olkepress.com
olkepress.com

Şair-jurnalist İlqar Boranoğlunun “Vətən müharibəsinin Ağdam şəhidləri” adlı yeni oçerklər kitabı çapdan çıxıb

2-03-2023, 23:11

Şair-jurnalist İlqar Boranoğlunun “Vətən müharibəsinin  Ağdam şəhidləri” adlı yeni oçerklər kitabı çapdan çıxıb

Elçin Mehrəliyev
Mətbuat tarixi və publisistika şöbəsinin
baş elmi işçisi

TƏKİ VƏTƏN SAĞ OLSUN!
(Şair-jurnalist İlqar Boranoğlunun “Vətən müharibəsinin
Ağdam şəhidləri” adlı yeni oçerklər kitabı çapdan çıxıb)

Otuz ilə yaxın bir müüddətdə davam edən Qarabağ müharibəsi həyatımızın bütün sahələrinə olduğu kimi, milli ədəbiyyatımıza da təsirsiz ötüşməmiş, yeni ədəbi meyllər və keyfiyyət dəyişmələri doğurmuşdur. Bunların sırasında ədəbiyyatımıza şəhidlik mövzusunun gətirilməsi, bu vasitə ilə vətənpərvərlik ruhunun dərinləşməsi xüsusilə diqqəti cəlb edir.
Əsası 20 Yanvar faciəsi qurbanlarına həsr edilmiş “Şəhidlər” poeması (B.Vahabzadə) və “Şəhidlər” sənədli oçerklər toplusu (R.Səməndər) ilə qoyulan bu ədəbi ənənə uzun illərdir ki, davam etdirilir. Şəhidlik mövzusu ən müxtəlif səviyyələrdə və ən müxtəlif janr və formalarda işlənir. Belə formalardan biri şəhidlərin xatirəsini əbədiləşdirmək və müharibə salnaməsini yaratmaq naminə ayrı-ayrı rayon və şəhərlər üzrə sənədli oçerklər toplularının hazırlanmasıdır.
Şair-jurnalist İlqar Boranoğlunun “Vətən müharibəsinin Ağdam şəhidləri” (Bakı, “AFPoliqraf”, 2023) sənədli oçerklər toplusunda (kitabın redaktoru şair-publisist Əli Həsən, ön söz müəllifi filologiya elmləri doktoru, professor Vüqar Əhməddir) Müzəffər Milli Ordumuzun qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi zamanı şücaətlə döyüşüb qəhrəmancasına şəhid olmuş Ağdam rayonunun qəhrəman övladlarından bəhs olunur. Yəni 53 şəhid haqqında 53 oçerk toplanıb bu kitabda. Müəllif Ağdamın Qarabağ müharibəsində ümumilikdə 6 635-dən çox şəhid verdiyini və onlardan 16 nəfərin Milli Qəhrəman adına layiq görülməsini xatırlatmaqla həm də təqdim etdiyi kitabın Ağdam şəhidlərinə həsr olunmuş kitablar içərisində nə birinci, nə də axırıncı olduğunu vurğulamış olur.
Sənədli oçerklər toplusu hazırlamaq fəxarətli bir iş olsa da, səbr, zəhmət, axtarış tələb edir. Müəllif Ağdam ərazisində deyil, həm də Bərdədə, Yevlaxda, Mingəçevirdə, Beyləqanda, Kürdəmirdə, İsmayıllıda, Qubada, Bakıda və Sumqayıt şəhərılərində yaşamış və dəfn edilmiş ağdamlı şəhidlərin ailələri, yaxınları, dostları ilə görüşməli olmuş, onların həyatı və döyüş yolu barədə maraqlı məlumatlar toplayıb yerli-yerində istifadə etmişdir.
Müəllif vətən övladlarını qəhrəmanlığa, fədakarlığa vadar edən səbəbi ilk yazılarından açıqlayır:
“Əsgər və zabitlərimiz bu günü 30 il idi ki, gözləyirdilər. Tökülən nahaq qanların, işğal altında qalan torpaqların həsrəti qisas hissini günbəgün alovlandırmışdı...
-Nə olacaqsa, qoy olsun, təki Vətən sağ olsun! – deyirdilər.
Bəli, onlar həmin oğullar idilər ki:
-Torpaqlarımızı işğaldan-əsarətdən, özümüzü tənələrdən qurtaracağıq! – deyib döyüşə atılmışdılar. Nə xoş bizə ki, bir xalq kimi uşaqdan-böyüyə, əsgərdən-zabitə bir əqidə, bir amal uğrunda Ali Baş Komandanın və Milli Ordumuzun ətrafında birləşmişdik.”
Və o, hər bir oçerkində öz qəhrəmanının portetini yaratmağa çalışır, bu məqsədlə tərcümeyi-halından, tərbiyə aldığı mənəvi mühitdən, insani xarakter və xüsusiyyətlərindən söz açır.
Kitabın maraqlı məziyyətlərindən biri bir Ağdam sakini kimi terror-təxribat, ölüm-itim hadisələrini gözü ilə görmüş müəllifin təsvirlərində inandırıcı olması və bir publisist kimi öz mövqeyini ortaya qoymasıdır. Belə hallarda oxucu müəllifi qəhrəmanları ilə bir cərgədə görür, onu daha diqqətlə “dinləmək” istəyir, düşmənə münasibətini daha aydın başa düşür.
“Döyüşlərin ilk günlərində Ali Baş Komandan İlham Əliyev düşmən tapdağından qurtulan Madagizin adını dəyişdirib efirdən:
-“Suqovuşan azaddır!” – demişdi.
Bu xəbəri eşidən hər kəsin evində sanki toy-bayram olmuşdu. Əvvəllər bir-birini görməyən, tanımayan insanlar küçələrdə illərin həsrətliləri kimi bir-birinə sarılmışdılar.
-Allah, qələbə sevinci nə gözəl bir hiss imiş, biz onu daddıq?! – deyib, hamı sevinirdi.”
“Vətən müharibəsinin Ağdam şəhidləri” kitabını oxuduqca istər-istəməz düşünürsən:
-Müharibə ədəbiyyatını ağrısız oxumaq olmur - qan, dağıntı, ölüm, fəlakət təsvirləri həyəcan, təəssüf doğurur...
Müharibə ədəbiyyatı həm də adamı sevindirir - Vətən oğullarının qəhrəmanlıq hekayətləri qəlbini qürur, iftixar hissi ilə çırpındırır, nə qədər ki, fədakar oğullarımız var, Vətən basılmayacaq, bayrağımız enməyəcək, millət sınmayacaq – deyə düşünürsən...
Müharibə gec-tez bitir, şəhidlər isə əbədiyyətə qovuşur, ədəbi qəhrəmanlara çevrilib yeni-yeni nəsillərə qəhrəmanlıq dərsi keçir: “Azadlıq mürəkkəblə yox, qanla yazılır! Biz də vətənə əsgər borcumuzu yerinə yetirdik! Şəhidlik vətənə məhəbbətin zirvəsidir! Təki Vətən sağ olsun!”

Olkepress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi