaray” rəhbəri hakimləri günahlandırmaqla səhv edir: “Hörmətli prezidenti (Dursun Özbeki nəzərdə tutur) qurumumuz olaraq cavab verəcəm. Açıqlamalar və böhtanlar doğru deyil.
Bu cür danışıqlar bizim tərəfimizdən qəbul edilə bilməz. Bəzi mövzulara isə TFF prezidenti kimi yox İbrahim Hacıosmanoğlu kimi cavab verəcəm. Hakimlər Komitəsinin oyunlara hakim göndərməsinə mən qarışmıram. Əgər narahat edən nəsəolsa, hesabatını istəyərəm. Hakim dostumuzun (“Qarlatasaray” – “Eyüpspor” matçının hakimi Oğuzhan Çakırı nəzərdə tutur) arxasındayıq. Heç də pis oyun idarə etmədi”.
Onun bu açıqlamasından sonra isə “Qalatasaray” açıqlama yayaraq İbrahim Hacıosmanoğlunun istefasını istəyib.