Aazərbaycanlı ekofəallar Laçın-Xankəndi yolunda keçirdikləri dinc etiraz aksiyası artıq 76 gündür davam edir.
Bizimyol.info xəbər verir ki, Qarabağ iqtisadi rayonunda yerləşən “Qızılbulaq” və “Dəmirli” yataqlarının istismarının dayandırılması və orada monitorinqlərin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekofəallar Laçın-Xankəndi yolunda keçirdiyi ekoaksiyanı davam etdirirlər.
Aksiya iştirakçıları bu səhər də Aazərbaycanın Dövlət Himinin səsləndirib, milli ruhda mahnılar ifa ediblər.
Aksiyanın məramı əvvəlki kimi dəyişməz olaraq qalır. Etirazçılar Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarına yox deyir, bunun dərhal dayandırılmasını tələb edirlər.
Ekofəallar bildirirlər ki, onların tələbləri Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Aksiyanın keçirildiyi ərazi humanitar məqsədlər üçün açıqdır, sərbəst hərəkətə heç bir maneə yoxdur. Dünən aksiyanın təşkil olunduğu Laçın-Xankəndi yolundan hər iki istiqamətə Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus ümumilikdə 40 avtomobil maneəsiz keçid edib.
Xatırladaq ki, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.