olkepress.com
olkepress.com

Bakının İrəvana qarşı yəhudi “kartı” - düşmən təlaşda

20-11-2019, 10:06

Bakının İrəvana qarşı yəhudi “kartı” - düşmən təlaşdaSon illər Bakının davamlı olaraq, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi eləməsi Ermənistanı əməllicə rahatsız edib. Bu da təbiidir. Çünki belə tədbirlər Qarabağ həqiqətlərini, təcavüzkar ölkənin apardığı işğalçı və etnik təmizləmə siyasətinin iç üzünü dünyaya göstərmək üçün əlverişli tribuna, effektli platforma sayılır. Eyni zamanda Azərbaycanın tolerant, inkişaf etməkdə olan ölkə kimi dünyada təbliğinə töhfələr verir. Bu səbəbə Azərbaycan belə fürsətləri qaçırmır.

Ötən həftə Bakıda Dünya dini liderlərinin II Sammiti keçirildi. Bundan az öncə isə paytaxtımız 120 ölkəni birləşdirən Qoşulmamaq Hərəkatının ali toplantısı, ondan da əvvəl Türk zirvəsinə uğurlu ev sahibliyi etmişdi. Bu mötəbər toplantıların hamısı həm də Dağlıq Qarabağla bağlı haqq işində Azərbaycana dəstəyin ifadə edilməsi ilə yadda qaldı.

*****

Konkret olaraq, Dünya dini liderlərinin II Sammiti çərçivəsində Bakıdan səslənən mesaj və çağırışlar da işğalçı ölkədə ciddi təlaş yaradıb. Bəllidir ki, tədbirlə bağlı Bakıya gəlmiş qonaqlar arasında dünyanın nüfuzlu yəhudi dini və diaspor təşkilatlarının təmsilçiləri, o cümlədən Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm Honlaynı da olub. Azərbaycan prezidenti İlham Əliyev onları qəbul edib. Yadda qalan mühüm məqamlardan biri həmin görüşlər çərçivəsində dünyaya Bakıdan Qarabağla bağlı, həmçinin digər aktual mövzularda verilən mesajlar, edilən çağırışlar idi.
Məsələn, İlham Əliyev bu görüşlər zamanı dünya siyasətçilərini və dini liderləri, KİV-ləri və QHT-ləri 2-ci Dünya müharibəsində qələbənin 75 illiyi ərəfəsində faşizmin qəhrəmanlaşdırılmasına qarşı bütün səyləri birləşdirməyə səslədi. Bu kontekstdə Ermənistanda hələ də faşist əlaltısı Qaregin Njdenin abidəsinin qaldığını, onun sökülməsinin vacibliyini qeyd elədi. Rusiyanın Krasnodar diyarının Armavir şəhərində Njdenin şərəfinə qoyulan xatirə lövhəsi üzərinə qara boya tökən şəhər dumasının deputatı Aleksey Vinoqradovu cəsur şəxs adlandırdı.
Erməni mediasının yazdığından belə qənaət hasil olur ki, Azərbaycan prezidentinin yəhudi qonaqlarla görüşdə Njdeni yəhudi xalına qarşı da ağır cinayətlər törətmiş nasistlərin əlaltısı kimi təqdim eləməsi düşmən ölkədə məxsusi qıcıq və təlaş yaradıb. Üstəlik, belə bir fakta diqqət yönəldilir ki, Dünya dini liderlərinin II Sammiti və yəhudi qonaqlarla görüş ərəfəsində Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun heykəlinin açılışı olub. Bu yerdə xatırladaq ki, ötən il Bakıda səfərdə olmuş İsrailin o vaxtkı müdafiə naziri Avidqor Liberman Bakı yəhudisi Albert Aqarunovun paytaxtdakı məzarını ziyarət etmiş, bununla da Ermənistanda güclü qıcıq yaratmışdı.
Ümumiyyətlə, Azərbaycanla İsrail və yəhudi lobbisi arasında əlaqələrin dinamik inkişafda olması İrəvanı həmişə bərk narahat edib. Ən əvvəl də ona görə ki, bu əlaqələr bir yandan, Azərbaycan Silahlı Qüvvələrinin daha mükəmməl və döyüş qabiliyyətli olmasına xidmət edirsə, başqa yandan, beynəlxalq aləmdə Azərbaycana Qarabağ məsələsinə nüfuzlu yəhudi lobbisinin güclü dəstəyinin təmin olunmasına işləyir. Bu isə nə vaxtsa işğal altındakı ərazilərimizdə Bakının aparacağı antiterror əməliyyatı üçün beynəlxalq dəstəyi asanlaşdıra bilər. Ermənilər həm də buna görə əndişəlidirlər...

*****

“Vəziyyət bizim üçün çox kritikdir. Deyəsən, biz bu vəziyyətin nə dərəcədə kritik və təhlükəli olması haqda özümüzə hesabat vermirik. Fakt budur ki, Azərbaycan bizə qarşı geniş hücuma keçib və bu hücumda əlindəki bütün resurslardan, hətta bizim qəhrəmanlarımız və dəyərlərimizdən bizə qarşı istifadə edir. Və buna nəinki nəhəng maliyyə, eləcə də yəhudilər kimi mühüm resursu cəlb edir”.
“Yeni Müsavat”ın məlumatına görə, bu sözlər armenianreport.com-da dünən getmiş məqalədə deyilir.
Müəllif ardınca Ermənistan rəhbərliyini bu təhdidlərə zəif cavab verməkdə və ya heç verməməkdə ittiham edərək yazır: “Bizim milli qəhrəmanımız Qaregin Njdeni ”nasist əlaltısı" adlandırmaqla İlham Əliyev ilk dəfə deyil ki, aşağılayır. Açıq-aşkardır ki, o, bununla da dayanmayacaq. Ancaq bütün problem ondadır ki, Azərbaycan tərəfinin bu qəbildən addımları və onu tez-tez tirajlaması biz tərəfdən heç bir real müqavimətlə qarşılaşmır. Ötən cümə İlham Əliyev eyni fikri ravin Abraham Kuperlə görüşdə inkişaf etdirdi. Njdedən danışan Əliyev “Müharibə vaxtı o, müxtəlif xalqların nümayəndələrini, o cümlədən yəhudiləri öldürüb”, - deyə bildirdi. Bu da hamısı deyil. İlham Əliyev görüşdə əlavə edib ki, o, Ermənistan rəhbərliyini Njdenin abidəsini uçurmağa çağırıb. Əliyev abidənin uçurulması üçün yəhudilərə müraciət də edib. Beləcə, təkcə Njde təhqir olunmur, bizim hər birimiz təhqir edilirik. Nikol isə susmağa davam edir... Sözünə davam edən Əliyev armavirli deputatı çox cəsur adam adlandırıb və onun erməni diasporu tərəfindən təqiblərə məruz qaldığını söyləyib. Bizə indi nə qalır? Bu “çox cəsur adam” olan Vinoqradovu cinayət məsuliyyətinə cəlb eləmək. Ancaq bundan ötrü ilk növbədə Ermənistan rəhbərliyinin başında dayandığı güclü iş lazımdır".
Məqalədə Albert Aqarunova Bakıda abidə ucaldılması da İsrail-Azərbaycan dostluğunun növbəti təzahürü kimi şərh edilir. “Mərasimdə İsrailin səfiri San Stav da iştirak edib. Bu da sizə daha bir Azərbaycan-İsrail aksiyası! Həm də son günlər üçün heç də axırıncı olmayan. Məsələ ondadır ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Los-Ancelesə səfər çərçivəsində orada yaşayan, Xolokostu yaşamış 92 yaşlı Coşua Kaufmanla görüşüb. Görüş onun evində olub. Beləcə, hamımız görürük ki, Azərbaycan tərəfi yəhudi ”kartı"ndan da istifadə eləməklə necə ciddi və ardıcıl şəkildə bizə qarşı işləyir və Ermənistanı gözdən salır. Aydındır ki, bu iş yeni hərbi “təxribata” (dırnaqlar bizimdir - “YM”) hazırlaşan Bakıya müvafiq atmosfer yaratmaq üçün aparılır", - deyə sonda erməni şərhçi Razmik Akopcanyan xof içində əlavə edib.
Bu xofu indi yalnız Akopcanyan soyadlı erməni yox, başqa ermənilər də daşıyır...
(“Yeni Müsavat”)

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi