olkepress.com
olkepress.com

Gülbəniz Babayeva: "Azərbaycan elminə, milli ədəbiyyatımıza və mədəniyyətimizə böyük töhfələr verən şair, yazıçı, alim, publisist Vüqar Əhməd..."

18-04-2023, 19:33

Gülbəniz Babayeva: "Azərbaycan elminə, milli ədəbiyyatımıza və mədəniyyətimizə böyük töhfələr verən şair, yazıçı, alim, publisist  Vüqar Əhməd..."


VÜQAR ƏHMƏD-60

Şair, yazıçı, ədəbiyyatşünas, ssenarist, filologiya elmləri doktoru, professor,
Vüqar Əhməd çağdaş Azərbaycan ədəbiyyatında zəngin və çoxşaxəli yaradıcılığı,novatorluğu ilə seçilən sənətkarlardan biridir. Müstəqillik dövrü ədəbiyyatının yaradıcılarından olan, 40 ilə yaxın zəngin və məhsuldar yaradıcılıq yolu keçən Vüqar Əhmədin ədəbi fəaliyyəti mövzu, ideya, janr və üslub rəngarəngliyi ilə diqqəti cəlb edir.

Vüqar Əhməd “Rus uşaq ədəbiyyatı və Azərbaycan" (Bakı, 1992), "Mircəfər Pişəvərinin həyatı, mühiti və yaradıcılığı" (Bakı, 1998), "Azərbaycan uşaq ədəbiyyatı" (Bakı, 2006), "Ədəbiyyatşünaslıq" (Bakı, 2007), "Anam mənim" (Tehran, 2008), "Şeyx Məhəmməd Xiyabani" (Bakı, 2010), “Qarabağ yuxusu və yaxud yuxuda qələbə” (2012), Cənubi Azərbaycan və Qarabağın tarixini əks etdirən “Qaradağlılar” roman-trilogiyası (2014), M.Ə.Rəsulzadəyə ithaf olunan “Son nəfəsədək Azərbaycan” romanı (2014), “Cənubi Azərbaycan poeziyası” (2014), Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri. (M.Şəhriyarın farsca yazılan əsərlərinin poetik və filoloji tərcümələri (2016), “Ədəbi-elmi portretlər” (2017), “Cənubi Azərbaycan şeir antologiyası” (2018), “Plyus bədii yaradıcılıq” (ədəbi almanax) I-II kitab (2017-2018), “Koroğlu” (2020), 2 pərdəli, 5 şəkilli “Salehlər sultanı” librettosu (2022), (Hacı Zeynalabdin Tağıyevə ithaf olunmuşdur), 2 hissəli, 20 şəkilli “Yaşa, Azərbaycan” pyesi (Məhəmməd Əmin Rəsulzadəyə həsr edilmişdir. Əsər Hayrettin İvgin tərəfindən tərcümə edilərək Türkiyədə çap edilmişdir), “Xeyirxahlıq mücəssəməsi”(2022), “Hayrettin Hoca”(2022) və s. kimi 30 kitab və 300-dən çox elmi, publisistik məqalənin müəllifidir. Əsərləri İran, Türkiyə, Yunanıstan, Belçika, İtaliya, Hindistan, Almaniya və digər ölkələrdə çap olunub. Nəğməkar şair kimi 500-dən çox mahnının söz və musiqi müəllifidir.

Vüqar Əhmədin çoxşaxəli yaradıcılığında şairin müxtəlif mövzularda qələmə aldığı ana dilinin saflığını, bədii təsvir və ifadə vasitələrinin zənginliyini özündə əks etdirən poeziyası xüsusi yer tutur. Şairin yaradıcılığının ana xəttini vətən torpaqlarının bölünməzliyi, Qarabağ, Şuşa, Təbriz dərdi, Göyçə nisgili, ana məhəbbətinin ülviliyi, 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusunun qəhrəmanlıqları, Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörənliyi sayəsində düşmən üzərində tarixi qələbənin tərənnümü və başqa mövzular təşkil edir. 40 ilə yaxın zəngin və məhsuldar yaradıcılıq yolu keçən Vüqar Əhmədin “Ağsaçlı palma”, (1995) “Mənim nəğmələrim” (2002 ), “Anam mənim” (2002) “İlhamım gələndə...” (2003) “Nəğməli dünyam”, (2004), “Yaxşı günlər öndədir” (2005) və başqa şeir kitablarında Azərbaycan, onun tarixi keçmişi, bu günü və gələcəyi, vətən torpağının ağrı-acıları, erməni vandallarının 30 il işğal altında saxladığı əbədi və əzəli Qarabağ torpaqlarının düşmən tapdağı altında öz nicat yolunu gözləməsi, ana yurdun bölünməzliyi və əbədiliyi kimi poetik düşüncələri yüksək şeiriyyətlə qələmə alınmışdır. Azərbaycanın xalq şairi Məmməd Araz Vüqar Əhməd yaradıcılığının özünəməxsus, spesifik xüsusiyyətlərini yüksək dəyərləndirərək yazır: “ O, bizim klassiklərə, yaşlı nəslə mənsub şairlərin yaradıcılığına hər zaman həssas yanaşmış, onların poeziyalarından bəhrələnmiş, öz töhfələrini vermişdir. Şeirlərini nəğmə üstə yazan şairin öz deyim və yazı dili var, heç kimi təkrarlamır. Vüqar poeziyamızda öz inamlı addımlarını atır. İnanıram ki, Vüqar bundan sonra da öz oxucularını təzə-təzə şeirləri ilə sevindirəcək və onlara mənəvi zövq verəcək” .

Vüqar Əhmədin oxuculara təqdim edilən yeni kitabı “Şuşanın dağları başı Vüqarlı” adlanır. Şair bu sərlövhəni təsadüfən seçməmişdir. Kitab Azərbaycan musiqisinin qüdrətli sənətkarı, xalq mahnılarımızın və muğamlarımızın bənzərsiz ifaçısı Xan Şuşinskinin “Şuşanın dağları başı dumanlı ...” misraları ilə başlayan məşhur mahnısının, zəfər salnaməmizin zirvəsini təşkil edən, mədəniyyət və gözəllik beşiyi Şuşanın işğaldan azad olunması və erməni vandalizmi üzərində tarixi qələbəmizin şərəfinə belə adlandırılmışdır:
İndi çəkilibdir dumanı, çəni,
Xarı bülbül dolu çölü, çəməni,
Şuşa başdan- başa uca səməni,
Şuşanın dağları başı vüqarlı.

Yenə havalanır sədası Xanın,
Ruhu şad İbrahim, həm Pənah xanın,
Bu şəhər ruhudur Azərbaycanın,
Şuşanın dağları başı vüqarlı.
Vüqar Əhmədin yaradıcılığında Qarabağ mövzusunda qələmə aldığı şeirlərini iki mərhələyə bölmək olar. Əgər Birinci Qarabağ savaşına aid şeirlərdə qəm, kədər, qüssə, həsrət kimi həzin, kövrək hiss və duyğular aparıcıdırsa, İkinci Qarabağ savaşında isə bu hüznlü notlar qəhrəmanlıq, cəsurluq, mərdlik, düşmənə meydan oxumaq kimi mənəvi ucalığa, qalibiyyətə, azadlığa çağırış harayı ilə əvəz olunur və onun əbədiliyinə nikbin bir inam hissləri ifadə edilir:
Şəhidlərin ruhu da qələbəyə sevinir,
Millətimin ürəyi tam zəfərlə döyünür,
İndi dünya TÜRKLƏRİ Sizin ilə öyünür,
Sevir Azərbaycanım- Ali Baş Komandanım!

Düşmən artıq can üstə, düşmənin verdiyi candır,
Bütün cahan bilir ki, Qarabağ Azərbaycandır!!!
Sayəndə vətənimiz qalib Azərbaycandır,
Sevir Azərbaycanım- Ali Baş Komandanım!
“Ali Baş Komandanım”, “Qarabağ Azərbaycandır”,”Qələbə ətirli Qarabağdayam”, ”Şəhidlər”, “Vətəndir”, “Vətənimdir”, “Azərbaycan bayrağı”, “Təbrizlə Qarabağ Azərbaycandır!”, “Torpağımız alınandan”,“Vətən bayatıları”, “Cənnət Qarabağ”, “Vətənimi qorumağa”, Əsgərə məktub”, “Zəfər marşı”, “Qarabağ haqqında esse”, “Vətən torpağımın şanı, şöhrəti, bax, şair eylədi Vüqar Əhmədi” və s. şeirlərinin hər biri məna tutumu, bədii sənətkarlıq məziyyətləri ilə diqqəti cəlb edir. Torpaqlarımız işğaldan azad olunduğu zaman şairin yazdığı bu şeirlər həm düşündürücü, həm də səfərbəredicidir.
Şairin səmimiyyətdən yoğrulan poeziyasında dostluq, haqq-ədalətə çağırış, təmizlik, paklıq, bütövlük, əsl vətəndaşlıq duyğuları, həzinlik və kövrəklik hissləri qabarıq şəkildə nəzərə çarpır:
Dənizlər göz yaşımdır,
Ulduzlar sirdaşımdır.
Torpaqsa yaddaşımdır,
Mən yol gedən yolçuyam.
Nəğmə dolu ürəyəm,
Vaxtsız açan çiçəyəm.
Payızdan da kövrəyəm,
Mən yol gedən yolçuyam.
Vüqar Əhməd poeziyasının fəlsəfi fikir yükündə, məna tutumunda təbiətlə insanın mənəvi bağlılığı, kövrək, həssas və zərif duyğuların harmoniyası diqqəti cəlb edir. “Dənizlər göz yaşımdır” poetik tapıntısında Xəzərlə həmsöhbət olan şairin kövrək yaşantıları, göy üzünə səpələnən ulduzlarla sirdaşlığı, nəğmə dolu ürəyi, payız kövrəkliyi təşbeh, epitet və mübaliğələrlə süslənərək oxuculara təqdim olunur.
Vüqar Əhmədin poetik dünyasında “Anam mənim”, “Abşeron”, “Dinlə məni, sevgilim”, “İzim qalacaq”, “Arzu” kimi poeziya nümunələri ideya və məzmununa, sənətkarlıq xüsusiyyətlərinə görə diqqəti cəlb edir. Sözün siqlətini, məna gözəlliyini dərindən dərk edən şair onun bütün üslubi çalarlarından, məcazilik effektindən, obrazlılığından yerli-yerində yararlanmağı bacarır, qəlbləri fəth edən sözün ecazkar gücünü, qüdrətini söz mülkünün sultanı dahi Füzulinin söylədiyi ən uca məqamda görür:
Hərdən qılar ağzın sirrin,
Xəzinədir gizlin-gizlin.
Az götürsən ağlar qəlbin,
Kərbəladı, Nəcəfdi söz.
Şair acılı-şirinli, gəlimli-gedimli dünyanı bütün varlığı ilə duyan incə ruhunu, vətənini, qələm tutan əlini, şeir deyən dilini azad, sərbəst görmək istəyir:
Toxunmayın ruhuma, Vətənimə,
Qıymayın qələm tutan əlimə.
Yasaq qoymayın şeir deyən dilimə,
Muğamımdı, nəğmələrdi, dilimdi,
Azadlığım tənha bitən gülümdü.
Vüqar Əhməd poeziyası insanı mənəvi paklığa, təmizliyə, saflığa səsləyən bir ülviyyət poeziyasıdır. Şairin “Yağışlar “ şeirində gözlərdəki, qəlblərdəki nisgili, kədəri, qəm-qüssəni, iztirabları yuyub aparan, insanın daxili dünyasına bir sərinlik, rahatlıq gətirən yağışın poetik obrazını görürük:
Leysan yağan, narın yağan yağışlar,
Dikilibdir sənə məsum baxışlar,
Bu yağışlar mənə dünya bağışlar,
Yağ ey yağış, qəlbimə yağ, yuyulsun.
Bu misralarda həzin yağış damlaları ilə pıçıldaşan, həmsöhbət olan şairin qəlb çırpıntıları döyünür, işığa, nura boyanan ümidləri sanki yaz yağışının təmizliyində yuyunur, arınır və xoşbəxtlik vəd edən gələcəyə cığır açır, inam ifadə edir.
Vüqar Əhməd həm də 5 poema müəllifidir. Şairin yaradıcılığında müxtəlif səpkidə qələmə aldığı “Anam mənim”, “Məhəbbət poeması”, “Əski məhəllə”, “Ağlayan uşaq” və “Abşeron” poemalarının özünəməxsus yeri vardır.
Bəşəriyyətin əbədi və əzəli mövzusu olan Ana məhəbbətinin müqəddəsliyi, əvəzolunmazlığı, böyüklüyü Vüqar Əhməd yaradıcılığının əsas, aparıcı mövzularındandır. Şairin bu mövzuda qələmə aldığı “Anam mənim” poeması “Sənə qurban olsun canım, ay ana”, “Analı dünyam”, “Ana ocağı”, “Ana həm bibidir, həm də xaladır”, “Zəhmətkeş anam”, “Allah, bir kimsəni qoyma anasız”, “Nənələr”, “Ana, mənə laylay de”, “Dünyamsan mənim” və s. fəsillərdən ibarətdir. Poemada həyatın bütün əzab-əziyyətlərinə, məhrumiyyətlərinə sinə gərən, mərd, qəhrəman oğul böyüdən, övlad dərdi çəkməkdən iztirablar içərisində əriyən şəhid analarının naləsini, anasını itirən övladların həsrətini görürük. Bütün bu keyfiyyətləri özündə əks etdirən Ana Azərbaycan qadınlarının ümumiləşmiş simvolu kimi qəlblərdə heykəlləşir və əbədilik qazanır.
Vüqar Əhmədin anaya həsr etdiyi çoxsaylı əsərlərinin zirvəsində dayanan “Anam mənim” poemasında ana məhəbbətinin bəşəriliyi ön plana çəkilir, ana sevgisinin, ana nəvazişinin, ana qayğısının övlada bəxş etdiyi xoşbəxt anların, günlərin bir məlhəmə çevrilməsi, övlada yenidən ikinci həyat verməsi yüksək sənətkarlıqla mənalandırılır. Şair poemada öz anasının timsalında övladına xeyir-dua verən, onu ucalığa, əsl vətəndaşlığa səsləyən ali varlığın- Ananın yenilməz, əzəmətli obrazını yaradır:
Hifz eyləyən duasıdı,
Səsi Quran sədasıdı,
Anaların anasıdı,
Anam mənim, anam mənim.
Şairin anasına olan sevgisi bitib-tükənməzdir. O, bütün bəşəriyyəti anaları qorumağa, onları sevməyə, bu zərif və ilahi gücün qarşısında təzim etməyə səsləyir. Ruhən, qəlbən həmişə anasına bağlı olan şair daim ananın sehrkar gücünün qarşısında sanki uşaqlaşır:
Nə Günəş de, nə Ay de,
Ana, mənə laylay de.
İnsan qəlbini riqqətə gətirən bu misralarda ən gözəl musiqi olan ana laylasının Günəşdən, Aydan yüksəkdə dayandığını şair sənətkarlıqla poetikləşdirir.
Vüqar Əhmədin lirik mahiyyətli “Məhəbbət poeması”nda insanı xoşbəxtliyə, gələcəyə, nəcib və xeyirxah əməllərə, daxili zənginliyə, mənəvi ucalığa, humanizmə səsləyən əsl məhəbbətdən söhbət açılır və onun ayrı-ayrı çalarları çeşidlənərək hər birinin rəngarəngliyi poetik sözün gücü ilə yeni keyfiyyət qazanaraq oxucuya çatdırılır. Uşaqlıq illərində anaya, yeniyetməlik, gənclik illərində sevgiliyə, yetkinlik, kamillik dövründə vətənə bəslənilən bu ülvi hissin insanı gözəllik haqqında düşündürməsi, onu bəşəri duyğularla tərbiyələnməyə sövq etməsi poemanın əsl mahiyyətini açıqlayır. Təbii ki, şair vətən məhəbbətini ön plana çəkərək onu uca, ali bir zirvədə qərarlaşdırır:
Vətən məhəbbəti necə müqəddəs,
Onu sevməlidir, hər insan, hər kəs...
Şair vətənin ayrı-ayrı bölgələrindən söhbət açanda da onu doğma yurdu Azərbaycanın ayrılmaz bir parçası kimi təqdim edir. Məhz Vüqar Əhmədin ata-anasının, özünün doğulub boya-baş çatdığı Pirşağının, Binəqədinin və qədim mədəniyyətə, zəngin təbiətə malik olan Abşeronun, Xəzər dənizinin geniş epik lövhələrlə təsvirini verdiyi “Abşeron” poeması bu baxımdan diqqətəlayiqdir. Xəzərin pıçıldaşan ləpələri ilə həmsöhbət olan şair onun qeyri-adi füsunkarlığını vəsf edir, təbii nemətləri ilə şöhrətlənənən Abşeronun poetik obrazını, real mənzərlərini gözlərimiz önündə canlandırır:
Qızıl qumun dava-dərman,
Burda bitir al zəfəran.
Ana vətən Azərbaycan,
Abşeronum mənim.
Şair poemanın davamında böyük dühalar, tarixi şəxsiyyətlər- Zeynalabdin Tağıyev, Məhəmməd Əmin Rəsulzadə, Şıxəli Qurbanov, Ziya Bünyadov, Nəbi Xəzri və başqalarını yetirən bu diyarı bir tarixi məkan kimi vəsf edir, dahi sənətkarların adlarını hörmətlə xatırlayır:
Bəstəkarlar diyarıdır,
Cahangirimin yarıdır,
Qarayevin baharıdır,
Tofiqin iftixarıdır,
Abşeronum, Abşeronum.
Poema Abşeron toponimləri haqqında yazılmış tarixi bir əsər kimi də əhəmiyyətlidir. Əsərdə bu yerlərin qədim türk diyarı olması faktları xüsusi nəzərə çarpdırılır. Poema nikbin bir sonluqla tamamlanır və insanlarda gələcəyə inam hissi ifadə edir.
“Əski məhəllə” poeması mövzu və problematika baxımından “Abşeron” poeması ilə yaxından səsləşir. Şairi əski məhəlləyə bağlayan uşaqlıq illərinin xatirələri, qonaq-qaralı, çal-çağırlı, ata ocağının kövrək duyğuları və sənət dostları ilə bağlı səmimi, unudulmaz anlarıdır. Poema oxuculara da tanış olan bu təbii, həzin hiss və duyğuların fonunda qələmə alınmışdır. Əsər insanda doğma yurda və onun vətəndaşlarına məhəbbət hissi aşılayır.
Vüqar Əhmədin elmi və ədəbi-bədii yaradıcılığında Cənub mövzusu mühüm yer tutur. Şairin Güney həsrəti bütünlüklə “Təbrizim” və “Təbriz” şeirlərinin hər sözündə, hər sətrində, hər bəndində qərar tutub. İmperialist qüvvələrin ədalətsiz qərarı ilə ikiyə bölünmüş Azərbaycanın acınacaqlı taleyi şairi ciddi narahat edir, könlünü qübarlandırır:
Güneyində qalıb özüm,
Şirin ləhcəm, şirin sözüm.
Həsrətdədi mənim gözüm,
Təbrizim, ay Təbrizim.

Bölünübdür Vətən iki,
Paytaxtım var iki-iki,
Birləşmədi Təbriz-Bakı,
Təbrizim, ay Təbrizim.

Əsrlərdir davam edən bu həsrətdə nisgildə Şəhriyarın, Savalanın, Sönməzin, Süleyman Rüstəmin, Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin, Məmməd Arazın, Cabir Novruzun, Xəlil Rza Ulutürkün, Balaş Azəroğlunun, Söhrab Tahirin və bütövlükdə Güneyli-Quzeyli Azərbaycanın birliyə, həmrəyliyə çağırış ruhu səmimi və yanıqlı bir dillə izhar olunur.
Təbrizi, doğma yurdu könül qübarıyla ziyarət edən şair o müqəddəs yerdən ayrılarkən öz həzin və kövrək xatirələrini “İzim qalacaq” misralarında əbədiləşdirib:
Şəffaf bulaqda, nəmli yanaqda,
Doğma torpaqda izim qalacaq.
Təbriz, Zəncanda, Azərbaycanda,
Bu diyarda sözüm qalacaq.

Vüqar Əhmədin könül dünyasına nur çiləyən, ilham verən, yeni-yeni uğurlara səsləyən həm də şairin məhəbbət mövzulu şeirləridir. Onun lirikası zərif, həssas duyğuların vəhdətindən yaranmış nəğmə təsiri bağışlayır və insana xoş ovqat və gözəl həyat vəd edir. Şair ona sevgi dolu bir ömür bəxş edən gözələ “dünyamsan mənim” söyləməklə həm özünün sevincinin, xoşbəxtliyinin ölçüyəgəlməz olduğunu etiraf edir, həm də sevgisini bu məqama ucaldan lirik qəhrəmanı göylərin fövqünə yüksəldir. Şair onu bu kainata, sevgi dolu aləmə bağlayan şərqli qızının portretini sözlə rəsm edir:
Sanki bir dünyadı məsum baxışlar,
Qəlbindən qəlbimə yağır yağışlar,
Məhəbbətin mənə dünya bağışlar,
Dünya gözəlisən, dünyamsan mənim.

Vüqar Əhmədin şeirləri problematika, mövzu və ideya zənginliyi ilə yanaşı, dil-üslub, bədii-məcazi imkanlardan maksimum istifadə baxımından da diqqəti cəlb edir. Şairin poetik nümunələrində canlı danışıq üslubundan, xalqın zəngin folklorundan istifadə əsərlərinə orijinallıq və lakoniklik gətirir, estetik cəhətdən oxucuya zövq aşılayır. Şeirlərində sözlərdən məqamında, yerli-yerində istifadə edən şair boş sözçülüyə , mənasız ifadələrə, qafiyə xatirinə qafiyələrə yol vermir, sözdən qənaətlə yararlanır, onun məna tutumuna, fikir yükünün ağırlığına önəm verir. Şeirlərindəki təbiilik, axıcılıq, lakoniklik onların bədii təsir gücünü artırır:
Ah, necə xoşbəxtəm, bəxtiyaram mən,
Pozulmaz ilqaram, etibaram mən.
Əyilməz bir aşiq, bir Vüqaram mən,
Sevib-sevilməyi duyandan bəri.

Şair öz əsərlərində bədii təkrirlərdən, istiarələrdən, cinas qafiyələrdən sənətkarlıqla yararlansa da, heç vaxt təkrarçılığa, sxematikliyə yol vermir. Klassik ənənələrə sadiq qalan şairin əruz, heca və sərbəst vəznli şeirlərində poeziya dili üçün səciyyəvi olan ahəngdarlıq, emosionallıq, sərrastlıq, axıcılıq və yığcamlıq xarakterikdir. Vüqar Əhməd poeziyasında ənənə və novatorluğun sintezindən yaranan bir üslub formalaşdırmışdır:
Bir incidir, sədəfdir söz,
Bəd sözlərə bənd olma heç.
Sonu uzun kələfdi söz,
Bulağından doyunca iç.

Vüqar Əhməd həm də hekayə, roman, dram əsərləri ilə də ədəbiyyatımızda özünəməxsus yer tutur. Azərbaycan ədəbiyyatında zəngin ənənələrə malik olan hekayə janrının maraqlı nümunələrinə Vüqar Əhməd yaradıcılığında da rast gəlinir. Yazıçının nəsr yaradıcılığında kiçik həcmli, yığcam, lakonik, dərin mənalı hekayələrinin xüsusi yeri vardır. “Duzsuzluq” adlı ilk hekayəsi Gürcüstanda nəşr edilən “Qeyrət” qəzetinin 13 avqust, 1994-cü il tarixli sayında çap olunub. “Aktyorun dəfni”, “Təzə zibil”, “Bayatı-nəqşicahan”, “Qulaqsız”, “Bir daha yüksələn bayraq, bir daha enməz”, “Qastrol”, “Milli Məclis”, “Dünyanın xoşbəxti mənəm dünyada” hekayələrində yazıçı cəmiyyətimizdə baş verən hadisə və əhvalatları real və canlı səhnələrlə, müxtəlif xarakterli obrazlar vasitəsilə oxuculara çatdırır. Dinamiklik, dərin ümumiləşdirmə gücü, həyati detallar, ailə-məişət problemləri bu hekayələrin əsas leytmotivinə çevrilmişdir.

Vüqar Əhməd dramaturgiya sahəsində də qələmini sınamışdır. Yazıçı “Ulduzların yağışı”, “Hazıra nazir”, “Dil pəhləvanı” komediyalarında cəmiyyətdə hökm sürən nöqsanları, eyib və qüsurları, daxili və mənəvi aşınmaları tənqid hədəfinə çevirir.
Vüqar Əhmədin yaradıcılığında onun “Qarabağ yuxusu və yaxud yuxuda qələbə” (2012), “Qaradağlılıar trilogiyası” (2014), “Son nəfəsədək Azərbaycan” (2014) və “Koroğlu” (2020) romanlarının xüsusi yeri vardır.
“Qarabağ yuxusu və yaxud yuxuda qələbə” avtobioqrafik romanında vətən torpaqlarının bütövlüyü naminə xalqı mübarizəyə və birliyə çağırış ideyası ön plana çəkilir. Qarabağın azadlığını, qalibiyyətini yuxuda görən yazıçı real gerçəkliklə irreal məkan, röya arasında bir körpü yaradaraq yuxularının gerçəkləşəcəyinə inam ifadə edir: “Bircə onu bilirəm ki, bu yuxu olsa da, ruhum həqiqətən Qarabağa getmişdi. Bu arzu olunan, gerçəkləşən bir röya idi, əfsanəvi həqiqət idi. Mən inanıram ki, uca yaradan bu yuxunu gerçəyə çevirəcək və türk oğlu türk düşmənin burnunu ovub Qarabağı azad edəcək”.
Doğrudan da, yazıçının romanda uzaqgörənliklə əks etdirdiyi tarixi qələbəni Azərbaycan xalqı 8 il sonra, 2020- ci ilin noyabrında qazana bildi.
Yazıçının “Qaradağlılar” romanı Azərbaycan xalqının tarixi dövlətçilik ənənələrini, milli yaddaşa qayıdışını tarixi-xronoloji ardıcıllıqla əks etdirən dəyərli bir əsərdir. Müəllif romanda baş verən hadisə və əhvalatları dəqiq, sərrast faktlar əsasında və obrazlı şəkildə, geniş epik lövhələrlə canlandırır. Əsər bu yüksək məziyyətləri ilə yanaşı, həm də zəngin məlumatları özündə ehtiva edən ensiklopedik xarakterli roman kimi də olduqca əhəmiyyətlidir.
Yazıçının “Son nəfəsədək Azərbaycan” romanında Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan xalqına göstərdiyi danılmaz xidmətlər, Azərbaycan Demokratik Cümhuriyyətini yaradanların heyrətamiz vətənpərvərliyi, fövqəladə siyasi fəaliyyətləri, xalqın qeyrətli oğullarının Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsi Qafqaz İslam Ordusunun Azərbaycanı kafirlərin caynağından xilas etmək üçün apardığı ölüm-dirim savaşları, daşnakların, onların başçısı Stepan Şaumyanın və ümumiyyətlə, ermənilərin xalqımıza qarşı apardığı soyqırım siyasəti, Şura hökumətinin vətənimizə gətirdiyi bəlalar öz əksini tapmışdır. Yazıçı “Son nəfəsədək Azərbaycan” əsərində real, təbii, gerçək hadisələri qələmə almışdır. Roman ilk dəfə 22 noyabr 2013-cü il “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı”na müvafiq olaraq çap edilib. Əsərdə oxucular üçün olduqca maraqlı tarixi faktlara, macəralı səhnələrə və dramatik lövhələrə geniş yer verilmişdir.

Tarixi mövzuda yazdığı "Koroğlu"(2020) romanı Vüqar Əhmədin dördüncü romanıdır. Vüqar Əhmədin “Koroğlu” dastanının motivləri əsasında qələmə aldığı romanı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə ithaf olunub.
Vüqar Əhmədin yaradıcılığının bir istiqamətini də onun elmi fəaliyyəti təşkil edir. Professor Vüqar Əhməd XX əsrin əvvələrindəki milli ədəbi əlaqələri, klassik ədəbiyyatı, Güney və Quzey Azərbaycan ədəbiyyatının tarixi təkamül prosesini, görkəmli şair və yazıçıların ədəbi yaradıcılığını diqqətlə araşdırıb aşkara çıxaran və tədqiqat predmetinə çevirən istedadlı tədqiqatçılardandır. Alimin XX əsr, XXI əsrin əvvələrində yaranan ədəbiyyatımıza, publisistika və nəzəri fikir tariximizə aid orijinal araşdırmalarını ədəbiyyatşünaslığımızın tədqiqi istiqamətində uğurlu addım kimi dəyərləndirmək olar. Arxiv sənədləri, tarixi mənbələr əsasında Şeyx Məhəmməd Xiyabani və Mir Cəfər Pişəvəri haqqında ilk araşdırmalar məhz Vüqar Əhmədə məxsusdur.
Professor Vüqar Əhmədin gərgin, səmərəli axtarışları nəticəsində meydana gələn “Mircəfər Pişəvərinin həyatı, mühiti və yaradıcılığı (Bakı, 1998) və Şeyx Məhəmməd Xiyabani (Bakı, 2010) monoqrafiyaları Cənubi Azərbaycan ədəbiyyatının öyrənilməsi baxımından ən dəyərli mənbələrdəndir.
Vüqar Əhməd Azərbaycan ədəbiyyatının əsas istiqamətlərindən birini təşkil edən uşaq ədəbiyyatının öyrənilməsi və təbliği sahəsində də tədqiqatlar aparmışdır. Alimin müstəqillik illərində çağdaş ədəbi-nəzəri aspektdə qələmə aldığı “Azərbaycan uşaq ədəbiyyatı” (Bakı, 2006) dərsliyi ali məktəblərdə istifadə edilən maraqlı tədris vəsaitlərindən biridir.
Tədqiqatçı Azərbaycan-rus ədəbi əlaqələrinin inkişafı ilə bağlı səmərəli axtarışlar aparmış və bunun nəticəsi olaraq “Rus uşaq ədəbiyyatı və Azərbaycan” (1992) adlı monoqrafiyasını yazmışdır. Müəllif tədqiqatda inqilaba qədərki Azərbaycan-rus ədəbi əlaqələrini araşdıran ədəbiyyatşünasların zəngin irsindən yaradıcılıqla bəhrələnmiş, problemə yeni aspektdən yanaşmış və ilk dəfə olaraq tarixi-geneoloji və müqayisəli-tipoloji metoddan istifadə yolu ilə orijinal bir dərslik yaratmışdır.
Vüqar Əhmədin 1993-cü ildə “Azərbaycan dünyası” nəşriyyatında “Hər kəsin öz səsi” adlı kitabı nəşr olunmuşdur. Yazıçı kitabda toplanmış publisist yazılarında, ədəbi-tənqidi məqalələrində həm klassiklərə, həm də çağdaş dövrün ədəbiyyat və sənət adamlarına münasibətini ifadə etmiş, bu sənətkarların özünəməxsusluğunu ustalıqla, obrazlı şəkildə tədqiqata cəlb etmişdir.

Vüqar Əhmədin yaradıcılığı çox zəngindir. Onun çoxşaxəli yaradıcılığı haqqında alimlərdən Kamal Talıbzadə, İsa Həbibbəyli, Vasim Məmmədəliyev, Yaşar Qarayev, Lalə Əlizadə, Loğman Rəşidzadə, Əzizağa Nəcəfzadə, Fərrux Həsənov, Gülbəniz Babayeva, Dilbər Rzayeva, Elman Quliyev, Rasim Nəbioğlu, Buludxan Xəlilov, Alim Nəbioğlu, şairlərdən Məmməd Araz, Musa Ələkbərli, Tofiq İmişli, Ağasəfa, Güney Azərbaycandan doktor Cavad Heyət, şair Savalan və başqaları qəzet və jurnallarda müxtəlif yazılar çap etdirmişlər.
Zəngin, çoxşaxəli yaradıcılığı ilə Azərbaycan elminə, milli ədəbiyyatımıza və mədəniyyətimizə böyük töhfələr verən şair, yazıçı, alim, publisist Vüqar Əhmədi 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları və müvəffəqiyyətlər arzulayırıq!

Gülbəniz Babayeva
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Mətbuat tarixi və publisistika şöbəsinin
aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru,dosent


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi