Prezidentin “Qobu Park-3”dəki çıxışı: Ötən il dövlətin bir məcburi köçkünə xərclədiyi vəsait - RƏQƏMLƏR
Mayın 28-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışı olub.
Açılışda Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak ediblər.
Kompleksdəki mənzillərin ümumi sayı 1336-dır. Onların 156-sı bir, 580-i iki, 384-ü üç, 216-sı dördotaqlıdır. Bütün mənzillər mətbəx mebeli, soyuducu, fərdi kombi sistemi ilə təchiz edilib. Bu kompleksə, əsasən, Yasamal rayonundakı yataqxanalarda məskunlaşan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulub.
“Qobu Park-3” yaşayış kompleksi qaçqın və məcburi köçkünlər üçün salınmış 111-ci qəsəbədir. Kompleksin ərazisində istehsalat sahələri, ticarət obyektləri və digər zəruri infrastruktur yaradılıb.
Sifarişçisi “Paşa Holding”, podratçısı isə “Kristal Abşeron” MTK olan yeni qəsəbə Lökbatanda istifadəyə verilən “Qobu Park-1” və “Qobu Park-2” yaşayış komplekslərinin yanında inşa edilib.
Bütün bu yaşayış komplekslərinin inşası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.
Ümumilikdə indiyədək 100-dən çox qəsəbə-şəhərcik salınıb, 300 mindən çox məcburi köçkün mənzillərlə, fərdi evlərlə təmin olunub.
Bütövlükdə dövlətin məcburi köçkünlər, Qarabağ əlilləri və şəhid ailələri ilə bağlı proqramının miqyası son illərdə daha da genişlənib.
Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatında bildirilir ki, ötən il məcburi köçkünlərin mənzil-məişət və sosial problemlərinin həlli məqsədilə dövlət büdcəsindən 196,4 milyon manat və Dövlət Neft Fondundan 200 milyon manat vəsait ayrılıb.
Ötən il Bakının Qaradağ rayonunda “Ümid-2” qəsəbəsində 300, Abşeron rayonu ərazisində 1001, Sumqayıt şəhərində 1005 mənzilli yaşayış komplekslərinə məcburi köçkünlərin köçürülməsi təmin edilib.
Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, gözdən əlillər 934 mənzil və ya fərdi evlə təmin olunub.
Prezident İlham Əliyev açılışda çıxış edərkən deyib ki, məcburi köçkünlərin problemləri ardıcıl şəkildə öz həllini tapır. İlham Əliyev dövlətin məcburi köçkünlərlə bağlı perspektiv proqramından da danışıb.
Qarşıya qoyulan hədəflərə görə, 2020-ci ildə məcburi köçkünlərə 7-8 min mənzilin verilməsi gözlənilir.
Prezident bildirib ki, buna nail olunsa, bir il ərzində Bakıda, Sumqayıtda və digər şəhərlərdə təqribən 40 minə yaxın insan yeni evlərə köçürüləcək.
“Bu işlər ardıcıllıqla aparılır” deyən Prezident əlavə edib ki, gələn ilin investisiya proqramında da bu məqsədlər üçün vəsait ayrılacaq.
Dövlət məcburi köçkünləri yeni mənzillərlə təmin etməkdə davam edir, bununla paralel olaraq onların maddi vəziyyətinin də yaxşılaşdırılmasını da prioritet hesab edir.
Prezident qeyd edib ki, ötən il köçkünlərə verilən müavinətin həcmi 50 faiz artıb.
Hökumətin ötən ilki fəaliyyəti barədə hesabatına əsasən, 2019-cu il ərzində 495,3 min məcburi köçkünə 304,9 milyon manat vahid aylıq müavinət ödənilib.
Hesabat ilində bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi orta hesabla 956 manat təşkil edib.
2019-cu ildə 12,4 min tələbənin təhsil haqqı üçün dövlət büdcəsindən 18,3 milyon manat vəsait ayrılıb.
Statistik rəqəmlərdən göründüyü kimi, Azərbaycan dövləti Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz dədə-baba torpaqlarından didərgin düşmüş vətəndaşların problemlərinin həllini həmişə ön planda tutur.
Ölkəpress.com