[u][/u]
Müharibə dövründə Rusiyanı milyondan çox vətəndaşın tərk etdiyi ehtimal olunur. Moskva konkret statistika ortaya qoymaqdan yayınır. Beynəlxalq müşahidəçilər böyük rəqəmlərdən danışır. Minlərlə rusiyalı 2022-ci ildə Türkiyədə mənzil alıb. Yüzminlərlə Rusiya vətəndaşının sədası başqa postsovet ölkələrindən gəlir.
Bizimyol.info xəbər verir ki, vətəni tərk edən rusiyalıların əksəri Kremli sərt tənqid edir. Bu isə şimal dövlətinin hakimiyyətinin ürəyincə deyil. Buna görə də Rusiyada ölkədən gedənlərin əmlakını müsadirə etmək müzakirə olunur.
Fikri parlamentin spikeri Vyaçeslav Volodin səsləndirib. Onu hamıdan əvvəl Dövlət Dumasının mədəniyyət komitəsinin rəhbəri Yelena Yampolskaya dəstəkləyib.
“Düşməni birbaşa müdafiə edənlər və vətənindən imtina edənlərlə hüquqi müstəvidə sistematik, sərt davranmalıyıq. Gəlin onlara soyuq, dəqiq, effektli, qanuni cavab verək. Əgər qanun ədalətli tədbirləri həyata keçirməyi təmin etmirsə, deməli, qanunvericilik sərhədlərini genişləndirmək lazımdır. Bəzi insanlar üçün vətəninə qayıtmaq imkanının olmaması özlüyündə dəhşətli cəzadır. Amma ölkəni atıb gedən əksər ulduzlar üçün bura vətən deyil, qida bazasıdır. Deməli, metodik yolla qida mənbələrini bağlamaq lazımdır”.
Volodin deyib ki, qorxub qaçanların səsi çıxmır. Onların vətənə, hərbçilərə toxunmadığını bildirib.
“Amma ölkənin hesabına yaşayanlar, böyük qonorarlar alanlar, biznesindən xeyir götürənlər vətənin ünvanına hər cür ağır ifadə işlədirlər, çirkab atırlar. Aydındır ki, biz sizinlə buna reaksiya verməliyik. Bizim borcumuzdur bu”.
Volodin parlament üzvlərinin məsələyə səssiz qalmamasını istəyib. Onun fikrincə, ölkədən gedənlər daha çox əmlakı ilə cəzalanmalıdır.
Belə çıxır ki, söhbət məhz ictimai fiqurlardan, estrada ulduzlarından, incəsənət adamlarından gedir. Kreml tanınmış şəxslərin xaricdən dediklərinə bu cür reaksiya vermək istəyir. Həmin şəxslərin əmlakları müsadirə olunacaq. Ola bilər ki, Moskva heç belə addım atmayacaq. Sadəcə, parlamentdə şantaj xarakterli fikirlər səsləndirilir ki, xaricə köçmüş tanınmışlar səsini çıxarmasın.