Ermənilər indi də Azərbaycanın ərzaq bazarında – Qida təhlükəsizliyimiz təhlükədə
"Ölkələr orduların silahları ilə deyil, vətəndaşlarının mədələri ilə fəth edilir”. 18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərində Fransanın ən böyük fatehlərindən olan Napolyon Bonapartın bu sözləri müasir dünyamızın ən böyük strateqlərindən sayılan Henri Kissenger tərəfindən də təsdiqlənmişdir. 1973-cü ildən 1977-ci ilə qədər Amerikanın Dövlət Departamentinin sədri vəzifəsini icra edən Kissinger həmin dövrlərdə ölkəsinin hərb siyasətində qida təhlükəsizliyinin mühüm yer tutduğunu bu sözlərlə etiraf edirdi: “Aqrar sektor Kənd Təsərrüfatı nazirinə həvalə edilməyəcək qədər ciddi işdir. Qida təhlükəsizliyi çantamızdakı əsas silahlardan biridir”.
Təsadüfi deyil ki, Kissingerin ABŞ administrasiyasının fikir babası olduğu çağlarda SSRİ-nin tənəzzülə uğramasının və ardından çökməsinin əsas səbəblərindən biri də ərzaq çatışmazlığı ilə bağlı idi. Hələ Leonid İliç Brejnevin zamanında qəbul edilmiş Ərzaq Proqramının öz məqsədlərinə çata bilməməsi SSRİ-nin dağılmasını zəruri hala gətirmişdi. ABŞ atom bombası ilə məhv edə bilməyəcəyini anladığı SSRİ-ni çörəklə imtahana çəkərək diz çökdürmüşdü. Yəqin ki, o dövlərdə çörək sıralarına dayananlar, əti, yağı talonla alanlar bu iddiaya haqq qazandırarlar.
Qida silahı təkcə Kissingerin kəşf etdiyi mübarizə metodu da deyil. Tarix boyu bir çox siyasi xadimlərin, padşahların, kralların, müxalif liderlərin ərzaq zəhərlənməsi ilə sıradan çıxarıldığını nəzərə alsaq, bu silah qədim dövrlərdən bəri bilinir. Maraqlıdır ki, keçmişdə yalnız hansısa fərdi hədəfə alan qida terroru müasir çağımızda daha geniş toplumları, xalqları da sıradan çıxaran silah kimi istifadə edilir. Heç uzağa getməyək, 2 il öncə Türkiyə ordusunda kütləvi qida zəhərlənməsi yaşanır və rəsmi Ankara bu hadisələrdə FETÖ izi axtarırdı. Yaxud 2015-ci ilin Ramazan ayında İraqın Mosul şəhərində 145 İŞİD üzvünün iftarda zəhərlənərək ölməsi və bunun “yerli xalqın qisası” kimi qiymətləndirilməsi qida terrorunun nə dərəcədə təsirli silah olduğunu bir daha təsdiqləyir.
Sirr deyil ki, Azərbaycan da 4 tərəfdən düşmən əhatəsindədir. Bəzi qonşularımızla torpaq üstündə, bəziləri ilə də geopolitik oriyantasiya baxımından ziddiyyətdəyik. Ölkəmizin üz-üzə qaldığı bu potensial təhlükə hökumət qurumlarımızı bu məsələyə ciddi diqqət ayırmağa vadar etməlidir, edir də. Ölkə başçısı İlham Əliyevin bir neçə il əvvəl Qida təhlükəsizliyi proqramı fikrini ortaya atmasına və bu proqramın əsas hədəflərini “tarladan-süfrəyə 100% özümüzü təmin edəcək yerli qaynaqlar” şəkildə müəyyənləşdirməsinə də məhz bu aspektdən yanaşılmalıdır.
Ovqat.com-un əldə etdiyi məlumatlar Prezidentin ortaya qoyduğu bu prinsiplərə yetərli səviyyədə diqqət yetirilməlidiyini göstərir.
Məlumata görə, Azərbaycan xalqının yaxşı tanıdığı, adını dəfələrlə eşitdiyi türkiyəli erməni əsilli iş adamları Karin Oksayan, Anahit Bozacıyan, Antranik Raffi Bozacıyan və Arto Sevan Oksayan qardaş ölkənin ən iri quşçuluq təsərrüfatlarının biri ilə ortaqlıq müqavilələri bağlayıb və Azərbaycana quş əti və yumurta ixracına başlamaq xəyalına düşüb. “Mudurnu Piliç”in 50% səhmlərinə sahib olan bu erməni iş adamlarının ölkəmizdəki bəzi broyler şirkətləri ilə də artıq razılığa gəldiyi barədə dəqiqi məlumatlar əldə etmişik. Həmin broyler şirkətlərinin adı bizə məlum olsa da, tərəflər arasında bağlanmış rəsmi sənədləri əldə edə bilmədiyimizdən onların adını hələ ki açıqlamırıq. Sadəcə onu dövlət qurumlarının və broyler təşkilatlarının nəzərinə çatdırırıq ki, “Mudurnu Piliç”-in keçmişi o qədər də parlaq deyil.
Bildirilir ki, 1967-ci ildə Türkiyənin sabiq millət vəkili Tevfik Türesin tərəfindən qurulan və ölkənin ilk broyler təsərrüfatlarından sayılan” Mudurnu Piliç” 2001-ci ilə qədər illik toyuq istehsalını 27 milyona qədər çatdıra bilmişdi. O vaxt həmin fabrikada çalışan işçilərin sayı 2.200 nəfərə qədər yüksəlmişdi. Türkiyə iqtisadiyyatını dərindən sarsıdan 2001-ci il böhranında iflas edən şirkəti indiyədək ayağa qaldırmaq mümkün olmayıb. Hər iki ildən bir əl dəyişən təsərrüfata sahib çıxmaq istəyənlər arasında müəmmalı adamların da adı hallanır.
Türkiyənin “Hürriyyət” qəzetinin 2016-cı ildə dərc etdiyi xəbərlərə görə, 2003-cü ildə “Mudurnu Piliç” 51 faizi Gobal ASC-yə satılmışdı. Global ASC-nın ortaqlarından biri isə ABŞ-ın xəfiyə xidməti CIA-nin keçmiş prezidenti Ceyms Uulsey idi.
Kissingerin yuxarıda sitat gətirdiyimiz sözlərini xatırlasaq, “Mudurnu Piliç”-in erməni iş adamlarının nəzarətinə keçməmişdən əvvəl də təhlükəli məqsədlərə qulluq etməsi versiyası ortaya çıxır. Zira bu həmin Ceyms Uulseydir ki, ABŞ-ın başqa dövlətlərdə inqilabi dəyişiklikləri dəstəklədiyini rəsmən etiraf etmiş və buna qazandırmışdı. Ötən il ABŞ televiziyalarından birinin (“Fox”) canlı yayımına qoşulan keçmiş baş xəfiyəçi (bu arada “keçmiş xəfiyəçi olmur” həqiqətini də yada salmaqda fayda var) hazırladıqları təxribat planlarının “xoş məqsədə – kommunist rejimlərini aradan qaldırmağa xidmət etdiyini” bildirmişdi. Bu etirafdan da göründüyü kimi, ötən ilə qədər öz düşüncəsini dəyişməyən qocaman baş çekistin sahibkarı olduğu broylerin şirkətinin təyinatı şübhə doğurmaya bilməz.
Məlumata görə, Ceyms Uulseyin belə ayağa qaldıra bilmədiyi şirkət 2 il sonra – 2005-ci ildə Türkiyənin keçmiş avtomobil sənaye şirkəti “Doğuş Holdung”-in sahibi İlhan Çetinkayaya, 2007-ci ildə “Pak Piliç”-ə satılır. “Pak Piliç”-ın 50% səhmi isə qeyd etdiyimiz kimi, Bozacıyan və Oksayan kimi erməni iş adamlarına aiddir.
Sözsüz ki, bir çoxlarımız Türkiyə ermənilərinin yaxşı erməni olduğunu düşünüb “burda nə var ki”, deyə bilərik. Fəqət dəfələrlə müxtəlif adlar altında Azərbaycan bazarına girmək istəyən bütün Türkiyə şirkətlərinin altından mütləq Bozacıyan və Oksayan erməni ailəsinin çıxması şübhələri artırmaya bilməz.
Sual oluna bilər: Dəfələrlə xalq diplomatiyasi tərəfindən “Persona de Grata” elan olunub ölkəmizdən qovulan bu ermənilər Azərbaycanda nə axtarırlar? Pulmu? Deyəsən, yox. Çünki Azərbaycan broyler müəssisələrinin bəzilərinin bildirdiyinə görə, erməni sərmayəli həmin Türk şirkətləri istehsal etdiyi malları bəzən maya dəyərindən belə aşağı qiymətə satırlar. Bizim broyler müəssisələri də çox vaxt bu aldadıcı təklüflərə şirnikləşib onlarla biznes əlaqələri yaradırlar.
Fikrimizcə, bu siyasətin arxasında ən yaxşı ehtimalla dempinq siyasətinin dayana bilər. Əks halda istehsal olunan məhsulun maya dəyərindən aşağı satılmasını başqa iqtisadi amillərlə əsaslandırmaq mümkün deyil. Digər versiya isə potensial qida terroru təxribatı ehtimalıdır ki, biz bunu iqtisadi yox, hərbi-təhlükəsizlik amilinə aid edirik. Çünki Kissingerin də dediyi kimi, “aqrar sektor təkcə Kənd Təsərrüfatı Nazirliyinin məşğul olduğu sahə deyil”, həm də hərbi təhülkəsizlik orqanlarının bioloji silah bazalarıdır.
İqtisadçı ekspert Elçin Qurbanov da bizim bu narahatlığımızı bölüşür. Onun da fikrincə, xarici bir şirkətin Azərbaycan bazarında yürütdüyü dempinq siyasəti ən yaxşı halda yerli təsərrüfatları batırmağa xidmət edə bilər: “Bu isə Azərbaycan qanunvericiliyinə görə, qadağandır. Çünki dempinq siyasətlərinin son məqsədi istehlak bazarını özündən asılı vəziyyətə salmaqdır. Hətta onların ölkəmizə ucuz qiymətinə təmiz qida idxal etməsi belə, təhülkəni nəinki azaltmır, əksinə artırır. Bu siyasət elə bir həddə çata bilər ki, Azərbaycanın qida sektoru tamamilə xarici monopoliya altına alına bilər. Xüsusilə bu şirkətin səhmdarları düşmən milləti təmsil edirsə, dövlət qurumları daha ehtiyatlı olmalıdırlar. Çünki Azərbaycanın ərzaq bazası ölkəmizə qarşı kin-küdurət duyan qüvvələrə həvalə olunmamalıdır”.
"Pak Piliç”-in erməni əsilli iş adamlarına aid olduğunu təsdiqləyən rəsmi sənədləri təqdim edirik:(ovqat.com)
Ölkəpress.com