Lənkəranda 21 yaşlı oğlan ondan əl çəkməyən qızı boğub öldürərək basdırıb.
Cenublu.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Xamməd Nuriyevin sədrliyi ilə keçirilib.
Belə ki, 2003-cü ildə Lənkəranda doğulan Sahib Əfəndiyevin (ad şərtidir) tanışı, əslən Cəlilabad rayonundan olan Könül Ağayeva ona zəng edərək, müvəqqəti qalması üçün kirayə ev təşkil etməsini istəyib. Sahib öz dostunun evində Könülə yaşamaq üçün şərait yaradıb. Həmin gündən etibarən Sahib Könüllə həmin evdə görüşüb və mütəmadi telefonla danışıb. Lakin Sahib Könülün sevgi etirafına qarşılıq verməyib. Bu səbəbdən aralarında dəfələrlə mübahisələr baş verib. Bu ilin martın 1-i həmin evdə Könül Ağayevadan qurtulmaq üçün evli olduğunu deyib. Bu sözdən qəzəblənən Könülü sakitləşdirməyə çalışıb. Sahib səylərinin nəticəsiz olduğunu görüb, yaxasını qurtarmaq üçün Könülü öldürmək qərarına gəlib. Evdə olan telefon naqili ilə Könülü boğub. Daha sonra əməlini gizlətmək üçün ev sahibindən köməklik istəyib. Könülün meyitini evin aşağı mərtəbəsində torpaqdan olan otaqda basdırıblar. Könül Ağayevaya məxsus şəxsiyyət vəsiqəni isə dəmir qutuda yandıraraq məhv ediblər.
Sahib Əfəndiyev Azərbaycan Respublikası CM-nin 120.2.9 və 326.1-ci maddəsi ilə təqsirləndirilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Sahib Əfəndiyev ona qarşı irəli sürülən ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Könüllə ciddi münasibət qurmaq istəməyib:
“Könülü 2022-ci ildən tanıyıram. Mən həmin ərəfə Lənkəranda dönərxanada işləyirdim. Könül həmin dönərxanaya gəlib qazlı su aldı, məndən xoşu gəldiyi üçün nömrəmi istədi. Axşamları görüşürdük. Könül Lənkəran Dövlət Universitetində təhsil alırdı. Elə o tərəflərdə də kirayə qalırdı. 2022-ci ilin martın sonları idi. Gördüm ki, Könül mənimlə evlənməyi düşünür, ciddi münasibət istəyir. Buna görə ondan ayrılmaq qərarına gəldim. Ayrılmaq üçün müxtəlif bəhanələr gətirsəm də, Könül razılaşmırdı. Könülə yalandan narkoman olduğumu belə dedim, yenə də ayrılmadı. Könüllə aramızda heç bir cinsi münasibət olmayıb. Könülə deyirdim ki, ailə qurmaq fikrim yoxdur, tezliklə əsgərliyə gedəcəm. Amma əl çəkmirdi. Əsgərliyə getdim. 1 il 6 ay əlaqəmiz olmadı”.
Onun sözlərinə görə, əsgərlikdən gələndən sonra Könül onun şəkillərini “TikTok”da paylaşıb:
“2024-cü ilin fevralı idi. Dostlarım mənim fotolarımın “TikTok”da paylaşıldığını dedi. Paylaşan səhifənin linkini mənə göndərdilər. Səhifənin adı “Astara627” idi. Rəy bölməsinə “sən kimsən mənim şəkillərimi paylaşırsan” deyə yazdım. Bunu yazandan sonra “nömrəni yaz, səninlə əlaqə saxlayım” deyə cavab gəldi. Nömrəmi yazandan sonra bir də gördüm zəng gəlir. Zəng edən Könül idi. Məndən ötrü darıxdığını, ailəsinin onu məcbur başqasına verdiyini, məni sevdiyini dedi. Evdən qaçıb, Bakıda hoteldə qaldığını bildirdi. Mənə dedi ki, bir günlük gəlib səni Lənkəranda görəcəm. Dedim, öz işindi, gəlirsən, gəl. Özün bilərsən. Gəldiyi vaxt Lənkəranda bir günlük qalması üçün dostum Xəyaldan kömək istədim. O da öz evini bir günlük verdi. Könülü evə gətirib, çölə çıxmaması üçün açarı özümlə götürdüm. Könül hər danışanda onunla evlənməsəm, özünü öldürüb günahı mənim üstümə atacağını deyirdi. Günlər keçirdi, amma Könül evdən çıxmaq istəmirdi. Vaxt ötdükcə Könülün mənim yanımda həmişəlik yerləşmək istədiyini hiss etdim. Könülə ayrılmaq istədiyimi deyəndə üstümə bıçaqla hücum çəkdi. Əlindən bıçağı alıb, qollarımla onu boğmağa çalışdım. Könül özündən getdi. Məndən polisə şikayət edəcəyini düşünüb, telefon naqili ilə onu boğdum. Hadisəni Xəyala danışdım. Qonşuların görməməsi üçün birinci mərtəbədəki torpaq otaqda basdırdıq. Şübhə çəkməmək üçün basdırdığımız yerə xalça sərdik. Stol, stul qoyduq üstünə. Evin vəziyyətini düzəltdikdən sonra polisə təslim olmağı düşünürdüm”.
Məhkəmədə Könül Ağayevanın anası hüquqi varis kimi çıxış edib. O, ifadəsində deyib ki, qızı bir dəfə Kamran adlı şəxslə qeyri-rəsmi evlənib:
“Könül 2020-ci ildə Lənkəran Dövlət Universitetinə qəbul oldu. 2023-cü ilin mart ayında Kamran ilə qeyri-rəsmi evləndi, lakin 2023-cü ilin dekabr ayında Kamran Könüldən ayrılaraq Bakı şəhərinə getdi. Könül Kamranın yanına gedəcəyini deyib, Bakıya yola düşdü. Daimi nənəsi Gülzarla danışırdı. Könülə dəfələrlə Cəlilabada qayıtmasını dedim, qulaq asmadı. Mən də ondan imtina etdim. Anam Gülzar gəlib neçə gündür Könülə zəng çatmadığını dedi. Mən də Könülün itkin düşməsi ilə bağlı Sabunçu Polis İdarəsinə ərizə verdim. Polis Könülün nömrəsində sonuncu dəfə kiminlə danışdığını müəyyən edib. Nəticədə Xəyal və Sahiblə polis əlaqə yaradıb. Onlar da Könüldən xəbərsiz olduğunu dedilər. Lakin polis araşdırma apararaq Könülün meyitini tapdı. Qızımı boğub öldürdüyü üçün Sahibə ağır cəza verilməsini xahiş edirəm”.
Hadisənin şahidi Xəyal Sarıyev Sahib Əfəndiyevlə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq edib.
Məhkəmədə aparılan istintaq və tərəflərin çıxışları ilə Sahib Əfəndiyev cinayət üzrə təqsirli bilinib.
Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə Sahib Əfəndiyev 19 il 6 ay azadlıqdan məhrum edilib