olkepress.com
olkepress.com

ANA DİLİM - Vüqar Əhməd

21-02-2023, 22:44

ANA DİLİM - Vüqar Əhməd



ANA DİLİM

Qədim dövrə baxıb varsaq,

Dədəm Qorqud ozan, varsaq,

1300 İL geri baxsaq,

Çox sevərik doğma dili.



O, əymədi heç qəddini,

Hey qorudu türk cəddini,

Bakuyini, İzzəddini,

Yetiribdir ana dilim.



Sufi edib Füzulini,

Şah İsmayıl Xətaini,

Nəsimi tək hürufini,

Yetiribdir ana dilim.



O, Qafqazın rəsmi dili,

O, Vaqifin qoşma dili,

Bu dünyada ellər bilir,

Türk dilimdir ana dilim.



Vurğun olduq doğma dilə,

Dilim bənzər solmaz gülə,

Adın düşüb dildən- dilə,

Anam mənim- ana dilim.



Qovğalardan ötüşübdür,

Ərəb, farsla döyüşübdür,

Əfsus, adı dəyişibdir,

Mənim yazıq ana dilim.



Vahid, Müşfiq, Şəhriyarın,

Xəzri, Araz, Bəxtiyarın,

Güney, Quzey, hər diyarın,

Doğma dili- ana dilim.



Sən dillərin əzəlisən,

Gözəllərin gözəlisən,

Füzulinin qəzəlisən,

Gül ətirli ana dilim.



Şöhrət dilim, şərəf dilim,

Qarabağda zəfər dilim,

Görməyəsən kədər, dilim,

Baldan şirin ana dilim.



Qazanmısan məhəbbəti,

Millətimin söz sərvəti,

Sevdirdin Vüqar Əhmədi,

Ay sevimli ana dilim!

21 fevral 2023-cü il


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi