olkepress.com
olkepress.com

Azərbaycana idxal olunacaq AstraZeneca vaksini risklidirmi? - VİDEO

15-04-2021, 11:26

Azərbaycana idxal olunacaq AstraZeneca vaksini risklidirmi? - VİDEOSon günlərdə Almaniya, Fransa, İtaliya, Hollandiya və bəzi digər Avropanın bir sıra aparıcı dövlətləri Britaniyanın kəşf etdiyi və İsveçrənin AstraZeneca şirkəti tərəfindən istehsal olunan Oxford/AstraZeneca və ya daha qısa adla tanınan AstraZeneca peyvəndindən istifadəni dayandırıb. Bundan bir qədər əvvəl isə Azərbaycan bu vaksinin 432 min dozasının idxalı haqqında qərar qəbul edib. AstraZeneca-nın faydası və riskləri barədə nə məlumdur?

Fəsadlar

Belə addımın atılmasına AstraZeneca ilə vaksinasiya olunan bəzi şəxslərdə narahatedici fəsadların yaranması, bəzi hallarda isə hətta ölümlə nəticələnən fəsadların yaranması barədə xəbərlər olub.

Misal üçün, Almaniyada peyvənd olunanlar arasında yeddi nəfərin serebral damar trombozuna tutulduğu aşkar olunub və onlardan üçü ölüb. Avstriyada isə 49 yaşlı bir tibb bacısında peyvənd olunduqdan 10 gün sonra qan laxtalanması başlayıb və nəticədə həmin tibb bacısı ölüb, onun 35 yaşlı həmkarı isə ağciyər emboliyası xəstəliyinə tutulub.

AstraZeneca peyvəndinin fəsadları ilə bağlı xəbərləri xüsusi həssaslıqla izləyən ölkələr arasında, çox güman ki, Azərbaycan da yer alacaq.

Avropa dayandırır, Azərbaycan idxal edir

İş orasındadır ki, adı çəkilmiş Avropa ölkələrində AstraZeneca-nın istifadəsinə fasilə elan olunmasından cəmi bir neçə gün əvvəl, martın 11-də Azərbaycan höküməti yaxın 6 ay ərzində "AztraZeneca" şirkətinə məxsus 432000 doza COVID-19 vaksin dərman vasitəsini ölkəyə idxal etmək qərarına gəlib.

Görəsən, bu addımı yerli mütəxəssislər necə qiymətləndirir, Avropanın şübhə ilə yanaşdığı AstraZeneca Azərbaycanda nüfuzunu bərpa edə biləcəkmi?

Biologiya üzrə fəlsəfə doktoru, kliniki diaqnostik laboratoriya rəhbəri Arif Yusifov AstraZeneca ətrafında qalmaqalın Avropada bir qədər şişirdildiyi qənaətindədir və bu cür halın səbəblərindən biri də "Britaniya ilə Avropanın qalan hissəsi arasında vaksinlər məsələsində rəqabətin müşahidə olunmasıdır,"- o qeyd edr.

"Avropanın özündə də peyvəndlərin, o cümlədən AstraZeneca-nın qıtlığı müşahidə olunur," - Yusifov deyir.

Onun fikrincə, AstraZeneca-nın tromboza gətirib çıxarması barədə xəbərlərə kritik yanaşmaq lazımdır.

Faydası və riskləri

"Söhbət milyonlarla doza vaksinin tətbiqindən gedir. Milyonlarla insan hətta aspirin həbi qəbul etsələr belə, statistikaya görə, onların arasında kimsə ürəktutmaya, kimsə tromboza, kimsə də digər xəstəliklərə tutulub ölə bilər. Bütün bu ölüm hallarını vaksinin ayağına bağlamaq düzgün deyil," - alim hesab edir.

Arif Yusifov xatırladıb ki, Avropada Covid-19 əleyhinə vaksinasiya kampaniyaları ilk növbədə yüksək risk qrupuna aid edilən yaşlı nəsil arasında aparılıb, "yaşlı insanlar isə digər yaş qruplarına nisbətən müxtəlif xəstəliklərə daha yüksək faizlə meyillidirlər".

Onun sözlərinə görə, koronavirus infeksiyasının qanın laxtalanmasına, trombozlara gətirib çıxarmasına dair müxtəlif nəzəriyyələr mövcud olsa da, bu cür hallar, bir qayda olaraq, ağır formada keçən koronavirus xəstəliyinə aiddir.

"Tromb ayrı, mikrotromb ayrı"

"Sohbət Covid-19-un məhz xəstəlik fazasından gedir, yüksək temperatur, agciyərin zədələnməsi ilə müşayiət olunan ağır xəstəlikdən - yoluxmadan yox . Bu cür keçən xəstəlik son nəticədə qanın laxtalanma parametrlərinin dəyişməsinə gətirib çıxarır, trombositlərin bir-birinə yapışması, birləşməsi baş verir, bu isə mikrotrombların əmələ gəlməsinə və alveollarda, yəni ağciyərdəki kapilyarlarda tıxacların əmələ gəlməsinə səbəb olur. Nəticədə ağciyər çatışmazlığı yaranır və bu, fəsadlar verən başqa xəstəliklərlə də müşayiət olunur. Lakin bu zaman tromboza və ya infarkta, ağciyər tromboemboliyasına və digər bu kimi xəstəliklərə səbəb olan iri ölçülü tromblar əmələ gəlmir. Yəni söhbət kapilyarlarda yarana bilən mikrotromblardan gedir".

"AstraZeneca ilə bağlı yayılmış xəbərlərdə isə iri damarlarda trombun yaranmasından söhbət gedir və həmin xəstələr əslində koronavirus xəstəliyinə heç tutulmayıb da. Onlarda yalnız koronavirusa qarşı anticisimlər əmələ gəlməli idi və həmin anticisimlərin əmələ gəlib-gəlmədiyi isə məlum deyil, - Arif Yusifov vurğulayıb. - Odur ki, mən bu cür xəbərlərə skeptik yanaşıram".

Azərbaycanlı mikrobioloq xatırladıb ki, insana istənilən vaksin yeganə məqsədlə vurulur - xəstəliyə qarşı orqanizmdə immunitet yaratmaq üçün: "Buna anticimlər yaratmaq yolu ilə və digər mexanizmləri işə salmaqla nail olunur".

"Bütün vaksinlər bir məqsədlə vurulur"

"Yəni bütün vaksinlərin son hədəfi eynidir, yalnız buna nail olmağın üsulları biraz fərqlənir. Odur ki, hansısa vaksinin fəsadlar verməsi, digərlərinin isə fəsadsiz olması az ehtimallıdır".

Arif Yusifov xatırladıb ki, Pfizer peyvəndi ABŞ-da və İsraildə təzə tətbiq olunmağa başlayanda da kiminsə öldüyü, kiminsə halının pisləşdiyi barədə xəbərlər çıxmışdı. "Lakin bütün bu cür halların vaksinə görə baş verdiyini iddia etmək üçün heç bir əsas yoxdur," - həkim hesab edir.

Mütəxəssisin qənaətinə görə, "ümumilikdə götürəndə, 20-30 milyon vaksinləşmiş insanlardan 20-30 nəfərin hətta bu səbəbdən ölməsi sübut olunsa belə, vaksinasiya nəticəsində on milyonlarla insanın bu xəstəliyə tutulmayacağı faktı tərəzinin gözünü həmişə vaksinasiya olunmağın xeyrinə əyəcək".

"Vaksinasiya keçirilməsə, koronavirusdan ölənlərin sayı kəskin arta bilər - bu halda söhbət onminlərlə insanın həyatından gedə bilər," - mikrobioloq vurğulayıb.

"Aydındır ki, fəsadların və ölüm hallarının vaksinlə birbaşa bağlı olması sübuta yetsə belə, cəmiyyətin ümumi maraqları vaksinasiyanın davamını tələb edəcək".

Yusifov hesab edir ki, hələlik dünya bazarında nüfuz qazanmış vaksinlərin bir-biri ilə müqayisə etmək, hansının daha effektiv olduğunun müəyyənləşdirilməsi vaxtı yetişməyib: "Bunun üçün təxminən bir il vaxt keçməlidir. İndiyə qədər aparılan sınaqlar tələsik rejimdə keçirilib və əsas məqsəd vaksinin tez bir zamanda tətbiqinə başlamaq olub".

"İndiki bütün vaksinlər, o cümlədən AstraZeneca, Moderna, Pfizer, Rusiyanın Sputnik, Çinin Sinovac vaksinləri o və ya bu dərəcədə öz səmərəliyini göstərib," - deyən mütəxəssis son zamanlarda Rusiyanın Sputnik vaksinin sürətlə ön cərgələrə çıxmasını da qeyd edib.

Yeri gəlmişkən, Azərbaycan höküməti 11 mart tarixli sərəncamı ilə AstraZeneca ilə yanaşı yaxın 6 ay ərzində ölkəyə 300 min doza Rusiya istehsalı olan Sputnik V peyvəndinin də idxalı barədə qərar verib.

Bu iki vaksinin ölkəyə paralel idxalı istər-istəməz, yaddaşlarda Sputnik V və AstraZeneca vaksinlərinin ölkə ərazisində birgə tətbiqinin tədqiqatına dair fevralın 9-da Azərbaycanın icazə verməsi faktını da təzələmiş olur.

Görəsən, Azərbaycanda həmin sınaqlara başlanılıbmı?

"Məlumat qıtlığı"

Hər halda fevralın 20-də Sputnik V peyvəndinin müəllifləri belə sınaqlara start verildiyini bəyan etmişdilər, amma həmin xəbəri yayan Rusiyanın TASS agentliyi ölkələrdən hansında bunun baş verdiyi haqqında bir məlumat verməmişdi.

Səhiyyə Nazirliyinin məlumatında dünyada ilk ölkə olaraq, Azərbaycanın bu cür tədqiqata icazə verdiyini vurğulamışdı.

Həmin məlumatda kliniki sınaqların fevral ayının sonunadək başlayacağı qeyd olunmuşdu.

"Tədqiqat proqramı bir neçə ölkənin ərazisində 6 ay davam edəcək. Bu tədqiqatların aparılmasına hər bir ölkədən 100 könüllünün cəlb edilməsi planlaşdırılır," - Azərbaycan Səhiyyə Nazirliyinin məlumatında deyilib.

Sputnik V və AstraZeneca vaksinlərinin birgə tətbiqinin sınağı barədə razılıq Rusiyanın Qamaleya adına Mərkəzi, RDIF Rusiya investisiya fondu, AstraZeneca şirkəti və Rusiyanın R-Pharm şirkəti tərəfindən dekabrın ortalarında elan olunub.

Bundan əvvəl RDIF rəhbəri Kirill Dmitriyev Rusiyanın Sputnik V peyvəndinin AstraZeneca peyvəndi ilə birgə tətbiqinin klinik sınaqlarının Azərbaycanda və Birləşmiş Ərəb Əmirliklərində, daha sonra Səudiyyə Ərəbistanında başlayacağını bildirmişdi.

"Təəsüf ki, bu sınaqlarla bağlı Azərbaycana aid məlumat bazası hazırda elə də geniş deyil, - Arif Yusifov deyib. - Məndə olan məlumata görə, AstraZeneca-nın Azərbaycanda tətbiqinə başlanmasına dair hələlik ictimaiyyət üçün açıq olan heç bir məlumat yoxdur".

Arif Yusifovun sözlərinə görə, Azərbaycanda hələlik yalnız Çinin Sinovac vaksini tətbiq olunur.

Bu arada isə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a qarşı Astrazeneca peyvəndindən davamlı olaraq istifadə etməyi tövsiyə edib.

ÜST: AstraZeneca-nın faydaları riskləri üstələyir
"ÜST AstraZeneca peyvəndinin faydalarının riskləri üstələdiyini hesab edir və peyvəndin tətbiqinin davam etdirilməsini tövsiyə edir," - təşkilatın martın 17-də açıqladığı bəyanatında deyilib.

Bəyanatda, eləcə də qeyd olunub ki, ÜST-nın peyvənd təhlükəsizliyini qiymətləndirmə komitəsi AstraZeneca vaksini ilə bağlı son məlumatları diqqətlə nəzərdən keçirir və bu proses tamamlandıqdan sonra nəticələri ictimaiyyətə açıqlanacaq.

Trombozların yaranmasına gəlincə isə, ÜST bunun nadir hal olmadığını və ürək-damar xəstəliklərindən sonra sayca üçüncü ən çox rast gəlinən xəstəliyin məhz venoz tromboembolizmin olduğunu vurğulayıb.

Bununla yanaşı, Avropa Dərman Preparatları Agentliyinin (EMA) icraçı direktoru Emer Cook da AstraZeneca peyvəndinin faydalarının onunla bağlı bütün riskləri üstələdiyini söylədi.

AstraZeneca şirkətinə görə, bu günədək Aİ və Britaniyada 17 milyon insana COVID-19-a qarşı məhz bu peyvənd vurulub.

Hələlik, ötən həftəyə olan məlumatlara əsasən, AstraZeneca ilə vaksinlənmiş insanlardan yalnız 40-da trom yaranması halları müşahidə olunub.

Vaksin "Vaccitech" şirkəti ilə birlikdə Oxford Universiteti tərəfindən işlənilərək hazırlanıb.

Oxford peyvəndi şimpanzeləri yoluxdurmaq üçün istifadə olunan genetik cəhətdən dəyişdirilmiş ümumi soyuqdəymə virusudur. Aparılan genişmiqyaslı sınaqlar göstərib ki, o, Covid-19 simptomlarının inkişaf etdiyi insanlarda xəstəliyi dayandırmaqda yüksək dərəcədə təsirlidir.

Bəzi məlumatlar onun 70 faiz effektiv olduğunu bildirsə də, tədqiqatçılar peyvəndi təkmilləşdirməklə bu rəqəmin 90 faizə qədər çatdırıla biləcəyini söyləyirlər.fed.az



ÖLKƏPRESS.COM


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi