olkepress.com
olkepress.com

Pensiya terrorçuları – . 100 min insanın taleyi sual altında..

15-04-2021, 11:30

Pensiya terrorçuları – . 100 min insanın taleyi sual altında..Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apardığı son araşdırmalarla üzə çıxan faktlar tükürpədicidir, həm də dövləti talayan böyük bir cinayətkar şəbəkənin ifşasıdır.

Ən dəhşətlisi də odur ki, verilən qərarlar, yəni cinayətin fəsadlarının kəsilib atılması az qala yüz minlərin birbaşa taleyini müəyyənləşdirir, daha doğrusu, onların həyatını büsbütün dəyişir.

Söhbət əlbəttə ki, saxta əlillik sənədləri ilə alınan pensiyaların ləğv edilməsindən gedir.

Rəsmi statistikaya görə, Azərbaycanda bu qəbildən olan 17 min nəfərin pensiyası artıq ləğv olunub. Nəticədə illik 30 milyondan çox büdcə vəsaitinin qanunsuz xərclənməsinin qarşısı alınıb. Amma bu, hələ hamısı deyil. 2021-ci ilin sonuna kimi 190 min adamın pensiya müddəti bitir. Bu isə o deməkdir ki, həmin şəxslərin xəstəlik kağızları növbəti dəfə yoxlanılacaq. Statistikaya əsaslanan təxminlərə görə, onların da böyük əksəriyyəti pensiyadan “pensiyaya çıxacaq”.

Rəqəm böyüdükcə adamı heyrət bürüyür. Bu, rəqəm də deyil, ölkənin mənzərəsidir. Dövlət niyə şoka düşmür, rəsmilər niyə bir-birinə dəymir? Təkcə bir nazirlikdən 100 min civarında adam illərdi cinayət yolu ilə “pul yeyir”! Təkcə bir nazirlikdə 100 min adamı cinayətə sürükləyiblər. Təkcə bir nazirlikdə 100 min şəxsə büdcəni taladıblar...

Bu, təkcə büdcədən qanunsuz yolla mənimsəmənin statistikası deyil. Bu, həm də ölkədə cinayətkarların sayıdır. Və məsələ qətiyyən saxta yolla pensiya alanlarda deyil. Hər saxta pensiyanın “qanuniləşdirilməsi” üçün sənədlərə azı 2-3 həkim imza atıb, həmin imzaları baş həkim möhürləyib, sonra digər qurumlara verilib, onlar da imzalayıb. Ərazi nümayəndəsindən tutmuş az qala icra başçısına kimi hər kəsin bu saxtalaşdırmada ən yaxşı halda rolu, ən pis halda imzası var. "Mübarək imzalı" şəxslərin sayını da toplasaq, minlərlə cinayətkarın 100 min adamı cinayətə sürükləyib, suç ortağı etdiyini görərik.

Bu ölkədə nə qədər cinayətkar varmış!

Bəlkə də ağır ifadədir, amma başqa hansı söz uyğundur? Bir saxta pensiyanın əldə edilməsi üçün bilirsiz nə qədər saxta sənədlər toplanır? Sağlam adamı xəstə düzəltmək adi məsələ deyil. Bu saxta sənədləri də heç kimə peşkəş etmirlər. Burda Səhiyyə və Əmək nazirliklərinin əməkdaşları ilə yanaşı, bir neçə dövlət qurumunun nümayəndələri iştirak edir. Saxta sənəd alındıqdan sonra məktəbdən tutmuş İcra Hakimiyyətinə qədər, hər kəsin bundan xəbəri olur. İcra nümayəndəliyi, MİS, nə bilim, müxtəlif idarələr öz vətəndaşı ilə bağlı sənədlərində düzəlişlər edirlər. Beləliklə, hər kəs dəqiq bilir ki, bu, saxta xəstəlikdir.

Cinayəti bilib, susanlar və yaxud “şirinlik alıb” susanları da o şəbəkənin üzərinə gəlin: cinayət iştirakçılarının sayı onminləri aşır.

İndi bütün şəbəkə “süddən çıxmış ağ qaşıqdır”, hədəf yalnız saxta pensiya alanlardır. Əlbəttə, onlar cinayət məsuliyyətinə cəlb edilməyib, ancaq tısbağanı öldürməklə arxası üstə çevirmək mahiyyətcə eynidir. Yəni “saxta pensiya ovu”nda niyə təkcə o cür pensiya alanlar “cəzalandırılır” – pensiyaları kəsilir? O kasıb, fağır, yazıq adamlar saxta pensiya almaq üçün kimlərə nə qədər ödəyiblər? Onları kim özlərinin də xəbəri olmadan tora salıb, cinayətə təhrik edib? Onları kim arxayın salıb ki, rüşvət versinlər və dövlətdən oğurluq edilməsinin iştirakçısı olsunlar?

Saxta pensiya düzəldənlərin mütləq əksəriyyəti imkansız, 100-200 manata möhtac, çoxu da rayon, kənd adamlarıdır. Onlar pensiyaya bir layihə kimi baxırlar. Əksəriyyəti savadsız, məlumatsızdır və bunun bir cinayət oduğunu bimir... Elə adam var ki, övladı üçün edə biləcəyi bəlkə də yeganə iş onu saxta xəstə çıxardıb, çörək yeri – pensiya düzəltdirmək olub. Bunun üçün borca girən, kredit götürən, həyətinin son toyuğunu satanlar var. Elə ailələr var, onların yeganə çörəkpulu bu saxta pensiyadır.

Saxta pensiya almaq rayon yerlərində dövlət işinə düzəlmək kimi bir seydi. Rüşvət verib vəzifəyə getməklə, rüşvət verib pensiya almaq aşağı-yuxarı eynidir.

İşin pis tərəfi özünə saxta pensiya düzəldən adamların nə boyda cinayət törətmələrindən xəbərlərinin olmamasıdır. Çoxu sovetdən qalma təfəkkürlə yanaşıb buna – dövlətdən pay qoparmaqda ayıb, günah bir iş görməyib.

Dövlət indi bu adamlarla ciddi məşğuldur. Saxtakarlıqlar tapılır və o pensiyalar dayandırılır. Amma həmin pensiyaçılar üçün bu, bəlkə də ölüm hökmü qədər ağırdır.

Bunlar sənin məmurlarına rüşvət verməklə pensiya alıblar. Bütün həyatlarını o pensiya üzərində qurublar. O pensiya ilə böyüyən, ailə quran, o pensiyaya arxayın olub kredit götürən adamlar var...

Böyük bir labirint: nə etməli, necə qərar verməlisən? Bu qanunsuzluğa göz yumacağın halda nazirliyin yeni rəhbərliyi də cinayət iştirakçısına çevriləcək, ədaləti bərpa etmək isə 100 min insanın və onların yaxınlarının həyatını məcrasından çıxarmaq, onları əzaba düçar etmək deməkdir.

Hələ bu 100 minin içərisində ailəsindən şəhidi, qazisi, Vətən müharibəsi veteranı, torpaq uğrunda canından keçmiş şəxsləri də, əmin olun ki, var və çoxdur. Çünki Vətən üçün, yurd üçün vuruşanların hansı təbəqənin nümayəndələri olduğunu da yaxşı bilirik.

Sabah bunun böyük bir etiraz dalğası da var, axı! Sabah növbəti yoxlanışı yaxınlaşan pensiyaçının narahatlığından dolayı indi pensiyası kəsilənlərə verəcəyi dəstəyi də var, axı! Sabah kimlərinsə “qazi ailəsinin pensiyasını qəsdən kəsdilər” deyə sosial şəbəkələrdə meydan sulaması da var, axı!

Və heç kəs axtarmayacaq ki, qanunsuzluğun qarşısı alınıb; hamı qazi, veteran ailəsinin hər zaman haqlı olduğunu düşünəcək!

Necə edilməlidir ki, həm qanunsuzluq, saxtakarlıq aradan qalxsın, həm də insanların taleyinə müdaxilə olmasın?
Məncə, ilk növbədə cinayət şəbəkəsi üzə çıxarılmalıdır. Pensiyanın umuduna yaşayan təqaüdçü onu saxtakarlığa sürükləyənin cəzalandığını mütləq görməlidir! Yoxsa ayda 200 manatı saxta olduğu üçün kəsilən və o pula dəhşətli dərəcədə ehtiyacı olan şəxs o saxtakarlığa rüşvət qarşılığında yaşıl işıq yandıranın, bəlkə də onu bu saxta pensiyaya təhrik edənin “yağ-bal içində” vəzifəsini davam etdirməsinə laqeyd qalmayacaq.

İkincisi, bu saxtakarlığa məcbur edilən və yaxud həvəsləndirilən, bunun cinayət olduğunu bilməyənlər araşdırılmalıdır. Bir çoxu o pensiyanı almaq üçün həyətinin son toyuğunu, tövləsindəki son qoyunu, son inəyi satıb. Halbuki o toyuq, inək, qoyun onun ümid yeriydi.
Bəlkə, onun ziyanı ödənilməli, qanunsuzluq izah edilməli, cinayətkarların cəzalandığı göstərilməli və bu ailələrin daha halal, zəhmətlə yaşaması stimullaşdırılmalıdır?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bunun üçün saysız-hesabsız layihələri var. O layihələrə uyğun gəlmirlərsə, bu dalğanın vuracağı ümidsizlər üçün yeni bir layihə həyata keçirmək çətin olmaz. Əvəzində insanların yeni iderəetməyə də, dövlətinə də güvənci, inamı yaranar!

İnsanları, xüsusilə kənd yerlərində yaşayanları bu cür tənbəlliyə öyrədən, onların olan-qalanını satıb gətirib verməsi, saxta yolla pensiya alıb, minimal tələblərini yerinə yetirməklə müftəxor kimi yaşamasına səbəb olanlarla isə mütləq hüquq-mühafizə orqanları məşğul olmalıdır. Çünki bu şəxslər təkcə büdcəni oğurlamayıblar, həm də insanların dövlətə yanaşmasını zədələyiblər, onların dövlət haqda normal təsəvvürlərinin yaranmasına imkan verməyiblər, insanları zəhmətdən, torpaqdan, istehsaldan ayırıblar.

İndi “dövlət baba” gəlsin, ancaq yalnız cəza aləti kimi yox, həm də əltutan kimi!

Elçin Zahiroğlu
Bakupost.az

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi