Xəbər verdiyimiz kimi, mayın 10-u axşam saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.
“Qafqazinfo”nun məlumatına görə, növbəti gün bu təxribatların miqyası daha da genişlənib. Nəticədə bu dəfə mövqelərimiz iriçaplı silahlardan, minaatanlardan və D-30 toplarından atəşə tutulub.
Bu təxribatlar nəticəsində bir hərbçimiz ağır yaralanıb, biri isə şəhid olub.
Belə məqamda sual yaranır: Ermənistan niyə vəziyyəti gərginləşdirməyə çalışır?
Ətraflı
Təbii ki, bunun məqsədli şəkildə baş verdiyi şübhə doğurmur. Hər halda Ermənistanın snayperlərdən istifadə etməsi, əraziyə snayperlərin cəlb olunmasını təxribatın məqsədli şəkildə törədildiyini deməyə əsas verir.
Sözsüz ki, buna səbəb Vaşinqtonda keçirilmiş danışıqlarda Ermənistanın ağır vəziyyətə düşməsi və bu ölkədən Azərbaycanın ərazi bütövlüyünü tanınmasının tələb olunmasıdır.
Belə ki, Vaşinqtonda keçirilən görüşlər beynəlxalq hüququn konkret yanaşma tələb edən norma və prinsiplərinin qarşılığında rəsmi İrəvanın söz oyunlarının və diplomatik manipulyasiyalarının işə yaramadığını göstərdi. Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz tanınması məsələsinin Ermənistanın qarşısına imperativ tələb kimi qoyulması Paşinyan hökumətini ağır vəziyyətə salaraq, manevr imkanlarını məhdudlaşdırıb.
Ermənistan Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşdə də eyni vəziyyətlə üzləşəcəyini və çətin vəziyyətə düşəcəyini bilir və bu səbəbdən ənənəvi metod olan təxribata əl atır.
Çünki Vaşinqton görüşündən sonra yaranmış vəziyyət Avropa İttifaqı Şurası Prezidentinin vasitəçiliyi ilə Brüsseldə aparılması nəzərdə tutulan danışıqlarda Azərbaycanın kifayət qədər üstün mövqedə olduğunu nümayiş etdirir. Ermənistanın təxribatlarının arxasında maraqlı qüvvələrin də dura biləcəyi istisna deyil.