“Sabah” – “Neftçi” matçında iki penalti, dörd qırmızı vərəqə, dörd qol və hərəyə bir xal - VİDEO
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.
Ölkəpress.com xəbər verir ki, çempionluğa iddialı “Neftçi” “Sabah”ın qonağı olub.
“Bank Respublika Arena”dakı matçda qalib müəyyənləşməyib - 2:2.
Görüşdə hesabı 24-cü dəqiqədə Təmkin Xəlilzadənin penaltidən vurduğu qolla meydan sahibləri açıblar. Cəmi 6 dəqiqə sonra Ramil Şeydayev 2-ci topu qonaqların qapısından keçirib.
36-cı dəqiqədə Namik Ələskərov buraxılan qollardan birinin əvəzini çıxıb. İlk hissə bu hesabla başa çatıb.
58-ci dəqiqədə “Sabah” azlıqda qalıb. Bəhlul Mustafazadə Anton Krivotsyuka qarşı kobudluqdan sonra ikinci sarı vərəqə ilə meydandan qovulub. Təyin olunan penaltini dəqiq yerinə yetirən Ələskərov həm tarazlığı bərpa edib, həm də çempionatda qollarının sayını 18-ə çatdıraraq bombardirlik yarışında zirvədəki yerini möhkəmlədib.
66-cı dəqiqədə “Neftçi”nin yaponiyalı ulduz futbolçusu Keysuke Honda fərqlənsə də, baş hakim ofsayd səbəbindən qolu qeydə almayıb. “Sabah”ın heyətində 86-cı dəqiqədə Filip İvanoviç, 1 dəqiqə sonra isə Təmkin Xəlilzadə ikinci sarı vərəqə ilə meydanı tərk edib. Bundan əlavə, görüşün sonlarında “Sabah”ın məşqçisi Miloş Yevriç də ikinci sarı vərəqəni alaraq texniki zonadan qovulub.
Bu nəticədən sonra xallarını 47-yə çatdıran “Neftçi” ikinci pillədəki yerini qoruyub. “Sabah” isə 22 xalla yeddincidir.