olkepress.com
olkepress.com

Prezidentə yazırlar: “İnsanlara verdiyiniz yüksək dəyər qəlbimdə böyük qürur hissi yaradıb” – MƏKTUBLAR

29-04-2020, 13:17

Prezidentə yazırlar: “İnsanlara verdiyiniz yüksək dəyər qəlbimdə böyük qürur hissi yaradıb” – MƏKTUBLARAzərbaycanın bütün regionlarından Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir. Əhalinin ünvanladığı müraciətlərdə dövlətin koronavirusun ölkə üzrə yayılmasının qarşısının alınması istiqamətində gördüyü tədbirlər təqdir olunur.

Məktublarda qeyd olunur ki, Prezidentin birbaşa nəzarəti ilə koronavirusa qarşı mübarizə effekt verir. Həmin məktubların bir qismini təqdim edirik.

Samuxdan Milli Qəhrəman Eltun İsgəndərovun valideynləri - Xaləddin İsgəndərov və Münəvvər İsgəndərova yazırlar:

“Möhtərəm cənab Prezident.

Xalqımızın və bütün dünyanın ağır sınaqdan keçdiyi bir dövrdə göstərdiyiniz vətənpərvərlik mövqeyinə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Hətta dünyanın ən güclü dövlətlərinin belə tədbir görməkdə gecikdiyi zamanda Sizin göstərdiyiniz qayğı və diqqət bizim bu sınaqdan da üzüağ çıxmağımızın göstəricisi və qarantıdır. Siz insanlara çox kömək edirsiniz. Bunu hamı bilir. Allah Sizdən razı olsun. Koronavirusla əlaqədar xalqa müraciətiniz bir daha göstərdi ki, Siz xalqın yanındasınız, ona kömək göstərirsiniz. Sizin müraciətiniz bu həssas məqamda insanlara ruh yüksəkliyi verdi. İnsanların təşvişə düşməmələri üçün bu müraciət çox vacib idi və Siz bunu etdiniz. Biz bir daha əmin olduq ki, ən çətin məqamda belə güvənə biləcəyimiz Prezidentimiz var. Ulu Tanrı Sizi qorusun. Nə yaxşı ki, varsınız”.

Şəkidən Orta Zəyzid kəndindən 7-ci sinif şagirdi Nurlan Qədirli məktubunda bildirir:

“Hörmətli cənab Prezident.

Karantin müddətində insanlara göstərdiyiniz qayğıya, həkimlərə ayırdığınız diqqətə görə Sizə ailəmiz adından minnətdarlığımızı bildirir, uzun ömür, can sağlığı arzulayırıq. Sizin həkimlərlə görüşünüzdə onları ayaq üstə alqışlamağınız mənim heç vaxt yadımdan çıxmayacaq. Çünki mənim əmim də həkimdir. İnşallah, bu virus ötüb keçər və hər şey öz axarına qayıdar”.

Bakının Binə qəsəbəsindən 6-cı sinif şagirdi Nuriyyə Nəsirova qeyd edir:

“Hörmətli cənab Prezident.

Koronavirus xəstəliyi ilə mübarizədə verdiyiniz qərar və göstərişlərin məqsədinin ölkəmizi, Azərbaycan xalqını qorumaq və onun sağlamlığının qeydinə qalmaq olduğunu çox gözəl dərk edirik. İnanırıq ki, Sizin sayənizdə tez bir zamanda bu bəladan qurtulacağıq.

Sizin “Biz birlikdə güclüyük!” çağırışınıza uşaqdan böyüyə hamımız qoşularaq, hər zaman Sizə dəstək olmağa hazırıq.

Bu günlərdə bütün dünyaya dövlətimizin güclü olduğunu sübut etdiniz. Buna görə biz Sizinlə fəxr etdik.

Cənab Prezident, ailə üzvlərimin və sinif yoldaşlarımın adından Sizə və Mehriban xanıma təşəkkür edir, Ramazan günlərində Uca Allahdan Sizi və xalqımızı qorumasını arzu edirik”.

Qubadlı rayon Ağsaqqallar Şurasının sədri Əvəz Həsənov yazır:

“Çox hörmətli cənab Prezident.

Azərbaycan xalqı çox xoşbəxt xalqdır ki, qayğıkeşliyi, humanistliyi ilə örnək olan Sizin kimi Prezidenti var. Mən bir neçə dəfə Sizin ictimaiyyət nümayəndələri ilə görüşlərinizdə olmuşam. Sizin qayğıkeşliyiniz, sadəliyiniz, insanlara verdiyiniz yüksək dəyər qəlbimdə böyük qürur hissi yaradıb.

Bu gün dünyanı bürüyən koronavirus pandemiyası respublikamızdan da yan keçməyib. Hər gün dünyada yüzlərlə insan bu pandemiyanın qurbanı olur. Koronavirus pandemiyasına qarşı gördüyünüz qabaqlayıcı tədbirlər xalqımızı bu bəladan xilas etməkdədir. Karantin rejimi dövründə işləməyənlərə birdəfəlik yardımların verilməsi Sizin xalqımıza göstərdiyiniz qayğının növbəti nümunəsidir.

Hörmətli cənab Prezident, Qubadlı rayonunun əhalisi Sizin daxili və xarici siyasətinizi dəstəkləyir və Sizin ətrafınızda sıx birləşib. Gördüyünüz işlərə görə rayonumuzun ağsaqqalları adından Sizə təşəkkürümü bildirir, Sizə və ailənizə uzun ömür, can sağlığı arzu edirəm. Allah Sizi və ailənizi qorusun”.

Mingəçevirdən Ruslan Rüstəmov bildirir:

“Hörmətli cənab Prezident.

Sizi Mingəçevir səhərindən salamlayıram. Dünyanı sarsıtmış koronavirus pandemiyasına qarşı ölkəmizdə görülən işlərə, xüsusən səhiyyəmizə və vətəndaşlarımızın sağlamlığına göstərilən diqqətə görə şəhərimizin sakinləri adından Sizə minnətdarlığımızı bildiririk. Siz gördüyünüz işlərlə və verdiyiniz qərarlarla hər zaman vətəndaşın yanında olduğunuzu bir daha sübut etdiniz. İnanırıq ki, doğma ölkəmizdə həyat yenidən öz axarına düşəcək.

Cənab Prezident, Sizin və Mehriban xanımın bu dar gündə xalqımıza verdiyiniz dəstəyə görə təşəkkür edirəm. Allah-Təala Sizi və ailənizi qorusun. Amin. İnşallah, bu gözəl Ramazan ayında Azərbaycanımız gözəl əhval-ruhiyyədə olacaq”.

Neftçaladan Fərhad Baxışov məktubunda qeyd edir:

“Hörmətli cənab Prezident.

Koronavirus pandemiyası elə bir qlobal çağırışa səbəb oldu ki, dünya birliyinin bütün üzvlərini eyni amal uğrunda səmimi niyyətlə birləşməyə sövq etdi. Sizin rəhbərliyinizlə dövlətimiz tərəfindən pandemiyanın geniş yayılmasının qarşısını almaq üçün həyata keçirilən tədbirlər nümunəvi model kimi ixrac olunur. Dünyanın aparıcı dövlətləri virusla mübarizədə acizlik nümayiş etdirdikəri halda, Sizin ardıcıl və hesablanmış qərarlarınız sayəsində ölkəmiz infeksiyanın pik həddini geridə qoyub. İnsanların sağlamlığının qorunması ilə yanaşı, iqtisadi fəallığın azaldığı və neftin qiymətinin kəskin düşdüyü halda əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində qəbul etdiyiniz qərarlar, verdiyiniz tapşırıqlar kiçikdən-böyüyə hər kəsin sevincinə səbəb olur. Bizim sağlamlığımızı, təhlükəsizliyimizi, maliyyə imkanlarımızı, bir sözlə, həyatımızı qoruduğunuz üçün sizə təşəkkür edirik. Bütün Azərbaycan xalqı Sizə inanır, arxayındır və minnətdardır”.

Xocalıdan məcburi köçkün Seymur Çobanov məktubunda yazır:

“Möhtərəm cənab Prezidentim.

Mən Xocalıdan məcburi köçkün, eyni zamanda, şəhid övladıyam. Dünyada gedən bu ağır, çətin proseslərdə hətta inkişaf etmiş dövlətlərin də aciz qaldığı dövrdə Sizin qətiyyətli, uzaqgörən siyasətiniz və öncədən gördüyünüz qətiyyətli tədbirlər nəticəsində dövlətimiz, xalqımız bu çətinlikdən də üzüağ və güclü çıxa bildi. Bunun üçün biz Sizə - öz müdrik Prezidentimizə borcluyuq. Yaxşı ki, varsınız və nə yaxşı ki, bizim, bu gözəl ölkəmizin rəhbərisiniz.

Cənab Prezidentim, biz qarabağlılar, bütün xalqımız inanırıq ki, Sizin rəhbərliyinizlə tez bir zamanda erməni virusuna da qalib gələcəyik və doğma torpaqlarımızı düşməndən azad edəcəyik. Allah Sizi qorusun, qəlbən sevdiyimiz müdrik Prezidentimiz”.

Şəkidən Rəna Ağabəyli bildirir:

“Möhtərəm cənab Prezident.

Artıq bir neçə aydır dünyanı lərzəyə gətirən koronavirus pandemiyasından minlərlə insan dünyasını dəyişib. Ayrı-ayrı ölkələrdə müşahidə olunan acınacaqlı vəziyyət insanı dəhşətə gətirir. Bu çətin vəziyyət ölkəmizdə də müşahidə oluna bilərdi, lakin Sizin uzaqgörənliyiniz və diqqətiniz sayəsində ölkəmiz İran, İtaliya, İspaniya kimi dövlətlərin vəziyyətinə düşməkdən xilas oldu. Məktəb və bir sıra müəssisələrin bağlanması, xüsusi karantin rejiminin tətbiq olunması, avtomobil yollarında hərəkətin məhdudlaşdırılması bu virusa yoluxmanın qarşısını almağa kömək etdi. Həmçinin, tibb işçilərimizin, polis orqanlarında işləyən şəxslərin ayıq-sayıqlığı nəticəsində ölkəmizdə vəziyyət nəzarət altındadır.

Hörmətli Cənab Prezident, bu çətin dövrdə Sizin və Mehriban xanım Əliyevanın öz maaşını pandemiya ilə mübarizə tədbirləri üçün yaradılmış fonda bağışlaması, minlərlə işsiz ailə üçün birdəfəlik yardımların göstərilməsi ilə bağlı Sərəncamlarınız çox təqdirəlayiqdir. Bununla Siz ölkə əhalisinin qayğısına qaldığınızı bir daha sübut etdiniz. Bu xalq Sizə və Mehriban xanıma çox güvənir, çox inam bəsləyir. Əmin olun ki, biz həmişə Sizinləyik və Sizə daim minnətdarıq”.

Yevlaxdan Fərid Vaqifli qeyd edir:

“Hörmətli cənab Prezident.

Bu məktubu Sizin məqsədyönlü siyasi xəttinizi özünə məktəb bilən gənclərin adından yazıram. Bütün dünyanı bürümüş koronavirus Azərbaycandan da yan keçmədi. Lakin güclü dövlətlərin böyük insan tələfatı ilə üzləşdiyi halda, Sizin sayənizdə ölkəmiz az itki ilə pandemiyadan qurtulmaq üzrədir. Məhz Sizin ciddi tapşırıq və nəzarətiniz virusun ölkəmizdə geniş yayılmasının qarşısını aldı.

Epidemiyanın sürətlə yayıldığı ölkələrdə yaşayan və təhsil alan vətəndaşlarımızı çarəsiz vəziyyətdən məhz Sizin xeyirxahlığınız çıxardı. Qısa zaman kəsiyində ölkəmizdə tibbi maska istehsalının təşkili də Sizin əzmkarlığınız sayəsində oldu. Xəstələrin bütün ehtiyacları dövlət tərəfindən ödənildi.

Xalqımız bir daha əmin oldu ki, seçimində yanılmayıb. Sizin kimi yüksək idarəçilik qabiliyyətinə malik, Azərbaycan vətəndaşının rifahını hər şeydən üstün tutan bir rəhbərlə biz bütün çətinliklərin öhdəsindən gələrik.

Cənab Prezident, Siz biz gənclərin idealısınız. Biz Sizin yaratdığınız məktəbin tələbələriyik və bununla fəxr edirik. Allah Sizi qorusun”.

Şamaxıdan Almas Baloğlanova yazır:

“Hörmətli Prezidentim.

Bir ağbirçək ana kimi Sizə və Mehriban xanıma şəxsən öz adımdan və ailəmin adımdan dərin minnətdarlığımı bildirirəm. Siz Azərbaycan xalqının ümid yeri, pənah gətirdiyi insansınız. Şükürlər olsun ki, uzaqgörənliklə başlatdığınız və birbaşa rəhbərliyinizlə həyata keçirilən tədbirlər nəticəsində pandemiya ölkəmiz üçün faciəvi nəticələrə gətirib çıxarmadı. Mən - ağbirçək bir ana hər dəfə namaz qılanda Sizə saatlarla dua edirəm. Allah Sizə bu məsuliyyətli işlərinizdə kömək olsun.

Siz 600 min ailəyə 190 manat birdəfəlik ödənişin edilməsi ilə bağlı göstəriş vermisiniz. Sizin xalqımıza göstərdiyiniz qayğılar nəticəsində mənim kimi ahıl şəxslər də sosial qayğı ilə hərtərəfli təmin olunurlar.

Mən SSRİ dövrünü və ondan sonrakı - ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməmişdən qabaqkı dövrləri yaxşı xatırlayıram. O zamanlar pensiyanın, verilən bütün sosial ödənişlərin su, qaz, işıq kimi kommunal xidmətlərə yetmədiyinin şahidi olmuşam. Hazırda isə yaşa görə verilən təqaüd həm qaz, işıq, su kimi kommunal xidmətlərdən istifadə üçün, həm də rifahımız üçün yetərlidir. Biz yaşlı nəslə dəstəyinizi daha aydın görür, öz növbəmizdə Sizin siyasətinizi alqışlayırıq.

Mən 81 yaşlı ağbirçək ana olaraq, Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan xalqı Sizinlə fəxr edir”.

Qubadlıdan məcburi köçkün Fuad Bədəlov məktubunda bildirir:

“Möhtərəm cənab Prezident.

Dünyanı bürüyən koronavirus pandemiyasına qarşı mübarizə sahəsində vətəndaşların sağlamlığını düşünərək görülən tədbirlərin yüksək səviyyədə təşkilinə görə bir təhsil işçisi kimi Sizə öz minnətdarlığımı bildirirəm. Sizin vətənpərvərliyiniz hər birimiz üçün nümunədir. Siyasətinizin əsasını həmişə vətəndaş amili, xalqına, dövlətinə yorulmadan göstərdiyiniz xidmət təşkil edir. Bu yolda Sizə uğurlar arzulayıram.

Cənab Prezident, qeyd etmək istəyirəm ki, Sizin "Biz birlikdə güclüyük!" şüarınıza sadiq qalaraq biz hər zaman Sizinləyik. Allah Sizi qorusun”.

Gəncədən Rəfiqə Qurbanova qeyd edir:

“Hörmətli cənab Prezident.

Sizə bütün şəhid bacılarının adından təşəkkürümü bildirirəm. Siz Azərbaycan xalqına böyük qayğı göstərirsiniz. Bizim qardaşlarımız Vətən yolunda şəhid olublar, lakin özümüzü qardaşsız, arxasız hiss etmirik. Çünki Sizin diqqətinizlə, qayğınızla əhatə olunmuşuq.

Qəsəbəmizdə yaşayan aztəminatlı ailələr bu günlərdə yardımlarla təmin olunurlar. Onlar bir daha əmin oldular ki, dövlətimiz hər an onları düşünür.

Ailə üzvlərimin adından Sizə dərin təşəkkürümü bildirirəm. Dualarımız Sizinlədir”.

Salyandan Nilufər Bəşirova yazır:

“Hörmətli cənab Prezidentimiz.

Mən bu məktubu yazmağı bir vətəndaş olaraq özümə borc bildim. Bu gün dünyanın 200-dən çox ölkəsində yayılan COVİD-19 pandemiyası ilə üz-üzə qalan Azərbaycan digər ölkələrlə müqayisədə çox az itki verib. Bu Sizin vaxtında Nazirlər Kabinetinə verdiyiniz qabaqlayıcı göstəriş və gördüyünüz tədbirlərin sayəsində mümkün olub. Sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejimi, səhiyyə ocaqlarındakı qaynar xətlər, virusla bağlı maarifləndirmə işləri xalqımızı nə qədər düşündüyünüzün bariz nümunəsidir. Sosial rifahın inkişafı üçün maddi dəstəyiniz əvəzolunmazdır. Karantin rejimi əvvəl hamıda çaşqınlıq yaratsa da, bu gün hamı bu addımın nə qədər doğru qərar olduğunu anlayır. Xalqına daim arxa, dayaq bir Prezidentinin olması qürurvericidir. Belə çətin günlərdə maddi və mənəvi dəstəyiniz üçün mən şəxsən öz adımdan və işlədiyim Salyan rayon Arbatan kənd tam orta məktəbinin kollektivi adından Sizə dərin minnətdarlığımı bildirirəm. Birliyimiz və Sizin uğurlu fəaliyyətiniz daimi olsun. Sizi sevirik”.

Samuxdan İlyas Ləzgiyev və başqaları bildirir:

“Hörmətli cənab Prezident.

Azərbaycan Prezidenti kimi ölkəmizin bütün sahələrdə inkişafı, xalqımızın sağlam və gümrah olması üçün böyük işlər görürsünüz. Siz və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ölkəmizdə yeni məktəblərin, uşaq bağçalarının tikilməsinə böyük diqqət göstərirsiniz. Siz gördüyünüz işlərlə bütün Azərbaycan xalqı kimi, Samux rayonunun Sərkar kəndinin ağsaqqallarının və ziyalılarının da rəğbətini qazanmısınız.

Bu yaxınlarda altı minə yaxın əhalisi olan Sərkar kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə üçmərtəbəli, 800 yerlik məktəb binasının və 100 yerlik uşaq bağçasının tikintisinə başlanılması sakinlərin böyük sevincinə səbəb oldu.

Siz dünyanı bürüyən koronavirus bəlasından xalqımızı xilas etmək və onun sağlamlığını qorumaq üçün gecə-gündüz çalışırsınız. Bu günlərdə Sizin və Mehriban xanımın kəndimizdə imkansız ailələrə, əlillərə, qocalara, şəhid və Qarabağ müharibəsi əlillərinin ailələrinə etdiyiniz bu yardımlara görə Sizə minnətdarlığımızı bildiririk. Əminik ki, bizim sağlamlığımızın keşiyində müdrik və uzaqgörən Prezidentimiz dayanır. Ulu Tanrı Sizi və Mehriban xanımı qorusun”.

Bakı sakini Sevda Alxasova məktubunda qeyd edir:

“Möhtərəm və dəyərli Prezidentimiz.

Əvvəlcə onu deyim ki, ailəmin və yaşadığım Pirallahı rayonu 168 saylı məktəbin müəllim kollektivinin Sizə və ailənizə bu müqəddəs Ramazan ayında duaları vardır.

Pandemiyanın ilk vaxtlarında çox təlaşlı günlər yaşadım. Ermənilərin Qarabağda Şuşa və Laçını işğal edərkən Alazan tipli raketlərlə evlərimizi bombaladığının şahidi olmuşam. Körpələrimi götürüb evimizin zirzəmisində qalmışam, ancaq qorxmamışam. Bu gözəgörünməz düşməndən isə çox qorxdum. Televizorda xəbərləri izləyəndə Sizin çox möhtəşəm, inamlı və qürurverici nitqiniz, dəyərli Birinci vitse-prezidentimiz Mehriban xanımın müraciəti mənə bir ümid, təsəlli oldu. “Uca Allahımıza şükür olsun!” deyərək əmin oldum ki, ölkəmizin taleyi etibarlı əllərdədir. Ulu Öndərimizin yaratdığı müasir müstəqil Azərbaycan onun şah əsəridir. Siz isə bu şah əsərin növbəti layiqli səhifələrini yazan ədalətli, mətin və mübarizələrdən qalib çıxmağı bacaran Lidersiniz.

Cənab Prezident, Siz hadisələri gecə-gündüz nəzarətdə saxlamaqla, lazımi tapşırıqlar verməklə bu bəlanın təsirlərini minimuma endirə bildiniz və hər bir vətəndaşınızın yanında olmağı bacardınız. Mən və eləcə də mənim kimi minlərlə insan Sizin bu xeyirxah əməllərinizin canlı şahidləriyik. Bütün bunları saymaqla bitirmək, bir məktuba sığdırmaq mümkün deyil. Bu gün dünyaya meydan oxuyan pandemiya göydə Uca Allahımızın, yerdə Sizin sayənizdə Azərbaycanda tüğyan edə bilmədi. Nə yaxşı ki, varsınız...”

Salyandan Tehran Ağabəyova yazır:

“Çox hörmətli cənab Prezident.

Ölkəmizin koronavirus pandemiyası ilə üz-üzə olduğu bir dövrdə Sizin uzaqgörən siyasətiniz və verdiyiniz qərarlar nəticəsində dövlətimiz bu sınağın da öhdəsindən məharətlə gəlməkdədir. Bütün dünya ölkələrindəki kimi, bizim səhiyyəmiz də hazırda çətin bir sınaqla üz-üzə qalıb. Bu sınaqdan ən yaxşı şəkildə, uğurla çıxmaq üçün ölkəmizin bütün tibb işçiləri səfərbər olublar. Mən bir həkim kimi məsuliyyətimi dərk edərək ailəmi və iki azyaşlı övladımı evdə qoyaraq xəstələrimizi müalicə etmək məqsədilə Astara Rayon Mərkəzi Xəstəxanasına ezam olundum. Sizin göstərişinizlə koronavirus xəstələrinə ən yüksək xidmətin göstərilməsi üçün yüksək səviyyədə təmin olunmuş xəstəxanada yaradılan şərait, göstərilən diqqət və qayğının şahidi oldum. Bütün bu gördüklərim dövlətimi, xalqımı, Prezidentimi sevən bir həkim kimi mənə mənəvi güc verdi. Bu çətin dövrdə Sizin də yanımızda olmağınız, bizə dəstək verməyiniz, çıxışlarınızla, müraciətlərinizlə, mükafatlarınızla səhiyyə işçilərimizi dəyərləndirməyiniz bizim ruh yüksəkliyimiz üçün ən böyük amildir.

Əziz Prezidentimiz, ölkə vətəndaşlarının sağlamlığının qorunması naminə gördüyünüz işlərə görə bir həkim kimi Sizə təşəkkür edir, müstəqil Azərbaycanımızın daha da çiçəklənməsi uğrunda gələcək işlərinizdə yeni nailiyyətlər arzulayıram”.

Yardımlıdan Tarverdi Tarverdiyev məktubunda bildirir:

“Hörmətli cənab Prezident.

Mən fəxr edirəm ki, azərbaycanlıyam. Müstəqil dövlətim var və dövlətimin də rəhbəri cənab İlham Əliyevdir. Bir ziyalı kimi yaşadığım ərazinin əhalisi adından Sizə təşəkkür edir və minnətdarlığımızı bildirirəm. Son hadisələrdə bir daha sübut etdiniz ki, doğrudan da, hər bir vətəndaşın Prezidentisiniz və daim onların qayğısına qalırsınız. Ona görə də, icazə verin, Sizi xalqımızın "Qayğıkeş Prezident"i adlandırım və bir daha təşəkkürümü bildirim”.

Qobustandan Əlisəfa Cəbiyev qeyd edir:

“Möhtərəm cənab Prezident.

Biz uzun illərdir ki, Sizin Azərbaycan xalqının rifahı naminə ardıcıl olaraq həyata keçirdiyiniz tədbirlərin, gördüyünüz işlərin uğurlu nəticələrinin şahidiyik. Sizin çevik və məqsədyönlü siyasətiniz nəticəsində Azərbaycan dünya birliyində söz sahibinə çevrilib. Dünyanı cənginə almış koronavirus pandemiyasının bir sıra böyük dövlətləri iflic vəziyyətinə saldığı göz qabağındadır.

Cənab Prezident, Sizin xalqımızı bu bəladan qorumaq üçün həyata keçirdiyiniz çoxşaxəli qabaqlayıcı tədbirlər öz bəhrəsini verir, ölkəmizdə bu dəhşətli virusa yoluxma hallarının məhdudlaşdırılmasına etibarlı təminat yaradır. Xalqımız bu həssas vaxtda hər bir insana qarşı qayğınızı hiss edir və dəyərləndirir.

Hörmətli cənab Prezident, dünyada müxtəlif vaxtlarda baş verən iqtisadi böhranlar Sizin müdrik siyasətiniz nəticəsində Azərbaycanımıza təsir etməyib. İnanırıq ki, Siz uzaqgörən siyasətinizlə xalqımızı çətin imtahan olan koronavirus bəlasından da uğurla çıxaracaqsınız. Azərbaycan xalqının rifahı naminə sərf etdiyiniz gərgin əməyə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Ulu Tanrı Sizə yar olsun. Biz Sizinlə güclüyük!”

Bakı sakini Dilqəm Quliyev yazır:

“Hörmətli cənab Prezident.

Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə həyata keçirdiyiniz qabaqlayıcı tədbirlərə, əhalinin sağlamlığının qorunması üçün gördüyünüz işlərə görə Sizə minnətdarlığımı bildirirəm.

Siz çıxışlarınızın birində dediniz: “Burada biz iki amil arasında seçim etməliyik - iqtisadi fəallıq, insanların sağlamlığı. Mənim seçimim birmənalıdır - insanların sağlamlığı”. Məhz bu seçiminiz bütün xalqımızı ruhlandırdı.

Bu infeksiyanın sərhədlərimizə çatdığı ilk gündən Sizin təşəbbüsünüzlə Nazirlər Kabineti yanında operativ qərargah və Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Ölkəmizdə qısa müddətdə tibbi maska istehsalı müəssisəsi açıldı. Azərbaycanda koronavirusla mübarizədə işsiz şəxslərə 190 manat birdəfəlik ödəmənin verilməsi, əhalinin həssas qrupuna aid tələbələrin təhsil haqqının dövlət hesabına ödənilməsi, tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək miqdarda müddətli əlavənin müəyyən edilməsi və digər tədbirlər bütün xalqımız tərəfindən bəyənilir. Həmçinin Sizin hər kəsə göstərdiyiniz diqqət və qayğı insanları ürəkləndirir və Sizin hər bir vətəndaşın Prezidenti olduğunuzu bir daha sübut edir.

Möhtərəm cənab Prezident, zaman göstərdi ki, əgər Siz vaxtında bu tədbirləri görməsəydiniz, indi ölkəmizdə vəziyyət daha çətin ola bilərdi. Bu çətin günlərdə xalqa dəstək olduğunuza görə Sizə minnətdarlığımı bildirirəm. Xalqımız bir daha əmin oldu ki, dövlətimiz etibarlı əllərdədir.

Biz ziyalılar da çağırışlarınıza qoşularaq evdə qalır, əmin olduğumuzu bildiririk ki, inşallah, xalqımız Sizin rəhbərliyinizlə bu sınaqdan da zəfərlə çıxacaq. Siz “Biz birlikdə güclüyük!” deyirsiniz, biz isə “Biz Sizinlə güclüyük!” deyirik. Xalqımızın fıravanlığı üçün yorulmadan çalışdığına görə Sizin ən yaxın silahdaşınız Mehriban xanım Əliyevaya da təşəkkür edirik”.

Bakı sakini Ruslan Abışov bildirir:

“Möhtərəm cənab Prezident.

Mən, “Azneft” İB-nin Bibiheybət Neft və Qazçıxarma İdarəsində çalışıram. Hazırda bütün dünyada koronavirusla mübarizə getdiyi bir vaxtda Sizin zamanında verdiyiniz müdrik və mühüm qərarlar, qabaqlayıcı tədbirlər və onların nəticəsi göz önündədir. Ulu öndər Heydər Əliyev deyib: “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır”. Bu şüara sadiq qalan neftçilər, səbirlə, fədakarlıqla sağlamlığımızın keşiyində dayanan həkimlər, asayişi qoruyan polislər günümüzün qəhrəmanına çevrildilər. Amma belə bir zamanda biz neftçilərə ən gözəl örnək, ən xeyirxah insan Siz oldunuz. Siz bu gün hər birimizə vətənpərvərlik, xeyirxahlıq, birlik, bərabərlik dərsi keçdiniz. Siz öz çıxışlarınızda daim vurğulayırsınız: “Gərək hər birimizin nəbzi Vətənin nəbzi ilə birgə vursun”. Bu ağır günlərdə də Sizin nəbziniz Vətənin və Vətən övladının nəbzi ilə bir vurdu.

Əziz Prezidentimiz, biz əminik ki, Allahın köməyi, xalqımızın dəstəyi ilə bu ağır sınaqdan daha güclü və üzüağ şəkildə çıxacağıq. Çünki biz birlikdə güclüyük. Bu birlik Azərbaycanı zirvədən-zirvəyə aparıb, aparır və aparacaq”.

Qaxdan İmam Rəşidli qeyd edir:

“Hörmətli cənab Prezident.

Siz bu çətin günlərdə diqqət və qayğınızı bizdən əsirgəmədiniz. İnşallah, koronavirus bəlası bütün Azərbaycan xalqının başı üzərindən çəkilər. Mən buna tam inanıram. Çünki Sizin uğurlu və uzaqgörən siyasətiniz, gördüyünüz tədbirlər bunu deməyə əsas verir.

Əziz Prezidentimiz, Allah Sizə və ailənizə uzun ömür, möhkəm can sağlığı versin. Xalqımıza olan diqqətinizə görə Sizə təşəkkür edirəm. Allah amanında olasınız”.

Yevlaxdan Toğrul Məmmədov məktubunda yazır:

“Çox hörmətli cənab Prezident.

Sevindirici haldır ki, Azərbaycan Sizin yürütdüyünüz uğurlu siyasət və gördüyünüz qabaqlayıcı tədbirlər nəticəsində koronavirusdan minimum itki ilə qurtulmaq üzrədir. Bu ölkənin vətəndaşı olaraq buna görə Sizə dərin minnətdarlığımı bildirməyi özümə borc hesab edirəm.

Mən Ağdam rayonundan məcburi köçkünəm. Sizin məcburi köçkünlərə, aztəminatlı ailələrə göstərdiyiniz diqqət və qayğı çox savab və təqdirəlayiq bir işdir. Ulu öndər Heydər Əliyev vaxtilə bizim məcburi köçkün düşərgəsində olarkən evimizə baş çəkib. Məni qucağına alaraq öyüd-nəsihət verib.

Siz mərhum Ulu Öndərimizin layiqli davamçısısınız. Şəxsən öz adımdan və ailəmin adından Sizə can sağlığı, işlərinizdə hər zaman olduğu kimi, yenə də bol nailiyyətlər və uğurlar arzu edirəm. Nə yaxşı ki, varsınız”.

Şəki şəhər Ağsaqqallar Şurasının sədri İsrail Paşayev bildirir:

“Hörmətli cənab Prezident.

Koronavirus xəstəliyinin qarşısının alınması, vətəndaşların sağlamlığının qorunmasını təmin etmək üçün tapşırığınızla həyata keçirilən tədbirlərə görə Sizə səmimi minnətdarlığımı bildirirəm.

Bu tədbirlər, xüsusilə karantin rejiminin tətbiqi insanlarımızı yaşana biləcək böyük fəlakətlərdən qorudu. Xalqımız bu əzmkarlığınızı, bu qətiyyətinizi yüksək qiymətləndirir. Yəqin ki, Sizin qəhrəmanlığınız tarix kitablarının ən oxunan səhifələri olacaq.

Bir daha Sizə minnətdarlığımı bildirir, gələcək işlərinizdə uğurlar arzulayıram”.

Masallıdan İlkin Mirzəyev qeyd edir:

“Hörmətli cənab Prezident.

Sizin Azərbaycan xalqının xilaskarı, müstəqil dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olmağınız bizi bir çox qlobal fəlakətlərdən qoruyub. Biz Sizin sayənizdə koronavirusdan minimum zərər çəkən ölkələrdən biri olduq. Dünyanın aparıcı ölkələrində həyatın iflic olduğu halda, ölkəmizdə vətəndaşlarımız normal həyatlarına davam edirlər.

Sizin uzaqgörən siyasətiniz ölkəmizi bəlalardan qorudu. Buna görə, sözün əsl mənasında, lider olan Prezidentimizlə qürur duyuram. Şərəf hissi keçirirəm ki, məhz Azərbaycan Respublikasının vətəndaşıyam.

Allah Sizi və ailənizi qorusun. Sizə bundan sonra da böyük müvəffəqiyyətlər arzulayıram”.

Qaxdan Şəkər Abdullayeva məktubunda yazır:

“Möhtərəm cənab Prezident.

Bu gün bütün dünyanı cənginə almış koronavirus (COVİD-19) pandemiyası doğma yurdumuzdan da yan keçmədi. Ölkəmiz dəhşətli xəstəliyin yaratdığı çətinliklərlə üzləşdi. Lakin Sizin uzaqgörənliyiniz sayəsində bu xəstəliyin fəsadları digər ölkələrlə, hətta inkişaf etmiş dövlətlərlə müqayisədə Azərbaycanda daha az hiss edildi. Sizin ölkəmizi bütün sınaqlardan uğurla çıxmasını həmişə təmin edən qətiyyətli addımlarınız və söylədiyiniz “Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi və rifahı hər şeydən üstündür” fikri xalqımızın bu sınaqdan üzüağ çıxacağına inamı artırdı.

Rəhbər və xalqın vəhdəti, ölkə başçısına dərin etimad öz bəhrəsini verdi. Sizin böyük uzaqgörənliklə gördüyünüz tədbirlər dünyaya nümunə oldu. Bu dövrdəki fəaliyyətiniz ölkəmizin tarixinə qızıl hərflərlə yazılacaq. Biz əminik ki, ölkəmizin gələcəyi daha parlaq olacaq. Sizə inanır və güvənir. Çətin bir dövrdə xalqımızın sağlamlığının qorunması üçün gördüyünüz işlərə görə Sizə minnətdarlığımı bildirirəm. Biz ziyalılar həmişə Sizinləyik. Sizə can sağlığı və firavan həyat arzulayıram. Allah Sizi və ailənizi qorusun”.

Mingəçevirdən Üzeyir və Aynurə Zeynalovlar bildirir:

“Cənab Prezident.

Koronavirus (COVID-19) epidemiyasının bütün dünyanı bürüdüyü, minlərlə insanın bu xəstəliyin qurbanı olduğu bir dövrdə Sizin Azərbaycan xalqının genofondunu qorumaq istiqamətində atdığınız addımlar ziyalılar tərəfindən rəğbətlə qarşılanır.

Hər bir xalqın, millətin fiziki cəhətdən müdafiəsi, onun genofondunun qorunması iqtisadi, sosial, mədəni və digər məsələlərdən daha vacibdir. Siz xalqımızın sağlamlığını qorumaqla təkcə bu gün üçün deyil, gələcək əsrlər üçün də dövlətimizin, millətimizin mövcudluğunu təmin etdiniz. Millətimiz, dövlətimiz naminə fəaliyyətinizdə Sizə möhkəm can sağlığı, gələcək fəaliyyətinizdə uğurlar arzu edirik”.

Zərdabdan Gülağa İsgəndərov qeyd edir:

“Çox hörmətli cənab Prezident.

Bütün dünyada yayılan koronavirus pandemiyası çox təəssüf ki, ölkəmizə də sirayət etdi. Dünyanın ən güclü dövlətləri də bu virusla mübarizədə çətinlik çəkirlər. Bütün bunlara baxmayaraq, Sizin yorulmaz fəaliyyətiniz, pandemiya ilə əlaqədar vaxtında qəbul etdiyiniz qərarlar, ilk günlərdən təhsil müəssisələrinin bağlanması nəticəsində Azərbaycanda infeksiyanın əhatə dairəsi digər ölkələrlə müqayisədə o qədər də geniş olmadı.

Şagirdlərin təlim-tərbiyəsi önəmli olduğu qədər, onların sağlamlığı da hər birimiz üçün çox vacibdir. Sizin sayənizdə bu gün ölkəmizdə uşaqlar sağlam və xoşbəxtdirlər.

Zərdab rayonunda da koronavirusla mübarizə tədbirləri yüksək səviyyədə təşkil olunur, həmçinin Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına ciddi riayət edilir.

Cənab Prezident, inanırıq ki, biz birlikdə tezliklə bu çətinliyi dəf edəcək və yeni-yeni uğurlara imza atacağıq.

Azərbaycanımızın uğurlu gələcəyi naminə fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq”.

Şirvan şəhərindən Samid Əmirəliyev yazır:

“Möhtərəm cənab Prezident.

Dünyanı əhatə edən pandemiya (COVID-19) bir çox ölkələrdə böyük fəsadlara, tələfata, insanların aclıq içində yaşamasına, iqtisadiyyatın zəifləməsinə səbəb olub. Bu virusun əksər ölkələrdə sürətlə yayıldığı halda, Sizin uğurlu siyasətiniz və tapşırıqlarınız nəticəsində onun ölkəmizdə genişlənməsinin qarşısı alındı. Siz bununla bir daha sübut etdiniz ki, Azərbaycan güclü dövlətdir və onun güclü iqtisadiyyatı vardır.

Cənab Prezident, mən Sizinlə fəxr edir, Sizə minnətdarlığımı bildirir, Zati-alinizə və ailənizə uzun ömür, can sağlığı arzulayıram”.

Füzuli rayonunun Horadiz şəhərindən Zakir Muxtarov bildirir:

“Cənab Prezident.

Cəbhə bölgəsində yaşayan füzulili məcburi köçkünlər olaraq inanırıq ki, Sizin və Mehriban xanım Əliyevanın dəstəyi ilə biz koronavirus epidemiyasına da qalib gələcəyik.

Sizin tapşırığınızla yerlərdə yaşı 65-dən yuxarı olan vətəndaşlara, həmçinin imtiyazlı ailələrə ərzaq yardımlarının verilməsi, yüz minlərlə işsiz və aztəminatlı insana 190 manat məbləğində birdəfəlik ödənişin edilməsi, on minlərlə ictimai iş yerinin yaradılması sübut edir ki, Sizin yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır.

Cənab Prezident, biz füzulililər Sizi dəstəkləyirik. Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”. Allah Sizi və ailənizi qorusun”.

Qubadan Məmməd Səfərəliyev qeyd edir:

“Çox hörmətli Prezident və cənab Ali Baş Komandan.

İki əsgər atası kimi ürəyimdən gələn səmimi minnətdarlıq hisslərini Sizə bildirməyi özümə borc hesab edirəm. Ona görə ki, bir oğlum hərbi xidmətini bu ilin yanvar ayında, digər oğlum isə aprel ayında bitirərək sağ-salamat evimizə qayıdıblar. Karantin günlərində isə əsgərlərimizə və xalqımıza göstərilən böyük diqqət və qayğıya görə ailəmiz adından Sizə dərin təşəkkürümüzü bildiririk.

Həmçinin qeyd edim ki, ötən il Quba rayonunun Dəvədabanı yaşayış massivinin qazlaşdırılması, bu günlərdə yollarımızın yenidən qurulması və asfaltlanması bizləri çox sevindirdi”.

Füzulidən Elxar Abbasov və başqaları yazır:

“Möhtərəm cənab Prezident.

Bütün dünyanı ağuşuna almış, hər gün minlərlə insanın ölümünə səbəb olan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində Sizin rəhbərliyinizlə həyata keçirilən ardıcıl və sistemli tədbirləri, dövlətin bütün resurslarının pandemiyanın təsirinin azaldılması üçün səfərbər edilməsini Füzuli rayon sakinləri olaraq alqışlayırıq.

Cəbhə bölgəsində yaşayan füzulili məcburi köçkünlər inanırlar ki, Sizin və Mehriban xanım Əliyevanın dəstəyi ilə biz koronavirus pandemiyasına da qalib gələcəyik.

Sizin tapşırığınızla yerlərdə yaşı 65-dən yuxarı vətəndaşlara, o cümlədən imtiyazlı ailələrə ərzaq yardımlarının verilməsi, yüz minlərlə işsiz və aztəminatlı insana karantin dövründə 190 manat məbləğində birdəfəlin ödənişin edilməsi, on minlərlə yeni iş yerinin yaradılması sübut edir ki, Sizin yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır.

Biz füzulililər, xüsusilə də tibb işçiləri Sizi dəstəkləyirik. Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”. Allah Sizi və ailənizi qorusun”.

Ağsudan Fazil Hasilov bildirir:

“Cənab Prezident.

Ümummilli liderimiz Heydər Əliyevin qurduğu müstəqil və suveren Azərbaycanda xalqımızın xoşbəxt rifahı və gələcəyi naminə gördüyünüz işlər o qədər böyük və uğurludur ki, bu işlər bu gün dünyanın hər yerindən görünür. Tikilən saysız-hesabsız məktəblər, xəstəxanalar, uşaq bağçaları, abad yollar, möhtəşəm körpülər ölkəmizi tanınmaz dərəcədə dəyişib.

Cənab Prezident, rayonlarımızda daşqınlar, subasmalar, zəlzələlər olanda da Siz xalqımızın istəklisi, hamımızın özümüzə doğma bildiyimiz Mehriban xanımla birlikdə bütün zərərçəkmişlərin yanında oldunuz, hamıya lazımi kömək göstərdiniz. Koronavirus pandemiyası ilə mübarizədə isə öz əməli işinizlə sübut etdiniz ki, Sizin üçün ən dəyərli, ən müqəddəs, ən əziz olan inandığınız və etibar etdiyiniz Azərbaycan xalqıdır.

Əziz Prezidentim, bütün xalqımız inanır ki, bu ağır günlərdən mətanətlə çıxan Azərbaycan xalqı tezliklə Sizin rəhbərliyinizlə “Qarabağ Azərbaycandır!” deyəcək”.

Xızıdan Zəhra Bağırzadə məktubunda qeyd edir:

“Hörmətli cənab Prezidentimiz.

Koronavirus pandemiyası dövründə xalqımız üçün gördüyünüz işlər danılmazdır. Yer kürəsinin bəlasına çevrilmiş COVID-19 pandemiyası ilə mübarizədə həyata keçirdiyiniz qabaqlayıcı tədbirlərlə mənim, o cümlədən xalqımızın məhəbbətini bir daha qazandınız. Bu çətin zamanda - karantin dövründə gördüyünüz işlərlə bizi tək və çarəsiz buraxmadınız. Biz də Sizin səylərinizi görərək, xalqımızın rifahı üçün tətbiq etdiyiniz qaydalara ciddi yanaşır və riayət edirik. Sizin atdığınız hər addım xalqımızın gələcəyə doğru inamla irəliləməsi deməkdir.

Mən doqquzuncu sinif şagirdiyəm. Karantin günlərində biz şagirdləri nəzərə alaraq Sizin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan proqramlar, o cümlədən teledərslər vasitəsilə təhsildən yayınmırıq, əksinə, bu tədbirləriniz bizi çox sevindirir. Bunlar bilmədiklərimizi öyrənməyə, bildiklərimizi isə möhkəmləndirməyə yardımçı olur. Buna görə Sizə və xanımınıza böyük səmimiyyətimlə minnətdarlığımı bildirirəm. Sizə deyiləcək xoş sözlərim o qədər çoxdur ki, sətirlər onların qarşısında tab gətirə bilməz. Bu xoş sözlər isə gördüyünüz təqdirəlayiq işlərdən irəli gəlir.

Sonda Sizi və çox sevdiyim ailənizi Ramazan ayı münasibətilə təbrik edirəm. Qoy bu ayın sahibi həmişə Sizinlə olsun!”

Gəncə şəhərindən Məhəmməd Əliyev yazır:

“Möhtərəm cənab Prezident.

Uzaqgörən siyasətinizin nəticəsi olaraq Azərbaycan xalqının sağlamlığının qorunması üçün qabaqcıl tədbirlər görülməsinə, eyni zamanda, əhalinin həssas təbəqələrinə maddi yardımlar göstərilməsinə görə Kəlbəcər rayonunun əhalisi adından və baş redaktoru olduğum “Elin səsi” qəzetinin əməkdaşları adından Sizə minnətdarlığımı bildirirəm.

Bütün kəlbəcərlilər ətrafınızda bir nəfər kimi sıx birləşərək, hər zaman Sizi dəstəkləyirlər”.

Oğuzdan Zaur Əzizov bildirir:

“Möhtərəm cənab Prezident.

Biz oğuzlular həmişə Sizi dəstəkləyirik. Çünki Siz ən ağır günlərdə xalqla olub, həmişə vətəndaşlara dəstək göstərmisiniz.

Koronavirus pandemiyasının dünyanı ağuşuna aldığı bir vaxtda Siz yenə də bizimləsiniz. İnsanların sağlığını qorumaq üçün ölkəmizdə xüsusi karantin rejimi tətbiq etdiniz. Biz yaxşı başa düşürük ki, sağlam qalmaq üçün özümüzü müvəqqəti olaraq təcrid etməliyik. Evdə qalmalıyıq ki, normal həyatımıza sağlam dönək.

Bu çətin dönəmdə əhalinin həssas qrupuna aid insanlara göstərdiyiniz dəstəyə görə Sizə minnətdarıq. Fəxr edirik ki, Sizin kimi Prezidentimiz var”.

Sabirabaddan Əlirza Hüseynov qeyd edir:

“Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Azərbaycan xalqının lideri kimi atdığınız mötəbər addımlara, ən ağır zamanlarda öz xalqınızın yanında olduğunuza görə Sizə sonsuz minnətdarlığımı bildirirəm.

Son aylarda dünyanı caynağına keçirən koronavirus pandemiyasına qarşı Sizin uzaqgörən siyasətiniz və sarsılmaz qətiyyətiniz sayəsində Azərbaycanda qabaqlayıcı tədbirlər görüldü və bu işlər davam etdirilir. İnkişaf etmiş ölkələr belə koronavirus pandemiyasının qarşısında aciz qalarkən Sizin uğurlu siyasətiniz nəticəsində vətəndaşlarımız bunun ağır fəsadlarından uzaq oldular. Məhz bu ağır zamanda Sizin biz vətəndaşlara olan sonsuz qayğınızı hiss etdik. Koronavirusla Mübarizə Dəstək Fondunun yaradılması, eləcə də aztəminatlı ailələrə maddi yardımın göstərilməsi, zəruri tibbi avadanlıqların paylanılması kimi çox mühüm addımlar Sizin bir daha bütün dünya azərbaycanlılarının vahid lideri olduğunuzu sübut etdi.

Mən Sabirabad rayonu Qaratəpə kənd tam orta məktəbinin müəllimiyəm. Sizin uğurlu siyasətinizə hər zaman dəstək olmuşam və olacağam.

Cənab Prezident, bu ağır vəziyyətdə bizim sağlamlığımızı düşündüyünüz üçün Sizə sonsuz minnətdarlığımı bildirirəm”.

Şəmkirdən Xəlil İsgəndərov yazır:

“Əziz və hörmətli Prezidentimiz.

Bütün ailə üzvlərimiz adından Sizə təşəkkürümü və minnətdarlığımı bildirirəm. Siz bütün dünyanı lərzəyə salan koronavirus infeksiyası ilə əlaqədar humanist addımlar ataraq bir qəhrəman kimi Azərbaycan xalqını qoruyur, onun sağlamlığının qayğısına qalırsınız.

Həmçinin bu çətin dövrdə aztəminatlı ailələrə köməyin göstərilməsi, işsizlərə 190 manat məbləğində birdəfəlik yardımın edilməsi və bu yardımı alanların sayının 200 mindən 600 minə çatdırılması, əhalinin müxtəlif təbəqələrinin qayğı ilə əhatə olunması barədə tapşırıqlar vermişiniz ki, vətəndaşlarımız öz evlərində qalaraq sağlamlıqlarını qorusunlar. Gördüyünüz bütün bu işlər artıq öz bəhrəsini verir.

Fürsətdən istifadə edərək bu bəşəri bəlaya qarşı mübarizədə fədakar xidmətlərinə görə həkimlərimizə “Çox sağ olun!” deyirik.

Cənab Prezident, bu çətin günlərdə Sizə cansağlığı arzulayıram. Allah Sizi, Azərbaycanımızı qorusun. Biz birlikdə güclüyük!”

Qubadlıdan məcburi köçkün Nəriman Həmidov məktubunda bildirir:

“Hörmətli cənab Prezident.

Siz polad biləkli, geniş ürəkli, uzaqgörən bir sərkərdəsiniz. Bunu Sizin yüksək siyasi bacarığınız, həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər sübut edir. Məhz bu tədbirlər xalqımızı acı nəticələrdən qorudu. Sərhədlərin vaxtında bağlanması, lazımi tibbi avadanlıqların ölkəyə gətirilməsi, yeni açılan xəstəxananın xəstələrin istifadəsinə verilməsi az itki ilə vəziyyətdən çıxmağımıza xidmət etdi.

Xaricdə olan vətəndaşlarımızın ölkəyə gətirilməsi, tənha və aztəminatlı insanlara ayrılan diqqət Sizin hər bir azərbaycanlının Prezidenti olmağınızı sübut edir.

Çıxışlarınızı izləyirəm. Xalqımız Sizin və Mehriban xanımın açdığı yolla irəlilədikcə xalqla dövlət arasında birlik də möhkəmlənir. 2018-ci ildə dekabrın 24-də Sizinlə görüş zamanı sadə, mehriban, qayğıkeş münasibətinizi xatırlayıram. Bu qayğını indi də çıxışlarınızda, çağırışlarınızda hiss edirik.

Cənab Prezident, Sizə və Mehriban xanıma uzun ömür, cansağlığı, işlərinizdə yüksək zirvələr arzulayıram. Ulu Tanrı Sizi qorusun”.

Qarabağ müharibəsi əlili Pəhlivan İmanov qeyd edir:

“Əziz və hörmətli Prezidentim.

Sizi Qarabağ əlili kimi ən səmimi duyğularımla salamlayıram. Ölkəmizin bu çətin günündə yorulmadan hər birimizə ayrı-ayrılıqda diqqət və qayğı göstərdiyiniz üçün Sizə minnətdarlığımızı bildirir, Sizi hər zaman dəstəkləyirik.

Dünyada tüğyan edən bu pandemiya təhlükəsinin Vətənimizdən tezliklə sovuşması üçün gördüyünüz tədbirlər, verdiyiniz Fərman və Sərəncamlar tarixi qərarlardır. Uzun illər keçsə də, xalqımızın bu bənzərsiz düşmənlə inamlı mübarizəsi hər zaman Sizin adınızla anılacaq.

Biz məcburi köçkün kimi dövlətin qayğısını hər zaman hiss etmişik. Bu da bizi Sizin ətrafınızda bir yumruq kimi birləşməyə, dövlətin yürütdüyü siyasətə arxa durmağa sövq edir. Biz daim Sizinləyik”.

Sumqayıtdan İlham Ağayev yazır:

“Möhtərəm cənab Prezident, çox hörmətli Birinci vitse-prezident.

Son dövrlər dünyada yayılmış və Azərbaycanda da aktual məsələyə çevrilmiş yeni növ koronavirusla əlaqədar tərəfinizdən verilən tapşırıq və tövsiyələri, görülən qabaqlayıcı tədbirləri bir vətəndaş kimi yüksək qiymətləndirirəm. İnsanların sosial təminatının yaxşılaşdırılması istiqamətində islahatlar aparılır, işsiz vətəndaşlar işə cəlb olunur, imkansız şəxslər ərzaq və tibbi yardımlarla təmin olunur. Sizin hər zaman xalqın yanında olmağınız və həyata keçirdiyiniz sosial siyasət reallığı tam əks etdirilir. İnanıram ki, bu tədbirlərin nəticəsi olaraq, dövlətimiz yaranmış çətin vəziyyətdən minimum itkilərlə çıxacaq. Azərbaycanımıza, xalqımıza sahib çıxdığınız üçün Sizə sonsuz təşəkkür edirəm. Bu məsuliyyətli fəaliyyətinizdə Sizə yeni uğurlar, can sağlığı və uzun ömür arzulayıram. Allah Sizi, Mehriban xanımı, övladlarınızı qorusun. Amin”.

Qaxın Qorağan kəndinin sakini Naib Darçınov bildirir:

“Hörmətli cənab Prezident.

Sizin bütün addımlarınız, qərarlarınız göstərir ki, koronovirusla üzləşdiyimiz bir dövrdə Sizin əsas amalınız Azərbaycan xalqını bu bəladan qurtarmaqdır. Xalqımız da bir daha gördü ki, Sizin sözünüzlə əməliniz üst-üstə düşür, vətəndaşların sağlamlığı və rifahı Sizin üçün birinci dərəcəli məsələdir.

Mən də Sizin humanistliyinizdən bəhrələndim. Bu günlərdə 190 manat birdəfəlik ödəmə ilə təmin olundum. Bu mənim kimi yüz minlərlə insan üçün maddi yardımla yanaşı, mənəvi kömək oldu. Biz Sizi arxamızda hiss etdik.

Cənab Prezident, göstərdiyiniz diqqət və qayğıya görə Sizə öz dərin minnətdarlığımı bildirirəm. Ulu Tanrıdan Sizə cansağlığı və ölkəmiz naminə tükənməz güc-qüvvət arzulayıram”.

Bakı sakini Rəcəb Rəfixanov qeyd edir:

“Hörmətli cənab Prezident.

“Ev sahibi evin dirəyi, arxa-dayağıdır” deyirlər. Bizim ölkəmiz də daim əziz Prezidentimizin əməyi və qayğısı sayəsində inkişaf edir. Dünyada bütün baş verənlərə baxmayaraq, həm xalqın, həm də ayrı-ayrılıqda hər bir vətəndaşın probleminə bütün ruhu ilə özünü sərf edən belə məsuliyyətli və fədakar Lider çox az tapılar. Bu gün, fikrimcə, təkcə mən deyil, milyonlarla insan Sizə - hamımızın qayğısına qalan, ən müdrik, mərhəmətli və dünyanın ən uzaqgörən Prezidentinə təşəkkürümüzü bildiririk.

Cənab Prezident, çox sağ olun ki, bu bəla ilə, dünyanı lərzəyə gətirən koronavirusla bağlı bu dərəcədə düzgün tədbirlər görmüsünüz. Bu, Sizin bizə - Azərbaycan xalqına olduqca səmimi münasibət barədə daha bir danılmaz faktdır.

Çox sağ olun ki, sosial vəziyyətindən asılı olmayaraq, ölkənin hər bir sakininin vəziyyəti ilə maraqlanırsınız. Bizim sabit vəziyyətimiz, sağlamlığımız, həyatımız bədnam qonşularımızın həsəd aparacağı mövzudur.

Bir də ona görə təşəkkür etmək istərdim ki, ölkəmizdə hər kəs özünə və öz gücünə inanır. Bütün bunlar ona görədir ki, möhtərəm İlham Heydər oğlu bu insanların hər birinə ata qayğısı ilə yanaşır”.

Qubadlı sakini Gülnar Həsənova məktubunda yazır:

“Hörmətli cənab Prezident.

Bu aylar dünyanı dəhşətə gətirən COVID-19 pandemiyası yüzlərlə ölkədə yüz minlərlə insanın canını alıb, dünya üzrə yoluxanların sayı üç milyonu keçib. Lakin Sizin vaxtında atdığınız addımlar, gördüyünüz məhdudlaşdırıcı tədbirlər ölkəmizin bu pandemiyadan daha az zərərlə çıxmasına imkan yaradıb.

Bu ağır günlərdə işsizlərə, imkansız ailələrə iki ay ərzində birdəfəlik yardımların verilməsi, ahıl insanlara qayğının gücləndirilməsi, xırda sahibkarlara dəstək verilməsi dövlətin hər bir vətəndaşa göstərdiyi yüksək diqqətin təcəssümüdür. Biz buna görə dövlətimizin rəhbəri kimi Sizə öz minnətdarlığımızı bildirir və dərin təşəkkür edirik”.

Balakən rayonunun Qazma kəndindən Rəcəb Qarakişiyev bildirir:

“Möhtərəm cənab Prezident.

Mən bu kiçik məktubu yazmaqla Sizə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu çətin günümdə, evimə çörək ala bilmədiyim bir vaxtda işsizlərə verilən 190 manat birdəfəlik ödəməni aldım. Məni və ailəmi sevindirdiniz. Buna görə Sizə çox-çox təşəkkür edirəm.

Biz yaşlılar hər zaman Sizin apardığınız siyasəti bəyənir və dəstəkləyirik. İnanırıq ki, Sizin rəhbərliyinizlə Azərbaycan xalqı tezliklə bu virusa qalib gələcək.

Allah Sizin kölgənizi bizim ölkəmizin başı üstündən əskik eləməsin, İnşallah”.

Beyləqandan Nadir Əliyev və Azim Kərimov qeyd edir:

“Möhtərəm cənab Prezident.

Dünyanı bürümüş koronavirus pandemiyasının respublikamızda qarşısının alınması istiqamətində gördüyünüz bütün tədbirlər bir daha sübut etdi ki, hər zaman olduğu kimi, Azərbaycan Prezidenti öz xalqının yanındadır. Əminik ki, bu birlik bizə belə ağır sınaqdan qələbə ilə çıxmağa imkan verəcək. Rəhbərliyinizlə vaxtında görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində hazırda respublikamızda koronavirus pandemiyasına qarşı səmərəli mübarizə aparılır. Koronavirusa qarşı mübarizə tədbirləri ilə bağlı imzaladığınız Sərəncamlar, açılan yeni xəstəxanalar, yeni müəssisələr göstərir ki, Azərbaycan bu çətin sınaqdan alnıaçıq çıxacaq. Dövlətimiz bu gün də öz vətəndaşlarının sağlamlığını qorumaq və pandemiyanın yayılmasının qarşısını almaq üçün səylərini davam etdirir. Xalqımızın bu bəladan minimum zərərlə xilas olacağına əminliklə inanırıq.

Xalqımıza göstərdiyiniz dəstəyə və qayğıya görə Sizə və Mehriban xanıma Beyləqan Meliorasiya İdarəsinin kollektivi adından təşəkkürümüzü bildirir, Sizə və ailənizə uzun ömür, can sağlığı arzu edirik. Uca Allah Sizi və Azərbaycan xalqını qorusun”.

Tovuzun Əlibəyli kəndindən Venera Əliyeva yazır:

“Hörmətli cənab Prezident.

Bütün dünya koronavirus adlı çətin bir dönəmdən keçir. Bu çətinliyin içində biz də varıq. Lakin Sizin tərəfinizdən qəbul olunan qərarlar, dövlətimizin qoyduğu qaydalar bizi bu çətinlikdən xilas etdi. Siz gecə-gündüz çalışaraq bizi qorudunuz. Bizlər də qaydalara əməl edərək, evdə qalaraq, həm özümüzü, həm də sevdiyimiz insanları qorumuş, Sizə olan rəğbətimizi ifadə etmiş olduq.

Sizin bizi nə qədər çox sevdiyinizi artıq daha yaxşı anlayırıq. Tezliklə bu günləri geridə qoyacağıq. Əminik ki, daha gözəl sabahlar naminə Siz daha çox çalışacaq, xalqımızı daha çox sevindirəcəksiniz. Biz gənclər də bütün işlərinizdə Sizinlə həmrəy olaraq əlimizdən gələni etməliyik. İnanırıq ki, sabahımız daha yaxşı olacaq. Çünki Sizin kimi qayğıkeş rəhbərimiz var. Cənab Prezident, xalqımıza qayğı göstərdiyiniz üçün Sizə dərin təşəkkür edirəm”.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi