İlham Əliyev və xanımı dövlət və hökumət başçılarının şərəfinə verilən rəsmi ziyafətdə - FOTO
Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının, nümayəndə heyətlərinin rəhbərlərinin şərəfinə rəsmi ziyafət verilib.
Ölkəpress.com verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ziyafətdə iştirak ediblər.
Dövlətimizin başçısı rəsmi ziyafətdə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
-Hörmətli dövlət və hökumət başçıları.
Hörmətli qonaqlar.
Xanımlar və cənablar.
Mən sizin hamınızı bir daha salamlayır, “Azərbaycana xoş gəlmisiniz!” deyirəm.
Zirvə Görüşümüzün birinci günü başa çatır. Sabah işimizi davam etdirəcəyik. Hərəkata üçillik sədrlik səlahiyyətlərinin yekdilliklə Azərbaycana verilməsinə görə bütün üzv dövlətlərə təşəkkürümü bildirirəm.
Azərbaycan öz prioritetlərini tarixi Bandunq prinsipləri üzərində quracaqdır. Məqsədimiz üzv dövlətlərlə birgə Qoşulmama Hərəkatının beynəlxalq münasibətlər sistemindəki rolunu və nüfuzunu daha da yüksəltmək, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, dayanıqlı inkişafa və ədalətin təmin olunmasına töhfələr verməkdir.
Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasəti ilə üst-üstə düşür.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Qoşulmama Hərəkatının sənədlərində əks olunan, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərarlara görə təşəkkürümü bildirirəm. Biz bu dəstəyi yüksək qiymətləndiririk.
Ölkəmizin Hərəkata sədrliyi dövründə üzv dövlətlər arasında həmrəylik və qarşılıqlı dəstək münasibətlərinin təşviqi prioritetimiz olacaqdır. Biz, həmçinin üzv ölkələr arasında mövcud olan məsələlərin, yarana biləcək problemlərin həllinə kömək göstərməyə çalışacağıq.
BMT Baş Assambleyasından sonra üzv dövlətlərin sayına görə ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatının bu iki gün ərzində - bu gün və sabah Bakıda keçirilən Zirvə Görüşü dünya miqyasında ən önəmli hadisədir.
Ümid edirəm ki, nümayəndə heyətlərinin üzvləri imkan tapıb paytaxt Bakı ilə tanış olacaqlar. Bakı dünyanın ən qədim şəhərlərindən biridir. Ən azı 20 min il tarixi olan Qobustan petroqlifləri, VI əsrə aid olan Qız qalası, XII əsrdə inşa edilmiş İçərişəhər, Qala divarları və Şirvanşahlar Sarayı kimi abidələrimiz UNESKO-nun Ümumdünya İrs Siyahısına daxildir. Üç ay bundan əvvəl Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında qədim Azərbaycan şəhəri olan Şəkinin tarixi mərkəzi və Şəki Xan Sarayı Ümumdünya İrs Siyahısına daxil edilmişdir.
Azərbaycan qədim tarixə, zəngin mədəniyyətə malikdir. Ölkəmizdə mövcud olan tarixi abidələr bunu əyani şəkildə təsdiq edir. Azərbaycan ərazisində eramızdan əvvəl birinci əsrdə yaradılmış və böyük bir ərazini əhatə etmiş Qafqaz Albaniyasına aid çoxlu tarixi abidələrimiz mövcuddur. Belə abidələrdən biri də Şəki rayonunun Kiş kəndindəki alban məbədidir.
On üç əsr bundan əvvəl, 743-cü ildə inşa olunmuş Şamaxı Cümə Məscidi Qafqazda və Yaxın Şərqdə ən qədim məscidlərdən biridir. Zaman-zaman təbii fəlakətlərdən və qəsdlərdən zərər çəkmiş bu qədim məsciddə sonuncu dəfə mənim Sərəncamımla əsaslı təmir və bərpa işləri aparılmış, 2013-cü ildə məscidin açılışı olmuşdur. Bakı yaxınlığında atəşpərəstliyin erkən orta əsrlərə aid Atəşgah məbədi mövcuddur. Bizim dini və etnik müxtəlifliyimiz böyük sərvətimizdir. Bu il biz qədim Şamaxı şəhərində dünyaya gəlmiş böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyini qeyd edirik. Mənim Sərəncamımla 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan olunmuşdur. Azərbaycan dünya mədəniyyətinə Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, böyük sərkərdə və şair Şah İsmayıl Xətai və digər dühalar bəxş etmişdir. Onların əsərləri dünya ədəbiyyatının inciləri sırasına daxildir.
Bakı şəhəri müntəzəm olaraq sanballı beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bunların sırasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu, Dünya Dini Liderlərinin Forumunu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunu qeyd etmək olar. 2008-ci ildən bizim təşəbbüsümüzlə həyata keçirilən “Bakı Prosesi” və onun məntiqi davamı olaraq təsis edilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal platforma kimi BMT Baş Assambleyasının qətnamələri ilə dəstəklənir. Gələn ay isə ölkəmizdə Dünya Dini Liderlərinin II Sammiti keçiriləcəkdir. 2015-ci ildə Azərbaycanda keçirilmiş birinci Avropa Oyunlarında, 2017-ci ildə ölkəmizdə təşkil olunmuş IV İslam Həmrəyliyi Oyunlarında ümumilikdə Avropa və müsəlman dünyasını təmsil edən 104 ölkədən idmançılar iştirak etmişlər. Söz düşmüşkən, Azərbaycan komanda hesabında Avropa Oyunlarında ikinci yeri, İslam Həmrəyliyi Oyunlarında isə birinci yeri tutmuşdur. İdman Azərbaycanın dövlət siyasətini təşkil edir. Rioda keçirilmiş son yay Olimpiya Oyunlarında ölkəmiz qazanılan medalların sayına görə dünyada 14-cü, Avropa ölkələri arasında 7-ci, müsəlman aləmində isə 1-ci yeri tutmuşdur. Onu da deyim ki, hər il Bakı şəhəri 500 milyon tamaşaçısı olan Formula 1 yarışlarına da ev sahibliyi edir.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Bizim tarixi abidələrimizlə yanaşı, gözəl təbiətimiz, mülayim iqlimimiz, zəngin mətbəximiz və ən əsası isə qonaqpərvər xalqımız var. Müasir infrastruktura malik Bakı şəhəri isə dünyanın ən gözəl və təhlükəsiz şəhərlərindən biridir. Ümid edirəm ki, nümayəndə heyətləri buradan ən xoş təəssüratlarla ayrılaraq Bakıya bir daha qayıtmaq istəyəcəklər. İnanıram ki, Bakı haqqında qəlbinizdə daim xoş xatirələr qalacaqdır.
Sağ olun.
Rəsmi ziyafət konsert proqramı ilə davam edib.