olkepress.com
olkepress.com

Unudulmaz şəxsiyyət: Rauf Pənahov

3-06-2024, 20:19

Unudulmaz şəxsiyyət: Rauf Pənahov

Hər bir şəxsiyyətin kamillik səviyyəsi onun qarşıya qoyduğu nəcib amal və məqsədlərdə, ülvi niyyətlərdə ifadə olunur. Belə seçilmiş insanların dərk edilmiş məsuliyyətə əsaslanan fəaliyyəti həm də onların mənalı həyat yolunu, cəmiyyətdəki layiqli mövqeyini, ictimai statusunu müəyyənləşdirir. Ziyalı adına layiq belə təmənnasız insanlar tarixən xalqımızın özünəməxsus keyfiyyətlərini, zəngin mənəvi aləmini parlaq şəxsiyyətlərində, müdrik əməllərində təcəssüm etdiriblər.
Xalqımız qədim zamanlardan daxilən zəngin, nəcib, xeyirxah və mərd insanları ilə qürur duyub, onları özünün milli sərvəti sayıb. Bu insanlar xalqın zəngin mənəviyyatını, əxlaqını parlaq şəxsiyyətlərində qoruyub, həyatda kişi kimi yaşamaq, ad qoymaq üçün insana ləyaqət və şərəf hissinin yetərli olduğunu sübuta yetiriblər. Uzun illər Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Müavini vəzifəsində çalışan, Azərbaycanımızın o cümlədən Bakımızın inkişafında, şəhərimizin gözəlləşməsində, memarlıq baxımından tikilməsində xüsusi xidməti olan Rauf Pənahov məhz belə kişilərdən idi.
Rauf müəllimin mənalı və dəyərli ömür yolu gərgin əməkdən, ağır zəhmətdən keçib. Belə ki, əmək fəaliyyətinə çox gənc yaşlarından başlayan bu kamil şəxsiyyət ilk olaraq “Azneftmaş”ın Mexaniki Təmir Zavodunda texnik, çilingər və usta, sonralar Azərbaycan Politexnik İnstitutununda oxumaqla bərabər əmək fəaliyyətini Bakı Yod Zavodunda baş mexanik, sex rəisi, əsaslı tikinti şöbəsinin rəisi, Qeyri-Filiz Materialları Müəsissəsində baş mexanik, Bakı şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Əsaslı Tikinti İdarəsində şöbə rəisi, “Bakıbaştikinti” idarəsində rəis müavini, Əsaslı Tikinti İdarəsində rəis, BŞİH-nin Sınaq-Təcrübə və Təmir zavodunda müdir müavini, “Savalan” Elm İstehsalat kiçik müəssisəsində baş direktorun müavini, Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının müavini,Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifələrində çalışmışdır.
Rauf müəllim hansı vəzifədə, hansı işdə çalışmasından asılı olmayaraq doğruluğu, dürüstlüyü, xeyirxah ideya və əməlləri həyat kredosu seçmişdir. Hər zaman ən yüksək peşəkarlıq və səriştə nümayiş etdirərək üzərinə düşən vəzifənin öhdəsindən ləyaqətlə gəlmişdir. Qurub – yaratmaq , abadlaşdırmaq, gözəlliyə gözəllik qatmaq bu əzmkar, fədakar insanın ən başlıca amalı, ən ümdə məqsədidir.
Mərhum Rauf Pənahov, hər şeydən öncə, əsil dövlət xadimidir və bunu da deməliyəm ki, Rauf Pənahovu mənə yaxınlaşdıran və sevdirən onun daxili dünyasındakı zənginlik, sağlam mənəviyyat, və təbii ki, doğma torpağa bağlılığıdır.
Rauf Pənahovun bir şəxsiyyət kimi yetişib püxtələşməsində və dünyagörüşünün formalaşmasında boya-başa çatdığı doğma Mərdəkan mühitinin, aldığı təhsilin, habelə ictimai-mədəni həyatda fəaliyyət göstərdiyi illər ərzində topladığı bilik və təcrübənin çox böyük əhəmiyyəti olmuşdur.
Rauf Pənahov pak, ali-mənəvi dəyərlərə malik olan bir şəxsiyyət idi. Ulu Mərdəkan elində və hətta onun hüdudlarından belə kənarda böyük hörmətə, şöhrətə malik bir insandır. Gördüyü işlər, etdiyi yaxşılıqlar da tükənməz idi. Daim rahatsız məqamların əhatəsində olan, bəzən gecə-gündüzü olmayan bir insanın xalqa etdiyi yaxşılıqlardan söhbət düşəndə rəhmətlik Rauf müəllim deyərdi ki;- “Bütün narahatlıqlarım, etdiyim və gördüyüm bütün xidmətlər, bütün işlər mənim müqəddəs borcumdur. Həmişə çalışmışam ki, tutduğum vəzifədən asılı olmayaraq gördüyüm bütün işlərdə Allahım məndən razı qalsın”.
Bu böyük insan, eyni zamanda, həm də ailəsinin, övladlarının varlığında yaşayır. Gündəlik gərgin iş rejimi Rauf müəllimi atalıq haqqından məhrum edə bilməmişdi. O, hər şeydən əvvəl öz ailəsini çox sevən qayğıkeş bir ata idi. Rauf müəllim işlərlərinin həddindən çox olmasına baxmayaraq, sevimli nəvələrini bir an unutmaz, onların qayğısını və nazını çəkərdi.
Rauf müəllimin oğlu Fuad Pənahov atası haqqında dediyi fikir bir övladın yaşadığı ağır itkinin acısı və bir övladın ataya verdiyi dəyərdir. Fuad bəy qeyd edir: “Atam olduqca xeyirxah insan olub. O, nəinki öz ailəsinə, övladlarına, qonum-qonşuya, qohum-əqrabaya, o cümlədən hamıya səmimiyyətlə, qayğı ilə yanaşırdı. Xeyirxahlıq, digər mənəvi keyfiyyətlər kimi, insanın qanı, genetik kimliyi ilə birbaşa əlaqəlidir. Xeyirxahlıq ilk növbədə həm də insanın nəfsi ilə bağlı olan bir xislətdir. Xeyirxahlıq onun daxili aləminin danılmaz göstəricisi idi. Hər hansı bir məsələ ilə bağlı ona müraciət edən olduqda, onu təmənnasız həll edərdi. O, heç zaman haqqı nahaqqa qurban verməzdi, heç zaman haqsıza havadarlıq etməzdi, ədaləti müdafiə edərdi. Mən uşaqlıqdan onun məhz belə xarakterinin şahidi olmuşam. Hansı vəzifədə çalışmasından asılı olmayaraq hamını dinləməyi, hamıya diqqət yetirməyi bacarırdı. O, fikir və ideyaların toqquşub çarpazlaşdığı vaxt həqiqəti ön plana çıxarmağı və kimin doğru mövqedə olduğunu ortaya qoymağı bacaran səriştəli fikir sahibi idi.”
Görkəmli dövlət xadimin 87 yaşı tamam olur. Bakının memarlığı, tikintisi və abadlaşdırılmasında bu halal, saf insanın xidmətləri əvəzsizdir.
2018-ci ildə “Vətən oğlu” adlı kitab çapdn çıxmışdır. Kitabda Pauf Pənahovun keçdiyi şərəfli ömür yollarından bəhs edilir.
Rauf Pənahovun xatirəsinə həsr edilmiş “Ürəklərdə qalan izlər” sənədli filmi Lider kanalında nümayiş edilmişdir. Film tamaşaçılar və ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı.
Bu gün öz dövrünün vicdanlı və təmiz kadrlarından olmuş, xalqı arasında bütün həyatı boyu müsbət imic sahibi olmuş Rauf Pənahovu xoş duyğularla xatırlanmağa tam haqqı çatır. Bu haqqı ictimai-siyasi fəaliyyəti ilə özünə layiqli yer tutmuş Rauf Pənahov özü qazanmışdı, özünün təmənnasız, yaddaqalan xidmətləri ilə, təmiz vicdanı, nurlu çöhrəsi, düz sözü, düzgün əməli ilə qazanmışdı. Rauf Pənahovun adı çəkiləndə bu gün də onu məhz bu xüsusiyyətlərinə görə yada salır, hamının yaddaşında o, belə nurlu bir insan olaraq qalır.

Vüqar Mikayıl oğlu Əhməd,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Mətbuat tarixi və publisistika şöbəsinin müdiri,
filologiya elmləri doktoru, professor


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi