“SOCAR Trading” qazdan elektrik enerjisinin hasil edilməsi üzrə layihələrdə fəaliyyətini genişləndirir
“SOCAR Trading” LNG-nin (mayeləşdirilmiş qaz) elektrik enerjisinə çevrilməsini təmin edəcək layihələrdə iştirakını şaxələndirəcək.
Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda şirkət təbii qazı quru yolu ilə əldə edə bilməyən ölkələri dəniz vasitəsilə LNG ilə təmin etməkdə maraqlıdır.
“Elektrik stansiyalarının təchizatı üçün istifadə olunan yanacaq növlərindən biri də təbii qazdır. Azərbaycanda elektrik enerjisinin böyük bir hissəsi təbii qazdan hasil edilir. Ölkəmizin təbii qaz hasilatı yüksək olduğundan öz qazımızı elektrik enerjisinin istehsalına yönəldirik. Azərbaycan qazı boru kəmərləri vasitəsilə digər ölkələrə nəql olunur. Biz hansısa ölkədən qaz idxal etmirik. Lakin, bəzi ölkələrin özünün qaz ehtiyatları yoxdur. Bəzilərinin isə quru ilə əlaqələri olmadığından (bu əsasən adalara aid ölkələr üçün səciyyəvidir) və ya digər ölkələr ilə birbaşa quru üzərindən kommunikasiya qura bilmədiklərindən boru kəmərləri vasitəsilə onlara qazın nəqli mümkün deyil. Həmçinin, məsafənin də uzaq olması qazın boru kəmərləri ilə deyil mayeləşdirilmiş halda (LNG) dəniz vasitəsilə nəql olunmasını labüd edir.
LNG maye qazdır və tankerlərlə müxtəlif ölkələrə dəniz vasitəsilə nəql edilir. Həmin ölkələrdə LNG yenidən mayedən qaz halına gətirilir və daha sonra elektrik enerjisinin istehsalı üçün istifadə olunur. Bundan əvvəl “SOCAR Trading” digər şirkətlərlə birgə Maltada qazdan elektrik enerjisinin alınması ilə bağlı layihə həyata keçirdi. Layihəyə əsasən Maltada elektrik enerjisinin istehsalı üçün elektrostansiya tikildi. Həmin elektrostansiya uzunmüddətli müqavilə əsasında “SOCAR Trading” tərəfindən qazla təmin edildi. İndi isə Şri-Lanka, Afrika və başqa ölkələrdə bu cür imkanlar var və bununla bağlı layihələr müzakirə olunur”.
İbrahim Əhmədov qeyd edib ki, “SOCAR Trading” zaman-zaman bu cür layihələrə maraq göstərir, çünki şirkət son illərdə LNG ticarətinin həcmini xeyli artırıb və dünyanın aparıcı LNG oyunçularından birinə çevrilib:
“Azərbaycandan LNG ixrac olunmur və bizim birbaşa okeanlara çıxışımız yoxdur. Bir çox treydinqlə məşğul olan şirkətlər müxtəlif ölkələrdən aldıqları məhsulları dünyanın fərqli yerlərinə satırlar və bununla da gəlir əldə edirlər. Biz də bu yolla əlavə gəlir əldə edirik. Düyanın bir çox ölkə və qitələri arasında istər üçüncü tərəflərin neft və neft məhsulları, istərsə də mayeləşdirilmiş qaz kimi məhsullarla ticarət əməliyyatları aparırıq. Burada bizim hər hansı bir uzunmüddətli tərəfdaşlıq və ya öhdəlik yarada biləcək layihədə iştirakımız da nəzərdən keçirilir. Buna görə də “SOCAR Trading” hansısa ölkədə elektrik stansiyasının tikilməsində ya paydaş, ya səhmdar, ya da təchizatçı qismində iştirak edə bilər. Bizim əlimizdə LNG ilə təchizat imkanı olduğuna görə bu kommersiya baxımından maraq kəsb edə bilər”.
Qeyd edək ki, “SOCAR Trading” LNG-dən elektrik enerjisi əldə edilməsində fəaliyyətini şaxələndirmək üçün artıq müəyyən qrup yaratdığını elan edib. Bununla da şirkət sektorun əsas oyunçusuna çevrilməyi hədəfləyir.
Xatırladaq ki, “SOCAR Trading” 2017-ci ildə Maltada LNG-nin elektrik enerjisinə çevrilməsini təmin edəcək layihədə iştirak etdi və bununla da inşa edilən elektrik stansiyasından öz kapital payını əldə edərək LNG təminatını həyata keçirdi.
ölkəpress.com