Lənkəranda çəltik yığımı dövründə yağan intensiv yağışlar ayr-ayrı fermerlərin əkib-becərdikləri çəltik sahələrinə ciddi ziyan vurub.
Olkepress.com.Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə fermerlər məlumat verib.
Onların sözlərinə görə, intentsiv yağışlardan sonra gələn sel suları sahələri basıb. Bu da həm biçini ləngidib, həm də sahələri dağıdıb. 60 hektara yaxın çəltik sahəsi, demək olar ki, tamamilə məhv olub.
Fermer-aqronom Möhtəmən Fərziyev bildirib ki, biçin ərəfəsində davamlı yağışlar bu il məhsuldarlığa mənfi təsir edib: “Yığımın əvvəlində əkilən hər hektar “Malisa” sortunda 4 ton, “Belita”dan 6-7 ton məhsul götürülürdü. Yağışlar başlayandan sonra proqnozlar dəyişdi və vəziyyət çətinləşdi. Sahələrimiz sığortalanıb. Ötən ilə kimi nə dövlətdən, nə də sığorta şirkətindən kömək istədik. Lakin bu il istəyirik. Sığorta şirkəti bizə kömək olmalıdır. Əks halda, çəltiyin qiymətinə təsir edə bilər. Keçən il kiloqramı 2,70 manata satılan düyü 3 manatdan yuxarı ola bilər. Çünki o qoyulan xərclər çıxmalıdır”.
Sahələrdə yaranmış vəziyyətlə bağlı Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzindən isə qeyd edilib ki, bu təsərrüfat ilində Lənkəranda 780,2 hektar sahədə çəltik əkini reallaşıb: “Bu günə kimi sahələrdə ayrı-ayrı fermerlər tərəfindən 350 hektara yaxın çəltik biçini aparılıb. Son intensiv yağışlar nəticəsində bəzi fermer təsərrüfatlarına 60 hektara yaxın ziyan dəyib. Yetişən sünbüllər yağışın nəticəsində yerə yatıb, yer su olduğundan sünbüllər də uzun müddət yerdə qalıb və cücərib, yararsız vəziyyətə düşüb. Sünbüllər yerə, torpağa yatdığından kombaynlar həmin ərazilərdə biçin apara bilməyib, bu baxımdan fermerlərə xeyli ziyan dəyib”.