Bunu Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Milli Məclisin bu gün keçirilən plenar iclasında “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“COP29 konfransı ölkəmizin beynəlxalq imicini yüksəltməklə, iqlim və ekologiya sahəsində tarixi nəticələr əldə etməklə, 196 dövlətin 80 min iştirakçısı və dünyanın 80 dövlət başçısını Bakıya gətirməklə, bizə qarşı çıxan qüvvələrin üzərində diplomatik zirvənin parlaq nümunəsidir. Bunu Azərbaycan diplomatiyasının təntənəsi kimi qiymətləndirmək olar.
Qərbi Azərbaycandan 400 min azərbaycanlının qovulması ilə tarixi ədalətsizlik sübut olunub. Gizlədilmiş bu faciə BMT-də, müxtəlif dövlətlərdə, beynəlxalq təşkilatlarda geniş müzakirə olunur və bu, Azərbaycanın xarici siyasətinin gücünü, təsirini birbaşa sübut edir.
“Diplomatik xidmət haqqında” Qanun 2001-ci ildə qəbul olunanda Azərbaycanın 40-a qədər xarici nümayəndəlikləri fəaliyyət göstərirdi. Bu gün isə onların sayı 88-dir. O vaxtlar Azərbaycan bir neçə ölkə ilə sərbəst gediş-gəlişi təşkil edə bilirdi, bu gün isə 80-dən çox ölkəyə Azərbaycan vətəndaşının pasportları ilə gediş-gəliş mümkün olur. Bu gün faktiki olaraq diplomatik təşkilatlarda öz nümayəndələrimizin həm sosial, həm diplomatik statusunu təmin etmək imkanını əldə edə bilirik”, - deyə komitə sədri bildirib.