İmişli, 27 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
İmişlidə 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsinə həsr olunan ümumi rayon tədbiri keçirilib.
Ölkepress.com AZƏRTAC-a istinadən xəbər verir ki, İmişli rayon Şəhidlər xiyabanında keçirilən tədbirin iştirakçıları əvvəlcə şəhidlərin məzarları üzərinə, sonra “Şəhidlər” abidəsinin, həmçinin “Qələbə” abidə kompleksinin önünə gül-çiçək dəstələri düzərək, igid Vətən oğullarına ehtiramlarını bildiriblər.
Tədbir zamanı Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində şanlı tarix yazan şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyərək, hər bir azərbaycanlının onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd ediblər. Bundan əlavə, 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən antiterror tədbirlərində heç bir mülki şəxsə ziyan vermədən, xəsarət yetirmədən separatçı və işğalçı qüvvələrin ağ bayraq qaldıraraq təslim edildiyi, bununla da Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün tam təmin olunduğu vurğulanıb. Vətən müharibəsində Azərbaycan xalqının birlik nümayiş etdirərək, böyük Zəfərə imza atdığı və bu Qələbənin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərbçilərimizin, o cümlədən gənclərin göstərdiyi şücaətin əsl vətənpərvərlik nümunəsi olduğu diqqətə çatdırılıb.
Saat 12:00-da respublikamızın hər yerində olduğu kimi, İmişli rayonunda da şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad olunub.