Razi Nurullayev Əli Kərimlinin AXCP təmsilçiliyindən məhrum edilməsini istədi: "Partiyanın adını ləkələyir"
“2015-ci ilin oktyabrında AXCP qurultayını keçirmiş və həmin qurultayda sədr seçilərək, Əbülfəz Elçibəy əxlaqı, siyasəti, mədəniyyəti və ona xas xalq sevgisi ilə siyasətin mərkəzinə atılmışıq. Elə o zaman Əbülfəz Elçibəy sevgisini, əxlaqını və yolunu qəlbində daşıyan cəbhəçilər Əli Kərimliyə "yox" deyib, onun partiya daxilində yaratdığı dözülməz ab-havaya qarşı çıxıb, o cümlədən onun partiyanın sədri kürsüsünə yapışıb qopmamaq cəhdinin qarşısını alaraq AXCP daxilində birləşib”.
Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev deyib.
Partiya sədri bildirib ki, qurultaydan sonra Ədliyyə Nazirliyinə təsdiq üçün sənədlər göndərilib, müxtəlif məhkəmə instansiyalarını keçilib, ancaq hələ də gözləməkdədirlər: “Biz müraciətimizə qarşı bu səssizliyi doğru saymır və özümüzə qarşı hakimiyyətin laqeydliyi və qanunlara əməl etməməsi kimi dəyərləndiririk. Biz Prezident İlham Əliyevə, hökumətə, Ədliyyə Nazirliyinə və digər aidiyyatı qurumlara AXCP-nin qeydiyyat məsələsinin tezliklə həll olunması üçün çağırış edirik. Biz Əli Kərimlinin hələ də AXCP sədri kimi təqdim olunmasını da doğru saymırıq. Çünki ortada fakt var. Həm o, həm də biz Ədliyyə Nazirliyinə müraciət etmişik, sənədlər qəbul edilib, məhkəmə yolları keçilib və belə bir vəziyyətdə ona AXCP sədri kimi xitab olunması, zənnimizcə, hüquqi cəhətdən doğru deyil. AXCP adında faktiki iki qurum var. Deməli, problem ortadadır, hüquqi həllini tapana qədər Əli Kərimlinin sədr kimi təqdim edilməsi AXCP-yə hörmətsizlikdir. İndiki halda çıxış yolu fakta münasibətdir. Yəni “özünü AXCP adlandıran qurumun sədri Əli Kərimli” və “özünü AXCP adlandıran qurumun sədri Razi Nurullayev” müraciəti fakta hörmətdir. Bu gün Əli Kərimlinin dağıdıcı siyasət AXCP adını ləkələyir. Onun bu dağıdıcılıq fəaliyyətinə görə Azərbaycanın müstəqillik tarixində şərəfli yeri olan AXCP sözünə insanlar artıq ikrah və az qala nifrətlə yanaşmağa başlayıb. Bu faktın ortada olması həqiqi Elçibəy tərəfdarlarını və onun yolunu seçənləri ciddi şəkildə narahat etməkdədir. AXCP adının Əli Kərimlinin timsalında vətənə xəyanət, qisasçılıq, satqınlıq sözləri ilə assosiasiya olunmasını qəbul etmir və tezliklə onun AXCP təmsilçiliyindən hüquqi cəhətdən məhrum edilməsini istəyirik”.
Ölkəpress.com