olkepress.com
olkepress.com

"Döyüşdən qayıdan hərbçilərə psixoloji yardım mütləqdir”

12-01-2021, 11:41

"Döyüşdən qayıdan hərbçilərə psixoloji yardım mütləqdir” Son bir həftədə II Qarabağ savaşının iştirakçılarından olan Vüsal Musayev və Yunis Mənsurovun intihar etməsi hər birimizi üzdü. Bu cür halların qarşısını almaq üçün hansı işlərin görülməsi, müharibədən dönən, psixoloji durumu ağırlaşan hərbçilərlə necə iş aparılması yönündə ən müxtəlif fikirlər səslənir. “Psixoloq komandası hazırlanmalı, onlarla söhbət, iş aparılmalıdır” deyilir.

Gedən müzakirələrdə dünya təcrübəsindən nümunələr gətirilir. Burada daha çox ABŞ-Vyetnam müharibəsindən dönən amerikalı hərbçilər arasında yaşanan psixoloji pozuntulardan və “Vyetnam sindromu” adlanan hadisədən söhbət açılır.

Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi icmalçı Ramil Məmmədli deyir ki, müharibə qələbə ilə yanaşı ağır fəsadlarını da qoyub gedir: “Döyüşçülər və müharibəyə gedən yerlərdəki vətəndaşlarımız müharibə zaman psixoloji sarsıntılar keçirirlər. Müharibə bitəndən sonra bir müddət insanlar bu psixoloji sarsıntılarla yaşayırlar. Xüsusilə savaşda iştirak edən hərbi qulluqçular davamlı olaraq bu problemlərlə üzləşirlər. Azərbaycan Ordusunun da döyüşlərdə iştirak edən, yaralanan hərbçilərinin belə psixoloji sindromlar yaşayacaqları sirr deyildi. Bunlar müharibənin reallıqlarıdır. Əlbəttə, bunun qarşısını almaq üçün hərbi qulluqçuların müalicə olunduqları müalicə mərkəzlərində xüsusi psixoloji komanda fəaliyyət göstərməlidir. Hərbi qulluqçular evə gələndən sonra da bu proses davam etdirməlidir. Çünki onlardan ağıllarını, gözünü, qolunu itirənlər var. Onların bu cür psixoloji sarsıntılarla üzləşməmələri üçün onlarla ya ev şəraitində, ya da xəstəxanalarda psixoloji söhbətlər aparılmalıdır. Əlavə müalicə prosesinin keçirilməsinə böyük ehtiyac var. Biz II Dünya müharibəsindən sonrakı filmlərdən, tarixi sənədlərdən yaxşı xatırlayırıq ki, müharibə iştirakçıları hansı psixoloji durum yaşayıblar, nələrlə üzləşiblər. ABŞ-Vyetnam müharibəsi zamanı geriyə qayıdan amerikan hərbi qulluqçularının hansı psixoloji durumu yaşamaq məcburiyyətində qaldıqlarını da bilməmiş deyilik. Belə halların qarşısını almaq üçün hərbi həkimlər arasında psixoloqların sayı artırılmalıdır. Onlar davamlı olaraq, bu məsələlərlə məşğul olmalıdırlar. Əks təqdirdə, belə intihar hadisələrinin sayı arta bilər. Bunlar qəbuledilməz və dəhşətli hadisələrdir”.

Tibb elmləri doktoru Adil Qeybulla bir sıra təkliflər irəli sürdü: “Ümumiyyətlə, güclü streslər olan yerdə əhalinin psixi reabilitasiyasına ehtiyac var. Məsələn, 90-cı illərdə bir milyona yaxın soydaşımız öz yaşadıqları yurd yerlərini tərk etdilər və respublikanın müxtəlif rayonlarına köçməyə məcbur qaldılar. Bu, ölkədaxili ciddi miqrasiya idi. Bunun özü həm də stress faktoru idi. Əhalinin psixoloji reabilitasiyası məsələsi o dövrdə də qurulmuşdu. İndi də doğrudan da çox ciddi müharibə oldu. Hərb tarixinə yazılacaq bir müharibə baş verdi, həm öz uğurları, həm hərbçilərimizin şücaəti, həm də nəticələri ilə. Təbii ki, bu savaşda da hərbçilərimiz çox ciddi sarsıntı keçiriblər. Birbaşa od-alovun içərisində olublar. Bunların içərisində yaralı olanları, sağlamlıqları ciddi təhlükə altında qalanları, əmək qabiliyyətini ciddi şəkildə itirənlər var. Ruhən zəif olan, nisbətən bu problemləri həzm edə bilməyən hərbçilərimiz ola bilsin ki, intihara əl atsınlar. Hesab edirəm ki, bu şəxslər vaxtında aşkar olunmalıdır. Onlarla iş aparılmalıdır. Onların hansısa qayğıları, sosial reabilitasiyası, cəmiyyətə inteqrasiyaları üzərində çox ciddi işlər getməlidir. Müvafiq strukturlar bu işlərlə məşğul olmalıdırlar. Müdafiə Nazirliyinin özündə bir müvafiq qurum yaradıb, bu işlərlə ciddi şəkildə məşğul olunmalıdır”.

“Ahəng psixologiya, reabilitasiya və inkişaf” mərkəzinin rəhbər Vüsalə Əmiraslanova könüllü olaraq bu işlərlə məşğul olduqlarını qeyd etdi: “Ümumiyyətlə, müharibədən qayıdan hərbçilərlə bağlı xüsusi proqram olmalıdır. Biz mərkəz olaraq bunları könüllü edirik. Dövlət layihələri olacaq. Bildiyimə görə, artıq bu istiqamətdə işə başlayıblar. Bu işlərin hamısı dövlət layihələri üzrə gedəcək. Sadəcə, biz mərkəz olaraq qazilərlə görüşür, psixoloji problemləri varsa, onları həll edirik. Bizdə, dediyim kimi, könüllülük proqramıdır. Psixoloq komandamız var. Komandanın hər bir üzvü qazilərlə işləyir. Bundan sonra psixoloqlara təkmilləşdirmə kursu keçməyi planlayırıq. Bunu qazilərlə necə işləməyi onlara öyrətmək üçün edəcəyik. Qazilərimizdə olan tramvalar aradan qaldırılmalıdır. Həyəcanlarına, təşvişlərinə son verilməlidir. Bizim özümüzün hərbçilərimizlə sırf işləmək üçün xüsusi proqramımız var. Üzərimizə düşən işləri görməyə çalışırıq. Düşünürəm ki, hər bir şəxs bunu etməlidir. Bu bizim borcumuzdur”.
(“Yeni Müsavat”)

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi