ANİİA-nın icra edəcəyi yeni layihə 2020-ci ilin avqust ayından etibarən start götürüb
Avropa Birliyinin Azərbaycandakı Nümayəndəliyinin maliyyə dəstəyi ilə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) icra edəcəyi “Narçılıq Dəyər Zəncirində Üstün Keyfiyyətin Əldə Edilməsi və Dəyişikliklərə Dəstək” adlı yeni layihə avqust ayından etibarən start götürüb. Layihə ANİİA və onun yerli tərəfdaşları sayılan Azərbaycan Turizm Assosiasiyası (AZTA) və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) ilə birlikdə həyata keçiriləcək. 20 aylıq bir dövrü əhatə edəcək bu layihə Ucar, Kürdəmir, Göyçay, Hacıqabul, Sabirabad, Saatlı və İmişli rayonlarında 100 kənddə 1-5 hektar nar bağına sahib olan 2000 kiçik miqyaslı nar istehsalçılarını əhatə edəcək. Burada onlara məhsuldarlığı və keyfiyyəti artırmaq üçün təlimlər, seminarlar keçiriləcək, aqronom məsləhət xidmətləri vasitəsilə yeni və ən yaxşı aqrotexniki metodlar, vasitələr və qida təhlükəsizliyinə aid daha faydalı məlumatlar əldə edəcəklər. Nəticədə narçı fermerlər məhsullarını daha yüksək qiymətlərlə satmaq imkanına malik olacaqlar, eləcədə xammal tədarükçüləri və geniş miqyaslı nar istehsalçıları ilə əlaqələr və nar istehsalçıları arasında şəbəkə formalaşmış olacaq.
Digər tərəfdən, layihə müddətində ANİİA-nın tərəfdaşı rolunda çıxış edən AZTA tərəfindən müəyyən edilmiş 5 narçı fermer təsərrüfatında aqroturizm imkanlarını artırmaq məqsədilə nar becərənlərə texniki yardım göstəriləcək. Hazırlanmış aqroturizm proqramı, nar turları və texniki yardım nəticəsində fermerlər və onların icmaları həm yerli, həm də xarici turistləri qəbul etmək, daha yüksək qazanc üçün meyvə və digər nar məhsullarını satmaq və yerli mətbəxi birbaşa təbliğ etmək imkanı əldə edəcəklər.
ANİİA-nın digər tərəfdaşı sayılan AQSİA isə öz növbəsində kənd yerlərində qadın sahibkarlığı, məşğulluğun yaradılması, alternativ gəlir mənbələri mövzularında narçı fermer xanımlara müfəssəl təlim proqramlarını təqdim edəcək.
Layihənin digər maraqlı bir aspekti, Kürdəmir rayonu ərazisində nar suyu istehsal müəssisəsinin qurulmasıdır. Burada 1 saatlıq gücü 1.5 ton olan xüsusi nar suyu sıxan avadanlıq quraşdırılacaq, Kürdəmir və qonşu rayonlardan olan fermerlər öz narlarını bu müəssisədə emala verərək, nar suyunu xüsusi qablaşdırmada əldə edərək yerli, eləcə də qonşu ölkələrin bazarında realizə etmək imkanı qazanacaqlar.
20 ayı əhatə edəcək dövrdə həm aqroturizmlə məşğul olan 5 narçı fermer təsərrüfatına, həm də ki, nar emalı müəssisələrinə yerli mətbuat nümayəndələrinin səfərlərinin ANİİA tərəfindən təşkil edilməsi də nəzərdə tutulur.
Azərbaycan narının MDB ölkələrinə və xüsusən də Rusiya bazarına asanlıqla çıxışı olsa da, narın keyfiyyətinin daha da yaxşılaşdırılması, onun Avropa bazarlarına ixracının artmasına da öz töhfəsini verəcək. Nar, Azərbaycanın mərkəzi bölgələrinin əsas kənd təsərrüfatı məhsullarından biri olduğuna görə, hazırkı layihə çərçivəsində nar dəyər zəncirinin düzgün inkişaf strategiyası Azərbaycan əhalisinin əhəmiyyətli bir hissəsinin dolanışıq səviyyəsinin artmasına təkan vermiş olacaq.
Ölkəpress.com