olkepress.com
olkepress.com

İran Azərbaycan üçün böyük təhlükədir

1-10-2019, 08:36

 İran Azərbaycan üçün böyük təhlükədirTehranın nüvə silahı təhlükəsinin qarşısını vaxtında almaq lazımdır

İranın nüvə ererjisi proqramından nüvə silahının hazırlanması üçün istifadə etdiyi ilə bağlı şübhələr BMT, ABŞ və Avropa İttifaqını bu ölkəyə qarşı sanksiyalar tətbiq etməyə vadar edib. Bu qüvvələr İranı həssas nüvə fəaliyyətindən geri döndərməyə çalışırlar.

İran həmişə nüvə proqramının sülhpərvər olduğunu iddia edib. 2015-ci ildə bu ölkə ilə ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya arasında saziş imzalanıb.
Sazişə görə nüvə silahlarının hazırlanması üçün istifadə edilən uranın zənginləşdirilməsi məhdudlaşdırılmalı; bomba hazırlamaq üçün əlverişli olan plutoniumun olduğu ağır-su reaktoru yenidən dizayn edilməli; və bu prosesə daim beynəlxalq nəzarət həyata keçirilməli idi.

Əvəzində isə sanksiyalar aradan qaldırılıb və İran hökumətinin əsas gəlir mənbəyi olan neft ixracatına icazə verilib.

ABŞ prezidenti Donald Tramp administrasiyası isə 2018-ci ildə sazişi tərk edərək sanksiyaları bərpa edib. Noyabr ayında İranın neft və maliyyə sektorlarını hədəf alan sanksiyalar tətbiq edilməyə başlayıb.

Bu isə öz növbəsində İranda iqtisadi böhrana və güclü inflyasiyaya səbəb olub.

İran isə buna cavab olaraq razılaşma ilə nəzərdə tutulmuş öhdəliklərindən imtina etməyə başlayıb.

Sazişə imza atan digər beş ölkə 60 gün ərzində İranın neft satışını ABŞ sanksiyalarından qorumaq qərarına gəliblər.

Əks halda İran uranın zənginləşdirilməsi məhdudiyyətlərini aradan qaldıra və ağır-su reaktorunun yenidən qurulmasını dayandıra bilər.
Mayın 9-da Avropa İttifaqı, Britaniya, Fransa və Almaniya bəzi öhdəliklərindən imtina edəcəyi barədə Tehranda səslənən bəyanatın "dərin narahatlıq" doğurduğunu bildiriblər.

"Biz İranı Birgə Əhatəli Fəaliyyət Planı (BƏFP) üzrə öhdəliklərini, indiyədək olduğu kimi, tam şəkildə yerinə yetirməkdə davam etməyə və gərginliyi artıran hər hansı addımdan çəkinməyə səsləyirik".

Tramp sazişin yenidən müzakirə edilməsini və onun daha da genişləndirilməsini istəyir.
Məqsəd isə İranın ballistik raket proqramını və Yaxın Şərqdəki münaqişədə iştirakını məhdudlaşdırmaqdır.
İran isə israr edir ki, razılaşma yenidən müzakirə edilə bilməz.

2018-ci ilin may ayından tərəflər - ABŞ-İran arasında yaranan gərginlik müharibə təhlükəsini kəskin şəkildə yüksəldib. Fars körfəzi müharibənin başlaya biləcyi ünvandır. İran isə dünyaya meydan oxumaqla ona qarşı çıxa biləcək hər bir qüvvəni məhv etməyə hjzır olduğunu bəyanlayıb. Səudiyyə Ərəbistanının iki neft obyektinə İranın hücum etdiyi də söylənilir.

ABŞ dövlət katibi Maykl Pompeo Səudiyyə Ərəbistanının iki neft obyektinə dronlar vasitəsiylə edilmiş dağıdıcı hücumun arxasında İranın durduğunu söylədikdən sonra İran ABŞ-ı "təhrifdə" ittiham edib.

İran prezidenti Həsən Ruhani deyib ki, xarici qüvvələr bu bölgəyə həmişə "ağrı və səfalət gətirib" və "silah yarışında" onlardan istifadə olunmamalıdılr.
ABŞ, Səudiyyənin neft obyektlərinə edilən hücumlardan sonra Səudiyyə Ərəbistanına daha çox əsgəri qüvvə göndərdiyini bildirib.
Səudiyyə Ərəbistanı və ABŞ bu hücumlara görə İranı günahlandırıb.
Pentaqon elan edib ki, Səudiyyənin xahişinə cavab olaraq, Səudiyyə Ərəbistanına çoxsaylı olmayan qüvvələr yerləşdiriləcək və əsas diqqət havadan və raket hücumundan müdafiə sistemlərinə veriləcək.

ABŞ Müdafiə naziri Mark Esper deyib: "Hərbi texnikanın çatdırılmasını da sürətləndirmək üçün çalışacağıq."

Bu xəbər Tehran hərbiyyəsinin ABŞ tərəfindən terror təşkilat sayılan İran İnqilab Keşikçiləri Korpusundan sərt reaksiya ilə qarşılanıb.
"Kim öz ərazisini döyüş meydanına çevirmək istəyirsə, buyursun. Amma ehtiyatlı olun, məhdud bir təcavüzə cavab məhdud olmayacaq. Hər hansı bir təcavüzkarı təqib edəcəyik", - Korpusun komandiri general Hüseyn Salami deyib.

ABŞ başda olmaqla onun müttəfiqləri ilə İran arasında nüvə “dartışmas”ının Azərbaycana nə kimi təsirləri ola bilər. İranın nüvə silahı əldə etməsi Cənubi Qafqaza, xüsusən də Azərbaycana hansı təhlükələr yarada bilər?

Avrasiya.net xəbər verir ki, “Xalq Cəbhəsi” bu suallarlabir neçə ekspertə müraciət edib.

Fars şovnizmi erməni şovnizmi ilə eynidir

Politoloq Məhəmməd Əsədullazadə:

- İran ətrafında baş verənlər yeni müharibənin başlanmasına gətirməsə də, bu ölkənin izolyasiya edilməsi mütləqdi: “Çünki, İranın əsas məqsədi regionda söz sahibi olmaq, “İran inqilabı”nı digər ölkələrə ixrac etməkdir. Məhz Tehranın hazırkı siyasəti vaxtı ilə SSR-nin yürütdüyü "kommunizin ixracı" siyasəti ilə eynidi. Bu inqilab xalqların deqredadsiyasına, inkişafdan geri qalmasına gətirir. Bu nöqteyi nəzərdən bu ölkənin nüvə silahına malik olması, təhlükəli tendensiyadır. Hazırda İranın Yaxın Şərqdə apardığı vəkalət müharibəsi göstərir ki, Tehran heç də sülh və təhlükəsizliyin qarantı ola bilməz. Belə bir ölkənin nüvə silahına malik olması dəhşətli nəticələrə gətirə bilər. Bu region üçün fəlakət və xalqların potensial mənəvi-mədəni və məzhəbsəl hücuma məruz qalmasıdır. İran bir neçə məsələyə görə, Cənubi Qafqaz siyasətində bir qədər yumuşaq gücdən istifadə edir. Məhz Rusiyaya faktorunu nəzərə alan Tehran Cənubi Qafqazda fəal deyil. Əgər, Tehran nüvə silahı əldə edərsə, ölkəmiz yeni bir təhlükə ilə üz-üzə qalacaq. Fars şovnizmi Azərbaycana açıq şəkildə təzyiqlər artıra bilər. Məzhəb məsləsindən istifadə edib, daxili təhlükəsizliyimi təhdid edər. Bizi açıq şəkildə Qarabağdan imtinaya səsləyər. Fars şovnizmi erməni şovnizmi ilə eynidir. Son dərəcə İranın siyasəti təhlükəlidir. Qeyd edim ki, ABŞ-ın İrana qarşı sanksiyaları və nüvə silahından çəkindirməyi region ölkələrinin təhlükəsizliyinin maraqlarınadır. Azərbaycan təbii ki, ABŞ-ın bu istiqamətdə siyasətinə ardıcıl dəstək verməlidir.

İran Azərbaycan üçün böyük təhlükədir

İsveçdə fəaliyyət göstərən Bütöv Azərbaycan Təşkilatının başkanı Teymur Eminbəyli:

- İranın nüvə silahı əldə etməsi nəinki Azərbaycan, hətta Türkiyə və digər ölkələr üçün cox böyük təhlükə ola bilər. İran şovinist hakimiyyətinin orada yaşayan Azərbaycan türklərinə münasibəti göz önündədir. İran hələ də Azərbaycanın müstəqilliyini qəbul edə bilmir və Azərbaycan torpaqlarının işğal edilməsində əlindən gələni edib və işğalda saxlanılması üçün düşmən Ermənistana hərtərəfli yardımını davam etdirir. Belə olan halda bu ölkənin nüvə silahı əldə etməsi, təbii ki, Azərbaycan üçün böyük təhlükədir. Belə bir təhlükənin qarşını vaxtında almaq lazımdır.

İranın nüvə oyunu Qərbin mətbəxində hazılanıb

Güney Azərbaycan Konqresinin birinci məsulu Abdulla Amir Haşimi Cavanşir:

- Allah o, günü göstərməsin ki, İran nüvə silahına malik olsun. Tək Azərbaycan yox, bəlkə bu gün İran üçün özünü həlak edən Türkiyə birinci ziyana düşəcək. İran nüvə silahı ilə özünü siğortalayıb, orta doğuda “Burada mənəm, Bağdadda kor Xəlifə” prinsipi ilə dünyanı xaraba qoyacaq. Siz fikirləşməyin ki, SSSR-də nüvə silahı var idi, amma Azərbaycan azadliq qazandığı kimi Güneylilərdə qazana bilər. Əsla! Dünyanın bir hissəsi istəyir ki, İranın nüvə silahı olsun və İranın əli ilə musəlman dünyasını, öncə Türk dünyasını çökdürsün. Əslində İranın nüvə oyunu Qərbin mətbəxində hazılanıb və bizə sırınıb. Elə bundan irəli gəlib ki, bəzi müsəlman ölkələri gələcəkdə İrandan qorunmaq üçün hər il Qərbdən 500 milyard dollarlıq silah alır. Siz elə bilirsiz ki, Trampın və yaxud Ruhaninin bəyanatları həqiqəti əks etdirir? Həqiqətən də bu ölkələr nüvə məsələsində bir-birinə düşmən kəsilib, müharibə etmək haqqında fikirləşirlər? Bunların hamısı bir oyundur. İran ABŞ-ın cızdığı ssenari ilə hərəkət edir, Tehran Vaşinqtonun oyunçusudur. Nüvə məsələsini ortaya atmaqla başqa dövlətləri oyuna qoşmaq, silha satıb gəlirəldə etmək, neft qiyməti üzərində oyunlar aparmaq və s. Biri o birinin savaşı ilə oynayır, başqalarını da öz xeyirləri üçün oyuna salırlar. ABŞ-İran müharibəsi olmayacaq. Misir, İraq, Liviya, Yəmən, Əfqanıstan müharibələrinə nəzər salın, ABŞ Yaxın Şərqdə ölkələri qarışdırıb. Bəs nədən İranın nüvə məsələsi illərdir uzanır? Məsələ burdadır ki, İranla ABŞ-ın birgə planı savaş pərdəsinin altında gedir.

Rəsmi Tehran Azərbaycanın maraqlarına təhdiddir

Qafqaz strateji araşdırmalar və beynəlxalq münasibətlər mərkəzinin eksperti Kamran Sultanlı:

- Nüvə silahı dünya üçün nə qədər təhlükəli görünsə də, onu əldə edən dövlət ucun təhlükəsizlik imkanlarını artırır. Artıq həmin dövlətə başqa dövlətlər müdaxilə etməkdən çəkinir. Pakistanin bu gün nuvə silahı olmasaydı bəlkə də vəziyyəti daha təhlükəli olardı.İranin nüvə silahı əldə etməsinə ABŞ və İsrailin icazə verəcəyinə inanmıram. Həmçinin əgər İran nüvə silahı əldə etsə, bu regionda nüvə yarışını daha da artırmış olar ki, bu da əlavə gərginlikdir. Azərbaycan xarici siyasətində sülh və təhlükəsizliyi əsas götürür. İran nüvə silahı əldə edərsə Cənubi Qafqaz istiqamətində gücünü daha da artırmış olacaq ki, bu da bizim təhlükəsizliyimiz və maraqlarımıza ziddir. İslam coğrafiyasında liderlik uğrunda yarış gedir, bu yarışda Pakistan nüvə silahına malik olsa da, onun İslam dünyasına liderlik imkanları məhduddur. Bu imkana ən çox sahib olan ölkələr Türkiyə və İrandır. Səudiyyə də buna cəhd edir. İran nüvə silahı əldə etsə İslam coğrafiyasinda böyük gücə çevrilər bu isə Azərbaycan maraqları və regional təhlükəsizlik baxımından bizim üçün təhdiddir.

Cavid


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi