Füzulidə yas mərasimləri: Sadə, təmtəraqdan uzaq, islami qaydalara uyğun keçirilir - FOTO
2014-cü ilin avqust ayından etibarən Füzuli rayonunda yas mərasimləri, ehsan süfrələri təmtəraqdan uzaq, islami qaydalara uyğun, sadə və israfsız keçirilir. Rayonda ehsan süfrələrində çay, qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədəuyğun sayılır. Yas mərasimlərində israfçılığın qarşısının alınması, ehsan süfrələrinin sadə, islami qaydalara uyğun keçirilməsi rayon ictimaiyyəti tərəfindən müsbət qarşılanır. Əgər əvvəllər yas sahibi 3, 7, 40 və cümə axşamları üçün orta hesabla 6-8 min manat pul xərcləməli olurdusa, hazırda ehsan məclislərini orta hesabla 600-800 manatla yola vermək olur. Ehsan məclislərinin təmtəraqdan uzaq, israf etmədən keçirilməsi sadə vətəndaşları maddi cəhətdən də rahatladır.
Rayonun imamı Nəriman Nəsirov deyir ki, 2014-cü ildən hal-hazıra kimi rayonun ərazisində 1400-dən çox yas mərasimi olub ki, həmin mərasimlərdə ehsan süfrələri sadə, israfçılıqdan uzaq islami qaydalara uyğun keçirilib. Nəticədə orta hesabla rayonda 10 milyon manata yaxın vəsaitə qənaət olunub ki, həmin vəsaiti vətəndaşlar digər sosial problemlərinə sərf ediblər.