olkepress.com
olkepress.com

Tovuz sakinləri nədən GİLEY EDİR?..

14-09-2021, 11:41

Tovuz sakinləri nədən GİLEY EDİR?..

Azərbaycan su ehtiyatları məhdud olan ölkələrdəndir. Bizim üçün ən ciddi təhlükə odur ki, qlobal iqlim dəyişikliklərinin təsiri ilə yaxın onillikdə mövcud su ehtiyatlarımız daha da azalacaq. Bu isə ölkədə sudan qənaətlə, ən əsası isə ədalətlə istifadə olunmasının son dərəcə zəruri olduğu deməkdir. Mövcud su qurğuları və kanalların vəziyyətindən aydın olur ki, sudan qənaətlə istifadəyə nail olmaq üçün böyük vəsaitlər tələb olunur: hazırda su kanallarının çox böyük hissəsi üstüaçıq torpaq kanallardır.

Nə qədər acınacaqlı da olsa, suya qənaət etmək bir tərəfə, olan suyun ədalətlə bölüşdürülməsi sahəsində də ölkəmizdə vəziyyət bərbaddır. 2020-ci ildən Kənd Təsərrüfatı Nazirliyi ilə Meliorasiya və Su Təsərrüfatı ASC-nin fermerlərin suvarma suyundan növbəlilik əsasında istifadəsini nəzərdə tutan qrafiki bir çox hallarda yerli məmurlar tərəfindən güclünün xeyrinə pozulur. Hər halda, Tovuz rayon Vahidli, Dondar, Aşağı Quşçu, Yuxarı Öysüzlü, Aşağı Quşçu kəndlərinin sakinləri tərtib olunan qrafikin onların zərərinə pozulmasından şikayətçidilər. Belə ki, bu kəndlərin arasında yerləşən ərazidə 2016-cı ildə Tovuzçay su anbarı istifadəyə verilib. Anbarın tikintisinə 1982-ci ildə “Azərdövlətsulayihə” İnstitutu tərəfindən hazırlanan layihə əsasında 1986-cı ildə başlanılıb. Layihəyə uyğun olaraq, bəndin nüvəsinə gil, onun sol sahilinin bir hissəsinə torpaq tökülüb, qülləli suburaxıcı tikilib. Lakin vəsait çatışmazlığı üzündən tikinti işləri 1992-ci ildən dayandırılıb. İnşası yarımçıq qalan Tovuzçay su anbarının tikintisinin davam etdirilməsi Azərbaycan Prezidentinin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq edilən və 2004-2008-ci illəri əhatə edən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na və 2005-ci il 14 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunan “Tədbirlər Planı”na daxil edilib. 2006-cı ildə isə tikinti işlərinə başlanılıb.

Rəsmi məlumata əsasən, ümumi su tutumu 20 milyon kubmetr, faydalı həcmi 18 milyon kubmetr olan Tovuzçay su anbarının su hövzəsinin sahəsi 160 hektar, uzunluğu 2,6 kilometrdir. Su anbarı yaradılarkən ətraf kəndlərin əhalisi su ilə təminatlarının normallaşacağını düşünüblər. Lakin gözləntilərinin əksinə olaraq, yuxarıda adları çəkilən kəndlərdə su ilə təchizat yaxşılaşmayıb, anbara axan Axıncı çayı boyu yerləşən Vahidli, Dondar, Aşağı Quşçu kəndlərində isə daha da pisləşib. Belə ki, Ağdam-Vahidli kəndlərinin Ermənistanla sərhədində 1965-ci ildə yaradılan su anbarından su Axıncı çayı vasitəsilə Tovuzçay su anbarına axıdılır. Kəndləri su ilə təmin edən arxa isə su böyük fasilələrlə verilir. Vahidli kənd sakinləri bildirirlər ki, 2020-ci ildə builkindən daha kəskin quraqlıq olsa da, onlar su sarıdan problem yaşamayıblar. Səbəb isə bu olub ki, iyul hadisələri baş verib, Ermənistanla sərhəddə atışma olduğuna görə rayon su idarəsinin işçiləri Axıncıçay su anbarından suyun axınına təsir edə bilməyiblər: “Sərhəddə heç kimi buraxmırdılar deyə göldən arxa gələn suyu kəsə bilmədilər, biz də əkinlərimizi rahat suvara bildik. Bu il yağanlıq daha çoxdur, amma arxa suyu böyük fasilələrlə verirlər. Çayda isə daim su olur, çünki aşağıdakı anbarı doldururlar. Oradan da suyu varlıların, vəzifəlilərin aşağı obalardakı torpaqlarına verirlər. Bu anbar bizim başımıza bəla olub, bağlarımız quruyub gedir. Kimin bağına baxsanız, onlarla qurumuş ağac görərsiniz”.

Yuxarı və Aşağı Öysüzlü sakinləri də Tovuzçay su anbarından onların dəmyə ərazilərinə çəkilən borulara su verilməməsindən narazılıq edirlər: “Bu boyda boru çəkiblər, ayda 1-2 dəfə su verirlər. Elə keyfiyyətsiz borulardır ki, su verəndə təzyiq vurub partladır, yarımçıq dayandırırlar”.

Sakinlər hesab edirlər ki, Tovuzçay anbarından aşağı ərazilər deyil, Yuxarı Öysüzlü, Aşağı Öysüzlü, Qazıqulu, Vahidli, Dondar kəndlərinin suvarılmayan dəmyə ərazilərinin suvarılması üçün istifadə olunmalıdır.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Tovuzçay su anbarından Tovuz və Şəmkir rayonlarının mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə bu sahələri suvarma suyu ilə təmin edən Ağstafaçay sağ sahil kanalına əlavə su verilməsi üçün sərfi saniyədə 1,5 kubmetr, uzunluğu 7004 metr olan polad boru kəməri tikilib. Meliorasiya və Su Təsərrüfatı ASC-nin açıqladığı məlumata görə, “Tovuzçay su anbarının tikintisinin davam etdirilməsi” layihəsində nəzərdə tutulan tədbirlərin tam başa çatdırılması nəticəsində Tovuzda 16886 hektar, Şəmkirdə isə 2939 hektar olmaqla ümumilikdə 19825 hektar mövcud torpaq sahələrinin su təminatı yaxşılaşdırılmalı, eyni zamanda Tovuz rayonunda 300 hektar yeni suvarılan torpaqlar suvarma suyu ilə təmin olunmalıydı. Lakin mövcud vəziyyət göstərir ki, bu məqsədlərə nail olunmayıb, əksinə, bir neçə kəndin su təminatında ciddi problemlər yaranıb.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tovuz rayon Suvarma İdarəsinin baş mütəxəssisi Rafiq İsmayılovun dediyinə görə, layihədə nəzərdə tutulsa da, istismara veriləndən indiyədək Tovuzçay su anbarından Şəmkir rayonuna su verilməyib: “Bizim rayonda hazırda saniyədə cəmi 200 litr su var. Zəyəm çayı quruyub, Əsrik çayının mənbəyində 20-30 litr su var, Tovuzçay quruyub. Yalnız Axıncı çayında su var az miqdarda. Ümumiyyətlə, bu il Tovuzçay anbarını 70 faiz ancaq doldurmaq mümkün olub. Onu da biz Tovuz rayonundakı ehtiyacı olan ərazilərə növbəlilik əsasında veririk. Hazırda Ermənistanla sərhəddə yerləşən anbara da su az yığılır. Biz gələn suyu növbə ilə Ağdam, Yuxarı və Aşağı Öysüzlü, Qazıqulu, Avılbəyli, Bozalqanlı və sair kəndlərə veririk. Həmçinin Vahidli, Dondar, Aşağı Quşçunu təmin edən arxa buraxırıq. Bunu da su müəyyən qədər yığılandan sonra edə bilirik: gözləyirik anbara su yığılır, sonra veririk ərazilərə. Bunun hamısını növbə ilə edirik. Aydındır ki, su çatmır, camaat da narazı qalır, amma olan budur”.

Əhalinin rayondakı vəzifəli şəxslərin torpaqlarına suyun fasiləsiz verilməsi barədə dediklərinə gəlincə, idarə rəsmisi bildirir ki, kimin olmasından asılı olmayaraq, əkin sahələri suvarılmalıdır: “Torpağın kimə məxsus olmasının nə əhəmiyyəti var? Əkin əkilibsə, onun suvarılması təmin edilməlidir. Biz də mövcud suyu növbəlilik əsasında paylayırıq. Aşağı kəndlərin camaatı da narazılıq edir ki, suyu yuxarı kəndlərə verirsiniz, bizə çatmır. Reallıq belədir ki, quraqlıq var, yağıntılar azalıb. Biz bu anbardan Ağstafadan gələn kanala da su verməliydik, amma verə bilmirik, çünki su azdır”.
(“Yeni Müsavat”)

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi