olkepress.com
olkepress.com

Abşeronda qanunsuz tikililərə indi kimlər “krişalıq” edir?

16-04-2021, 12:44

Abşeronda qanunsuz tikililərə indi kimlər “krişalıq” edir?Nə dərəcədə uğurlu alınacağını deyə bilmərəm, amma bu məqaləni bir müqayisə ilə başlamağa qərar verdim. Bildiyimiz kimi, siqaret çəkməyin məhz zərərli vərdiş olması, orqanizmə və şəxsi büdcəyə ziyan vurduğu birmənalı həqiqətdir. İstehlakçıları hardasa başa düşmək olar, nikotini dadıblar, asılı vəziyyətə düşüblər.

Hökumət siqaret çəkənlərə özlərinin və ətrafındakıların səhhətini qorumaq barədə xəbərdarlıq edir, ictimai yerlərdə siqaret çəkənləri cərimələyir. Bununla belə tütün istehsalını nəinki qadağan edilmir, hətta stimullaşdırılır da. İnflyasiya gedəndə hər şeydən əvvəl tütün məmulatlarının qiyməti qalxır. Adama elə gəlir ki, hökumət insanların zərərli vərdişlərdən qurtulmalarında o qədər də maraqlı deyil, əksinə, nikotinə aludəçilik bəlasına mübtəla olanların cibinə girməkdə maraqlı görünür. Onu da qeyd edim ki, belə yanaşma tək bizim ölkəmizdə deyil, bütün dünyada mövcuddur.
Abşeron rayonunda torpaq və onunla bağlı münasibətlər sistemində də belə bir tendensiya vardır. Rayonun bir çox yerlərində kənd təsərrüfatı təyinatlı torpaqların təyinatından kənar məqsədlərə istifadə olunacağı qabaqcadan bilinsə də, mülkiyyətə və uzunmüddətli (məsələn, 99 il müddətinə) istifadəyə verilməsi artıq dönməz xarakter alıb. Həmin ərazilərdə nəzarətsizlik ucbatından insanlar o qədər qanunsuz fərdi ev və obyektlər inşa ediblər ki, yerdə qalan hissələrin əkin üçün istifadə edilməsi heç infrastruktur baxımından da mümkün deyil. Amma onların kənd təsərrüfatı kateqoriyasından çıxarılması nəzarətedici vəzifə daşıyan dövlət və hökumət strukturlarına sərf eləmir. Bu gün heç kəsə sirr deyil ki, dövlət mülkiyyətində olan əkinə yararlı torpaq sahələri sotlara bölünərək satılır. Mülkiyyətçi qismində çıxış edən Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq strukturlarının vəzifəli şəxsləri guya bilmirlər ki, əkin üçün torpaqları fermerə 1-2 sot deyil, hektarlarla vermək məqsədəuyğundur? Demək, onlar prosesin məhz bu cür getməsində maraqlıdırlar.
Torpağa mülkiyyət və (və ya) istifadə hüququnu (çıxarış sənədini) verən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən (Xidmətin müvafiq ərazi idarələrindən) sonra isə prosesə digər nəzarətçilər qoşulurlar. Özü də bir gözləri açıq, digəri yumulu vəziyyətdə. Torpağın üzərində fərdi ev və obyekt tikmək istəyən vətəndaşlar da bunu bilirlər. Kim ki gözbağlayıcı ovsunu bilir – nəzarətçilərin ikinci gözünü də yummağa müəvəffəq olur və bünövrə tökməklə başladığı işi axıra çatdırmağı bacarır. Kimdə ki Ələddinin sehrli çırağı yoxdur, nəzarətçilərin ikinci gözü də açılır və o kəsin tikdiyini də başa çatmamış söküb – dağıdırlar. O məzlum da qalır ağlaya-ağlaya ki, bəs ətrafda bu qədər villanın tikintisinə icazə verildiyi halda nəyə görə məhz mənim komam ox olub bunların gözlərinə batdı.
Məsələn, Abşeron rayon Yeni Saray qəsəbəsində Yeni Massiv deyilən yerin çox həssas qulağı var. Ərazidə hər hansı qanunsuz fərdi evin və qeyri-yaşayış obyektinin özülü qoyulanda hardansa eşidib hadisə yerinə gələn nəzarətçilər ərazidə xidmət edən polis sahə müvəkkili Badrəddinlə Abşeron Rayon İcra Hakimiyyətinin Saray qəsəbəsi üzrə Ərazi İcra Nümayəndəsi Bayram adlı əməkdaşı olur. Bayramın gəlişi heç də çox vaxtlar vətəndaşlara toy-bayram ovqatı bəxş eləmir. Onun 99 EP 012 nömrə nişanlı “Niva” maşını üfüqdə görünən kimi gərək qara gününü qablaşdırasan.
Sadiq oxucularımız xatırlayarlar, aprelin 9-da saytımızda (realmedia.az – red) “Xanım başçının iqamətgahını “Makler İcra Hakimiyyəti” kimi təqdim edənlər kimlərdir?” sual başlıqlı məqalə işıq üzü görmüşdü. Məqalədə söhbət Abşeron RİH-nin kütləvi informasiya vasitələri ilə əlaqələr üzrə məsul işçisi Seymur Qasımbəyli və RİH başçısının köməkçisi Fuad adlı şəxsin dövləti təmsil edən icra hakimiyyətinə və onun başçısı İradə Gülməmmədovaya inamını zəiflədən qəbahətlərə yol vermələrindən gedirdi. Həmçinin qeyd olunurdu ki, insanların rayon rəhbərliyi ilə mövqe və mənafelərinin kəsişdiyi və bəzən də toqquşduğu həssas məqamlardan biri məhz torpaq münasibətləridir. Sitat: “Onlar rayon rəhbərliyindən bu məsələdə qəti mövqe sərgilənməsini istəyirlər. Boş və yaxud, boş görünən torpaqları zəbt edib üstündə fərdi ev və ya obyekt tikmək olar, ya olmaz? – Bu suala birdəfəlik aydınlıq gətirilməsini istəyirlər. Yoxsa ki, bir vətəndaş bu məsələdə üstünlüyə nail olsun, digəri isə qanunun sərt üzü ilə qarşılaşsın – gəlin razılaşaq ki, bu, ədalət prinsiplərindən uzaqdır. İctimai gündəmi diqqətlə izləyən oxucular yəqin xatırlayarlar ki, məhz bu müstəvidə yaxın keçmişdə gurultulu həbslər də baş vermişdir. Biz bu yazıda korrupsiya cinayətlərinə görə məsuliyyətə cəlb olunmuş həmin torpaqsatan məmurların, icra nümayəndələrinin, bələdiyyə sədrlərinin adlarını bir-bir çəkmək fikrindən uzağıq. Ancaq bu da bir həqiqətdir ki, zərrəbinsiz gözlə də rayonda torpaq alveri ilə məşğul olan maklerlərin fəaliyyət intensivliyinin səngimədiyini görmək mümkündür. Hər tinbaşı dəllal ofislərinə və onların üstündə torpaq satışına dair reklama rast gəlmək mümkündür. Satışda olan fərdi həyət evləri də maklerlərin özlərinin qanunsuz mənimsənilmiş torpaqlar üzərində tikdikləri evlərdir. Belə çıxır ki, dəllallar cəmiyyətin elə bir təbəqəsidir ki, dövlət qulluqçuları ilə sadə vətəndaşlar arasında bir növ korrupsiya körpüsü təşkil edirlər. Sanki qanun birinciləri və üçüncüləri görür, ikinciləri isə görməzdən gəlir. Yuxarıda adları çəkilən iki məmur isə bu prosesdə ayrı-seçkilikdən narazı qalan, qaranlıq məsələlərə aydınlıq gətirilməsini istəyən şəxslərə (istər torpaqla bağlı münasibətlər prosesinin iştirakçısı (potensial iştirakçısı) olan vətəndaşlara, istərsə də onların problemi ictimailəşdirmək üçün üz tutduqları, müşahidəyə cəlb etdiklərə jurnalistlərə) bu müşkül məsələ ilə bağlı tutarlı izahlar verə bilmir, maklerlərin haradasa “toxunulmazlıq” satatusu olduğuna işarə edərək, müraciət edən şəxsləri məsələni məhz dəllallarla “yoluna qoymağa” yönəldirlər. Camaat isə haqlı olaraq bu mesajı belə başa düşür: “Gedin, maklerə pulunuzu verin, nə istəyirsiz eləyin””.
Saray qəsəbəsində Yeni massiv deyilən ərazidə apardığımız müşahidələrdən çıxan nəticə budur ki, orada “maklerliyi” məhz polis sahə müvəkkili Bədrəddin-Bayram cütlüyü həyata keçirir. Görünən o ki, Abşeron icra hakimiyyətində yeni nəsil 5-ci kalon yetişməkdədir. Hərçəndki, bu haqda irəlləyən günlərdə yazacağıq.
Bir halda ki nəzarətçilərə nəzarət yoxdur, bu müstəvidə anlaşılmazlığa, korrupsiya şübhələrinə son qoymaq üçün müxtəlif variantları nəzərdən keçirmək olar. Məsələn:
1.Tikintisi başa çatmış (üstü bağlanmış) evlərin sökülməsi çox radikal addım olardı, hərçənd, bu, insanları kənd təsərrüfatı təyinatlı torpaqları fərdi ev və obyekt tikmək fikrindən çəkindirərdi.
2.Abşeronda ümumiyyətlə kənd təsərrüfatı təyinatlı torpaqların mülkiyyətə və istifadəyə verilməsini müvəqqəti də olsa dayandırmaq, belə arzu ifadə edənlərə Qarabağın azad edilmiş məhsuldar torpaqlarını göstərmək.

Torpaqları kənd təsərrüfatı kateqoriyasından çıxarmaq.
Əkinə yararlı torpaqları alandan sonra ondan təyinatından kənar məqsədlər üçün istifadə edən şəxslərə yüksək əmlak vergisi tətbiq etmək və s.
Mövzuya qayıdacağıq.

RealMedia.az

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi