1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 106 il ötür.
Müstəqillik Günü artıq 4 ildir ki, Azərbaycanda işğaldan azad olunan Qarabaq torpağında da qeyd olunur.
Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında Müstəqillik Günü adlandırılmasına qərar verilib. Elə həmin gün də ölkə prezidenti İlham Əliyev "Müstəqillik Günü haqqında qanun”u təsdiqləyib. Qanunun təsdiqlənməsi ilə “28 May - Respublika Günü”nün adı dəyişdirilərək “28 May - Müstəqillik Günü” adlandırılıb.
Olkepress.com yazır ki, Azərbaycan 4-cü ildir ki, 28 May – Müstəqillik Gününü qalib xalq kimi qarşılayır. Bu əziz bayram artıq erməni işğalından azad edilən torpaqlarda da qeyd olunur.
Üçrəngli bayraq doğma Qarabağda – Şuşada, Ağdamda, Zəngilanda qürurla dalğalanır.
Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri məhz siyasi-iqtisadi müstəqilliyin nəticəsi, dövlətin gücünün göstəricisidir.
Bu gün Müstəqillik Günü xüsusi əhval-ruhiyyə, böyük sevinc və qürur hissi ilə qeyd olunur.
Azərbaycanda Müstəqillik Günü qeyri-iş günüdür və hər il bayram olaraq keçirilir.