olkepress.com
olkepress.com

Qarabağa gedən yolda daha bir önəmli platforma - ŞƏRH

28-10-2019, 11:44

Qarabağa gedən yolda daha bir önəmli platforma - ŞƏRHQoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının Bakıda keçirilən 18-ci Zirvə Görüşündə quruma sədrlik Venesueladan Azərbaycana keçdi.

Sammitin Bakıda keçirilməsi Azərbaycan və region üçün önəmli hadisədir. Bu dəfə də Bakı dünya siyasi gündəminin episentrində dayandı.
Qoşulmama Hərəkatı “soyuq müharibə” dövründə hər hansı siyasi-hərbi bloklara qoşulmayan dövlətləri bir araya gətirən orqan idi.
Hərəkat SSRİ-nin dağılmasından sonra yaranan yeni dünya düzənində aktuallığını və beynəlxalq münasibətlərə təsir imkanlarını qoruyub-saxlaya bilib. Qoşulmama Hərəkatının əsas hərəkətverici qüvvəsi “Bandunq prinsipləri”dir. Hərəkatın üzvü olan hər bir dövlət məhz bu prinsiplərə bağlı olduğunu bildirməlidir.
Qoşulmama Hərəkatına 120 dövlət üzvdür. Bununla yanaşı, qurumda Birləşmiş Millətlər Təşkilatı, Afrika İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı kimi dünyanın 10 beynəlxalq nüfuzlu təsisatı, əlavə olaraq müşahidəçi statusu ilə 17 dövlət iştirak edir.
Bu isə təşkilatın çox ciddi və qlobal əhəmiyyət daşıyan əməkdaşlıq platforması olduğundan xəbər verir.
Təşkilatın daimi orqanı və mənzil qərargahı yoxdur. Hərəkat BMT Mənzil qərargahında yerləşən Əlaqələndirici Büro vasitəsilə təşkilatın sədri və üzv dövlətlərin nümayəndəlikləri tərəfindən idarə olunur.
Büro Hərəkatın daimi əsasda fəaliyyət göstərən və təşkilatdaxili əlaqələndirmə işlərini tənzimləyən əsas orqanıdır.
Büro vasitəsilə Hərəkat öz üzvlərinin BMT orqanlarında vahid mövqedən çıxış etməsini əlaqələndirir. Büroya rəhbərliyi təşkilatın sədri olan dövlətin BMT yanında daimi nümayəndəsi həyata keçirir.
Sədr dövlət BMT yanında daimi nümayəndəliyi vasitəsilə Hərəkatın Bürosuna rəhbərliyi və sədrliklə bağlı digər vəzifələri icra edir.
Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.
Azərbaycan Hərəkata sədrliyi dövründə öz prioritetlərini və fəaliyyətini tarixi “Bandunq prinsipləri” üzərində quracaq.
Bu barədə Bakıda keçirilən Zirvə Görüşündə çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Digər tərəfdən, Azərbaycanın əsas məqsədi Qoşulmama Hərəkatına inamı və bu qurumun rolunu artırmaqdan ibarətdir.
Prezident qeyd edib ki, bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq, qarşılıqlı maraqların qorunması, əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür.
Qoşulmama Hərəkatına üzv ölkələrin böyük əksəriyyəti inkişaf etməkdə olan dövlətlərdir. Azərbaycan sədrliyi dövründə iqtisadi, təhlükəsizlik sahəsində də əməkdaşlığa xüsusi önəm verəcək.
Azərbaycan güclü dövlətlər tərəfindən əhatə olunan qeyri-sabit geostrateji platformada yerləşir. Bununla belə, rəsmi Bakı tərəfsiz mövqeyini qoruyub-saxlamaqla bir tərəfdən müstəqilliyini və suverenliyini təmin etmiş olur, digər tərəfdən, dünya siyasəti müstəvisində neytral mövqeli və sülhməramlı dövlət kimi söz demək haqqı qazanır.

Qarabağa gedən yolda daha bir önəmli platforma - ŞƏRH


Azərbaycan Zirvə Görüşündə bir daha dünyaya mesaj verdi ki, sülhün, qarşılıqlı əməkdaşlığın tərəfdarıdır. Qoşulmama Hərəkatı Azərbaycana Ermənistanı ifşa etmək üçün də əlavə platforma verir.
Prezident İlham Əliyev sammitdə Dağlıq Qarabağ münaqişəsindən də söz açaraq bildirib ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı davam etdirilir.
Ölkə başçısı Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində bütün tarixi abidələri, məscidləri, məzarlıqları dağıtdığını, muzeylər və maddi-mənəvi sərvətlərimizin talan etdiyini xatırladıb.
“Ermənistan məqsədli surətdə işğal olunmuş ərazilərdə Azərbaycan izini itirməyə çalışaraq bütün toponimləri erməniləşdirir. Ermənistan, həmçinin, işğal olunmuş ərazilərdə beynəlxalq humanitar hüquqa zidd olaraq qeyri-qanuni məskunlaşdırma siyasəti aparır və qanunsuz iqtisadi fəaliyyətlə məşğul olur”, - deyə Prezident əlavə edib.
Qoşulmama Hərəkatının 2016-cı ildə Venesuelada keçirilən Sammitində qəbul edilmiş yekun sənəddə iştirakçı dövlətlər Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipi ilə həll edilməsinin zəruriliyini göstərib. Eyni zamanda, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməsinə çağırıblar.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin analizində bildirilib ki, Azərbaycan daxili və xarici siyasətində beynəlxalq sülh təşkilatları, forumlarının prinsiplərinə layiqincə riayət edib. Təhlildə qeyd olunub ki, rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycanın ərazi bütövlüyü prinsipləri çərçivəsində həlli üçün daha çox tərəfdar toplamağa müvəffəq ola bilər.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi