Ağstafada dövlət suverenliyinin və Konstitusiya quruluşunun tam bərpa edilməsinin birinci ildönümü böyük qürur və iftixar hissi ilə qeyd olunur.
Bu münasibətlə rayonun Heydər Əliyev Mərkəzində təşkil olunan ümumrayon tədbirində RİH başçısı Seymur Orucov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Böyük ekranda ağstafalı mədəniyyət işçisi Oruc Mansurovun təqdimatında dövlət suverenliyinin bərpasına həsr olunan videoreportaj nümayiş etdirilib.
S. Orucov ümumrayon tədbirini giriş nitqi ilə açaraq xalqımızın əsrlərlə müstəqillik uğrunda mübarizəsinin təntənəsinə çevrilən Dövlət Suverenliyi Günü münasibətilə hər kəsi təbrik edib. Qeyd olunub ki, xalqımızın xilaskarı, Ulu Öndər Heydər Əliyevin qurduğu müasir müstəqil Azərbaycan dövləti üçün 2025-ci il xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının “Konstitusiya və Suverenlik İli” elan etdiyi 2025-ci ildə Konstitusiyanın qəbulunun 30 illiyi qeyd edilir, 44 günlük Vətən müharibəsində tarixi qələbənin 5 illiyi tamam olur, həmçinin Dövlət Suverenliyi Gününün rəsmi səviyyədə birinci ili yaşanır. Bu tarixi paralellik dövlətimizin və xalqımızın gələcəyinin konstitusiya və suverenlik prinsipləri üzərində qurulmasını təmin edən Ulu Öndər siyasi xəttinin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz nümunəsidir.
Sonra Elm və Təhsil işçiləri Həmkarlar Komitəsinin Ağstafa rayon təşkilatının sədri Elvira Əfəndiyeva, Ağstafaçay Hidroqovşağının İstismarı İdarəsinin əməkdaşı Elnur Tanrıverdiyev, Aşağı Göycəli kənd tam orta məktəbin müəllimi Əsli Əsgərova və Ağstafa Suvarma Sistemləri İstismarı İdarəsinin əməkdaşı Ülviyyə Cənnətova mövzuya dair geniş məruzələrlə çıxış ediblər.
İcra başçısı bir qrup şəxsi rayonun ictimai-siyasi həyatında fərqləndiklərinə görə Fəxri fərmanlarla təltif edib.